Təhsildə aparılan islahatlar millətimizin uğurlu gələcəyinə hesablanıb ŞƏRH

Təhsildə aparılan islahatlar millətimizin uğurlu gələcəyinə hesablanıb ŞƏRH

"İnkişaf etmiş ölkələrin təcrübəsinə baxdıqda, görürük ki, onları inkişaf etmiş ölkələrə çevirən təbii resurslar yox, məhz bilik, savad, təhsil və elmin inkişafıdır. Ona görə artıq 17 ildir ki, mənim təşəbbüsümlə Azərbaycanda qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılır. Bu illər ərzində tamamilə yeni, müasir nəsil yetişib və gənclər bu gün bütün sahələrdə özlərini göstərirlər. Onların fəallığı, bilikləri, müasir texnologiyalara marağı ölkəmizi gücləndirir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbulda çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Əlbəttə ki, dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilən Azərbaycanın beynəlxalq aləmdə görünən və diqqətdə olan ölkəyə çevrilməsi əbəs deyildi. Bunun bir sıra səbəbləri var ki, bu da dövlətimizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə, dünya birliyinin tam bərabərhüquqlu üzvünə və söz sahibinə çevrilməsində zəmin olmuşdur. Belə ki, dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətləri, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar, dövlət proqamları kimi amillər ölkəmizin dinamik inkişafını şərtləndirib. Mövcud inkişafın dayanıqlı olması üçün dövlət başçısının çıxışlarının birində qeyd etdiyi kimi, insanlar hazırlıqlı və gənclər bilikli olmalıdırlar. İnkişaf etmiş ölkələrin təcrübəsi, keçdiyi tarixi yol bir daha göstərir ki, məhz həmin dövlətlərdə təhsilə, elmi inkişafa böyük önəm verilir, islahatlar aparılır. Bu gün qloballaşan dünyanın "Təhsil və informasiya əsri" kimi səciyyələndirilməsi təhsilin keyfiyyəti baxımından yeni mərhələnin zəruriliyi meydana çıxıb.

GƏLƏCƏYİN ÇAĞIRIŞLARINA CAVAB VERMƏK VƏ İNNOVATİV İNKİŞAFIN TƏMİN EDİLMƏSİ BAXIMINDAN TƏHSİLİN MƏZMUNU YENİLƏNİR

Dövlət başçısı tərəfindən təhsilə böyük önəm verilməsi, yeni proqram və layihələrin, təhsil islahatlarının həyata keçirilməsi Azərbaycan təhsilinin dünya standartları səviyyəsində qurulmasına səbəb olub. Təbii ki, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər ölkəmizin uğurlu gələcəyindən xəbər vermiş olur.

Təhsil hər zaman yeniliklərə və islahatlara açıq bir sahədir. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi, onun infrastrukturunun müasir tələblər səviyyəsində təşkili təhsilin prioritetlərinin dünya elminin inkişaf tendensiyaları istiqamətində qurulmasında əhəmiyyətli rol oynayıb. Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi məqsədi ilə dövlət proqramları qəbul edilmiş və layihələr həyata keçirilib. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Cənab İlham Əliyevin vurğuladığı kimi, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib: "Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz". Dövlət başçısı dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsinin də yaxın iki il ərzində başa çatacağını bildirib. Bununla paralel olaraq, təhsilin keyfiyyəti artmalıdır və artır, - deyən Cənab Prezident burada əsas məsələlərdən birinin müəllimlərin peşəkarlığı olduğunu diqqətə çəkib: "Çünki təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır. Müəllimlər uşaqları necə öyrədirlərsə, uşaqlar da buna uyğun şəkildə biliklər əldə edirlər".

Təbii ki, gələcəyin çağırışlarına cavab verməsi və innovativ inkişafın təmin edilməsi baxımından təhsilin məzmununun yenilənməsi mühüm prioritetlərdəndir. Ekspertlərin qənaətinə əsasən, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilir.

MÜASİR DÜNYA YÜKSƏK ELMİ POTENSİALA MALİK MÜTƏXƏSSİSLƏRİN HAZIRLANMASINI TƏLƏB EDİR

Keyfiyyətin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə təhsilalanlar həm respublika olimpiadalarında, həm də beynəlxalq olimpiadalarda iştirak edərək uğurlar qazanıblar. Həyata keçirilən tədbirlər şagirdlərin ruhunu yüksəldir, onların elmi biliklərə olan marağını daha da artırır. Təkcə 2019-2020-ci tədris ilində Azərbaycan məktəbliləri ümumilikdə 29 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 15 gümüş, 15 bürünc medal və 4 qızıl medal əldə edib.

Qeyd edək ki, dünyada gedən qloballaşma və inteqrasiya prosesləri ölkəmiz üçün yüksək elmi potensiala malik mütəxəssislərin hazırlanmasını tələb edir. Təhsilin inkişafına ayrılan yüksək diqqət, həm də, Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" istedadlı gənclərinin xaricdə təhsil almalarına yollar açmış oldu. Xarici ölkələrə tələbə göndərilməsi məqsədilə ixtisaslar seçilərkən, ölkə iqtisadiyyatının davamlı inkişaf strategiyası, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin güclənməsi, kadrların idarə edilməsi, idarəetmə sistemində aparılan islahatların ehtiyaclarının ödənilməsi və s. müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi prioritet istiqamətlər nəzərə alınıb.

"AZƏRBAYCAN GƏNCİ AZƏRBAYCAN DƏYƏRLƏRİ, ƏNƏNƏVİ DƏYƏRLƏR ƏSASINDA TƏRBİYƏ ALMALIDIR"

Ardıcıl olaraq təhsil sahəsində köklü islahatların aparılması məktəblilərin burada şəxsiyyət kimi formalaşmasına təsirini göstərməkdədir. "Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır, - deyən Cənab Prezident bildirib ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər: "Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm".

"MÜASİR, VƏTƏNPƏRVƏR VƏ MƏNƏVİ CƏHƏTDƏN SAĞLAM YENİ NƏSİL ÖLKƏMİZİN GƏLƏCƏYİNİ MÜƏYYƏN EDƏCƏK"

Dövlətimiz gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, adət-ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və buna həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissləri yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. "Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək" - deyən dövlət başçısı çıxışı zamanı bildirib ki, onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir: "Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir".

Gənclərin milli-mənlik şüurunun formalaşması və onların vətənpərvər ruhda böyüməsi müstəqil dövlət quruculuğu yolunu seçən ölkəmizin prioritet istiqamətlərindəndir. Elm və təhsil, idman, iqtisadi, siyasi, mədəni və s. sahələrdə gənclərin uğur qazanması, qloballaşan dünyanın tələblərinə cavab verən gəncliyin yetişdirilməsi həmçinin ölkəmizin tanıdılması istiqamətində atılan mühüm addımlardandır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər bu istiqamətdə Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Təhsilin bütün pillələrində, xüsusən də ümumtəhsil məktəblərində bu tərbiyə işinin həyata keçirilməsi üçün imkanlar genişdir. Təhsil ocaqlarında tədris olunan humanitar fənlər, xüsusən də ədəbiyyat, tarix, o cümlədən hərbi hazırlıq fənlərinin tədrisi təhsil alanları müvafiq biliklərlə təmin etməklə yanaşı, onların milli-mənlik şüurunu formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə müstəsna təsir göstərir. Müasir dövrümüzdə təhsil sahəsində islahatların ən mühüm mərhələsi yaşanılır. Təhsilin məzmunu və keyfiyyəti və təlimin təşkilinə verilən tələblərdə ciddi yeniləşmə və müasirləşdirmə prosesləri gedir. Təhsilin beynəlxalq standartlara uyğunlaşdırmaq üçün atılan addımlar, onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin "qara qızıl"ın insan kapitalına çevrilməsi çağırışı öz nəticəsini verir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə