Azərbaycan dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir - TƏHLİL

Azərbaycan dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir - TƏHLİL

"Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur". Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan xalqına və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbrikində bildirib. Əlbəttə ki, milli mənəvi dəyərlərimiz, adət-ənənələrimiz xalqımızın tarixində, özünüdərkində mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, istər sovet məkanında, istərsə də müstəqillik dövründə yaşadığımız illərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına və inkişafına çox böyük önəm verib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğrula davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki multkultural dəyərələri, tolerant mühiti dünyaya bəyan edir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti də əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən dini ocaqlarımıza məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısı mütəmadi olaraq din xadimləri ilə görüşür, dini konfessiyalara maddi yardımlar edilir, dini ibadət yerləri təmir-bərpa olunub inanclı insanların istifadəsinə verilir. Azərbaycan əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh və əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir və 7 sinaqoq, 4 gürcü kilsəsi də fəaliyyətdədir.

"BUİLKİ QURBAN BAYRAMI DÜNYANIN QARŞILAŞDIĞI ÇƏTİN SINAQ DÖVRÜNƏ TƏSADÜF ETSƏ DƏ, MÖMİN VƏTƏNDAŞLARIMIZ ALLAH VƏ DİN YOLUNDA MƏNƏVİ BORCLARINI LAYİQİNCƏ YERİNƏ YETİRİR…"

Bütün dünyada, eləcə də, islam dünyasında böyük hörmətə, nüfuza malik olan, prinsipial və ədalətli mövqeyi ilə seçilən Azərbaycanın multikultural dəyərləri dünyaya örnək, nümunədəir. Əgər Azərbaycanda sovet məkanınıda yaşadığımız illərdə cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2200-ü ötüb keçib. Ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər Məscidi inşa edilib. Respublikamızda həyata keçirilən din siyasəti demokratik dövlət quruculuğu kursuna, eləcə də dövlət-din münasibətlərinin mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Bu gün ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Azərbaycan Prezidentinin məlum Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Əsrlərin süzgəcindən keçərək müasir dövrümüzədək qoruyub saxladığımız milli mənəvi, dini adət-ənənələrimiz yaşayır və düzgün şəkildə insanlara çatdırılır.

Artıq bir neçə gündən sonra Azərbaycan xalqı islam dininin ən vacib sayılan fərzlərindən biri, onun təbliği və özünəməxsusluğunu nümayiş etdirən ayinləri sırasında olan Qurban bayramını qeyd edəcək. Üç səmavi dinin - yəhudilik, xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Bu gün müstəqil Azərbaycanda bütün din bayramlar qeyd olunur. Təbrikdə dövlət başçısı bildirir ki, hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir: "Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər".

Dövlətimizin başçısı insanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramının İslam dininin əsas bayramlarından biri olduğunu qeyd edib. Vurğulayıb ki, müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Terrorizmin baş alıb getdiyi dünyada, islama qarşı hücumların artdığı və islamafobiyanın gücləndiyi bir vaxtda Azərbaycan ekstremizm və dözümsüzlük əleyhinə çıxış edir, kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. "İndiki şəraitdə biz görürük ki, dünyanın müxtəlif yerlərində dini məzhəb zəminində qan tökülür, müharibələr alovlanır, böyük faciələr yaşanır" – çıxışlarının birində deyən Azərbaycan Prezidenti bildirib ki, elə etməliyik ki, həm Azərbaycanda, həm yaşadığımız bölgədə vəziyyət müsbət istiqamətdə inkişaf etsin: "Biz adada yaşamırıq, biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk".

Həqiqətən də. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə