Türkiyə-Azərbaycan təlimləri Ermənistanı ciddi təşvişə salıb
Tarix təkrarlanır. 102 il əvvəl Osmanlı imperiyasının Qafqaz İslam Ordusu yenicə qurulan Xalq Cümhuriyyətini qorumaq, gənc dövlətin ərazisini erməni-bolşevik ünsürlərindən təmizləmək üçün Azərbaycana gəlmişdi. Türkiyə Ordusu yenə Azərbaycandadır. Ancaq bu dəfə Cümhuriyyətin varisi ilə həmrəylik nümayiş etdirmək, onunla əbədi bir mövqedə olacağını göstərmək üçün. Polkovnik-leytenant İsa İsmayılov sözügedən məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu təlimlər inkişaf edən Azərbaycan-Türkiyə hərbi əlaqələrinin növbəti mərhələsidir və hər iki tərəflə razılaşdırılaraq, illik plana uyğun olaraq keçirilir: «Təlimlərin hazırlanması və icra olunması barədə cüzi anlayışı olan hər kəs bilir ki, bu cür genişmiqyaslı təlimləri bir neçə gün ərzində razılaşdırıb keçirmək qeyri-mümkündür. Çünki, planlaşdırma, razılaşdırma, təlimlərə hazırlıq və təlimlərin keçirilməsi protokol qaydalarına uyğun olaraq böyük vaxt tələb edən və uzun sürən prosesdir. Birgə təlimlər əvvəllər də keçirilib, həm də ildə bir neçə dəfə və belə təlimlərin səmərəli olmasını zaman artıq sübut edib. Təlimlərin keçirilməsində əsas məqsəd hər iki ölkənin müvafiq qoşun növləri şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatlardı iştirak etmək bacarığını yüksəltmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər həm iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasına, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”. İ.İsmayılov əlavə edib ki, Azərbaycan və Türkiyə hərbi qulluqçuları bir çox beynəlxalq təlimlərdə və sülhyaratma əməliyyatlarında çiyin-çiyinə fəaliyyət göstərirlər: “Düşünürəm ki, əvvəllər baş tutan tədbirlər, eləcə də iyulun 29-dan avqustun 10-dək ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri birgə fəaliyyətlərin uzlaşmasında, eləcə də koordinasiyasında faydalı olacaqdır. Hesab edirəm ki, növbəti təlimlər uğurla başa çatacaq, qarşıya qoyulan döyüş tapşırıqları keyfiyyətlə, peşəkarlıqla yerinə yetiriləcək və hər iki ordunun döyüş qabiliyyətinin artırılmasına layiqli töhfə verəcəkdir”.
Bu təlim iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıqla yanaşı, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir
Ekspertlərin fikrincə iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlıq, eyni zamanda, bölgədə sülh və təhlükəsizliyin təmini baxımından mühüm əhəmiyyət kəsb edir. Politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır “Azərbaycan Prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Tayyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərb əməkdaşlığın inkişafından da danışmışdı. Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq» – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi: «Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”
Xain xoflu olar
Bu xəbərdən sonqra rəsmi Yerevan təşvişə düşməyə başlayıb. Tez Rusiya, ABŞ və Fransadan yardım istəyib, «narahatlığa əsas yoxdur» cavabı ilə Paşinyanı sakitləşdiriblər. “Xain xoflu olar” deyiblər. Paşinyan da elə hesab edir ki, Türkiyə Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Ona görə bu məsələni Rusiyanın iştirak etdiyi Liviya, Suriya kimi münaqişələrlə müqayisə etməyə çalışır, bütün ciddi-cəhdlə Moskva-Ankara qarşıdurması yaratmağa səy göstərir.
Qeyd edək ki, iyulun 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Ermənistan KİV sevincək yazıb ki, guya Putin Ərdoğana Ermənistan-Azərbaycan münaqişəsinə qarışmamağı məsləhət görüb.Bu yalan informasiyadan sonra Türkiyə prezidenti və rəsmilər «Ermənistana həddini bil. Azərbaycanın yanındayıq. Qafqaz İslam Ordusunun etdiklərini edərik» mesaşını verdilər.
Göründüyü kimi, Ermənistanın növbətim şousu da baş tutmadı. Beləliklə, Azərbaycan-Türkiyə birliyini nümayiş etdirməklə dostları qürurlandırdı, düşmənlərə göz dağı verdi. Və güclü və hərtərəfli təchiz edilmiş qoşun növlərinə malik olan Azərbaycan və Türkiyə ordularının birgə təlimlər keçirməsi əslində kiməsə güc nümayiş etdirmək deyil, əksinə həm bölgədə, həm də beynəlxalq səviyyədə sülhün və sabitliyin qorunub saxlanılmasında maraqlı olduqlarını ifadə etməkdir.
Əlbəttə, Prezident İlham Əliyevin də dediyi kimi: “Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq. Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyət daşıyır”.
A.SƏMƏDOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB