Uzun illər ərzində ölkədə aparılan böyük quruculuq işləri içərisində irimiqyaslı meliorasiya və su təsərrüfatı sistemləri və qurğuları tikilib istismara verilmiş, çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Bununla belə, müasir dövrdə ölkənin dinamik sosial-iqtisadi inkişafı bu sahədə iqtisadi münasibətlərin təkmilləşdirilməsini, dövlət idarəetməsinin və təsərrüfat fəaliyyətinin bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq həyata keçirilməsini tələb edir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür. Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni beton kanalı tikilibdir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və beləliklə yeni bir rezervuardan Ceyranbatan anbarına su gəlir. Çünki buna qədər Samur çayından birbaşa kanal vasitəsilə su Ceyranbatana gəlirdi. Əgər ortada bu böyük su hövzəsi olmasaydı, biz bu gün Bakını içməli su ilə təmin edə bilməzdik. Bu, birmənalıdır. Ona görə bu layihənin icrası və ümumiyyətlə Samur çayının sularının ədalətli bölüşdürülməsi üçün çox böyük işlər görülüb. Eyni zamanda, bu, Şabran, Siyəzən, Xızı rayonlarında suvarılan əkin sahələrini böyük dərəcədə artırıb, təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir və indi o torpaqlarda geniş kənd təsərrüfatı işləri görülür. O vaxt layihə başa çatanda bu təmizləyici qurğu dünyanın ən böyük təmizləyici qurğusu hesab olunurdu. O vaxtdan bu günə qədər bəlkə də haradasa daha da böyük qurğular tikilib. Amma söhbət ondan getmir. Əsas məsələ odur ki, Bakı şəhərinə keyfiyyətli suyun verilməsi artıq mümkün olub. Təbii ki, mən Şəmkirçay su anbarının əhəmiyyətini də qeyd etməliyəm. Bu gün Şəmkirçay su anbarı bizim su resurslarının yığılmasında və bölüşdürülməsində xüsusi rol oynayır. Bu anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır, orada əkin sahələri genişləndirilir. Beləliklə, Taxtakörpü şimal zonasının, Bakının, Şəmkirçay qərb bölgəsinin su ilə təminatında mühüm rol oynayır. Bununla paralel olaraq, son illərdə cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır.
Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır.
Elman İsrafil oğlu Vəliyev, "Abşeron Regional Elektrik Şəbəkəsi" MMC-nin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB