1 Avqust Beynəlxalq Ana dili günüdür. (1-ci yazı)
Hər bir xalqın dili onun mənəvi kimliyinin başlıca təsdiq atributudur.Hələ ibtidai icma dövründə insanlar fikirlərini biri-birinə çatdırmaq üçün müxtəlif işarələrdən, hərəkətlərdən, səs formalarından istifadə etmişlər.Həmin dövrlərdə də ayrı-ayrı qəbilələrin hər birinin özünəməxsus anlatma, fikirçatdırma metodologiyası, eləcə də səsləndirmə formaları mövcud olmuş, zaman keçdikcə bu fərqli danışıq və yazılış formaları təkmilləşərək müxtəlif dillərin yaranmasını şərtləndirmiş, nəticədə müxtəlif dillərdə danışan insanlar müxtəlif etnik toplumlar kimi formalaşmış, inkişaf etmişlər.Bu inkişaf kontekstində ayrı-ayrı xalqlar, millətlər yaranıb formalaşmış, hər millət də özünün danışıq və yazılış formalarından istifadə edərək özünəməxsus tükənməz irs yaratmışdır. Bu baxımdan hansı xalqın dili tarix səhnəsində duruş gətirə bilməyib, sıradan çıxırsa, həmin xalqın tarixi, ədəbi,elmi, mədəni irsini də özü ilə arxivə gömdürür. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir.Bunu Azərbaycan ərazilərində tapılan arxeoloji materiallar, təkzibolunmaz dəlillər də sübut edir.
Qədim tarixə malik xalqımızın min illər boyu yaratmış, formalaşdıraraq günümüzə qədər qoruyub saxlamış, inkişaf etdirmiş olduğu dili də özü qədər qədim tarixə malikdir.Eramızın əvvəllərindən başlayaraq əsrlərlə yadellilərin əsarəti altında yaşamağa məcbur olan xalqımız, özünün ən böyük sərvəti kimi doğma dilini qoruyub saxlamış, onu inkişaf etdirərək bu günümüzə qədər gətirib çıxarmışdır. Bu dildə yaranan həm şifahi, həm də yazılı əsərlər bu gün dünyanın ən qiymətli irsləri sırasında yer tutur. “Kitabi-Dədəm Qorqud”, “Koroğlu” kimi monumental qəhrəmanlıq dastanları, cildlərə sığmayan məhəbbət dastanları, nağıllar,bayatılar, laylalar,tapmacalar, zərb-məsəllər Azərbaycan dilinin zəngin leksik tərkibinin ən bariz nümunələridir. Vətəndən uzaqlarda yaşamaq məcburiyyətində qalan Nəsimi, Füzuli kimi qələm ustadlarının məhz doğma Ana dilində yaratdıqları zəngin poeziya bu gün bəşəriyyətin əvəzolunmaz qeyri-maddi irsi kimi tanınır.Məhz dilimizin qədimliyini və zənginliyini yüksək dəyərləndirdiyindəndir ki, xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyev istər Sovet dönəmində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi zamanlarda Azərbaycan dilinin qorunması və dilimizin inkişafına daim xüsusi önəm vermişdir.
Ulu Öndərin siyasi kursunun layiqli, müdrik və yaradıcı davamçısı, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi müddətdə, bütün digər sahələrdə olduğu kimi Ana dilinin inkişafı sahəsində də tarixi qərarlar qəbul etmiş, dilimizin inkişafını daim diqqət mərkəzində saxlamışdır. Ölkə başçısı 9 noyabr 2015-ci ildə Milli Elmlər Akademiyasının 70 illiyi ilə bağlı yubiley tədbirində çıxış edərkən Ana dilinə münasibətlə bağlı çox ciddi məsələlərə toxunmuş, sanki həyəcan təbili çalmaqla cəmiyyəti bu sahədə məsuliyyətli olmağa çağırmış, bütün vasitələrdən istifadə edərək Azərbaycan dilinin saflığının təmin edilməsini səlahiyyət sahiblərinin qarşısına vəzifə olaraq qoymuşdr. Sitat: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, Ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik. Ona görə, bu gün bəzi hallarda görəndə ki, dilimizə xaricdən müdaxilələr edilir və bəzi hallarda bu müdaxilələr Azərbaycanda da dəstək qazanır, bu, məni doğrudan da çox narahat edir. Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik...
Digər tərəfdən, imkan verilməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun...Əlbəttə, mən bu sahədə mütəxəssis deyiləm, ancaq bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək bu, bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır”.
“Azadlıq Hərakatçıları” İctimai Birliyi olaraq rəhbərlik etdiyim Qeyri-Hökumət Təşkiları uzun illərdir ki, bu sahədə Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətə dəstək vermək məqsədi ilə çoxsalı layihələr, iri miqyaslı tədbirlər həyata keçirir. Bu sıradan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökmə Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə televiziya efirləridə, film və seriallarda, reklam bazarında,mahnıların ifasında Azərbaycan ədəbi dilinin tələblərinə əməl edilməsi ilə bağlı apardığımız və nəticələri barədə cəmiyyəti məlumatlandırdığımız araşdırmalar,hesab edirik ki, bütün bu sahələrdə mövcud olan qüsurların aradan qaldırılmasında və ya azaldılmasında əhəmiyyətli rol oynamışdır.
Təşkilatımız ənənəsinə sadiq qalaraq cari ildə də bu mühüm mövzuya müraciət etmiş, Şurasının dəstəyi ilə “İformasiya Texnologiyalarından istifadədə Azərbaycan dilinin saflığının qorunması: araşdırma, təhlil və təkliflərin hazırlanması” layihəsini həyata keçirir. Layihə çərçivəsidə aparılan ilkin araşdırmalar onu deməyə tam əsas verir ki, bir neçə il əvvəllə müqayisədə internet portallarından istifadədə dil qüsurları əsaslı şəkildə azalmışdır. Heç şübhəsiz, bu da Azərbaycan Dövlətinin bu mühüm sahəyə həssas yanaşmasının, eləcə də cəmiyyətin Dövlət tərəfindən irəli sürülən təşəbbüslərə dəstəyinin sevindirici nəticəsidir. Lakin bununla belə, informasiya texnologiyalarından isifadədə hələ də qüsurlar kifayət qədərdir və bunların da aradan qaldırılması günün tələbidir. Çünki yeni nəslin ən çox məşğul olduğu sahə məhz informasiya exnologiyalarıdır və burda yol verilən hər bir dil qüsuru gənc nəslin nitq mədəniyyətinin formalaşmasına ciddi mənfi təsir göstərir.
Daha bir sevindirici məqam ondan ibarətdir ki, əvvəlki illərdən fərqli olaraq dövlət və hakimiyyət orqanları tərəfindən yaradılan və idarə edilən portallarda Azərbaycan ədəbi dilinin pozulması halları, demək olar ki, sıfıra bərabərdir. Ancaq bizi, eləcə də layihənin işində çalışan ekspertləri narahat edən bir faktdır ki, özəl sektorların, o cümlədən ayrı-ayrı şirkətlərin, onlayn media vasitələrinin, habelə intellektual oyun tərtibçilərinin saytlarında, digər internet resurslarında hələ də ciddi qüsurlara yol verilir.
Təhmasib Novruzov, “Azadlıq Hərakatçıları” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB