Rauf Zeyni: “Ermənistan çox gözəl bilir ki, torpaqlar azad olunmalı, konflikt həll olunmalıdır”- DEBAT (SƏS TV)
Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Vüsal Quliyevin SİA-ya müsahibəsi:
- Dağlıq Qarabağ münaqişəsinin uzanması regionda müharibə variantının reallaşmasına gətirib çıxara bilərmi?
Vüsal Quliyev - Dağlıq Qarabağ problemi Azərbaycanın bir nömrəli problemidir. İstənilən məsələ daxili məsələdirsə, o xaricdə də müzakirə olunur və ya hansısa dövlətin xarici məsələsi varsa, o da daxildə müzakirə olunur. Dağlıq Qarabağ problemi bizim xarici problemlərimizdən ən mühümüdür. Möhtərəm prezidentimizin dediyi kimi ölkəmizdə daxili problemlərin demək olar ki çox hissəsi həll olunub. Azərbaycan hökumətinin siyasi iradəsi, ölkəmizin artan iqtisadi uğuru, Azərbaycana investisiyaların qoyuluşu və ölkəmizdə artan templə gedən iqtisadi islahatlar ölkəmizin daxilindəki problemlərin həllinə gətirib çıxarıb. Lakin xaricdə həll olunmayan yeganə problemimiz Dağlıq Qarabağ problemidir ki, ölkə başçısının dediyi kimi onun da həllində gənclər mühüm rol oynamalıdırlar. Bu məsələdə hər bir gənc öz töhfəsini verməli, aktiv olmalıdır.
Xaricdə oxuyan gənclərimiz də bu məsələdə dəstək olmalıdır. Əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, o zaman gənclərimiz Ali Baş Komandanın əmri ilə silah götürüb öz torpaqlarımızı işğaldan azad etməlidirlər. Buna imkan var və gənclərimiz də hər zaman buna hazır olmalıdırlar.
- Ermənistan muzdlu snayper qrupunu sərhəddə yerləşdirib. Bu onların terror əməllərinin genişləndirilməsinin sübutu deyilmi?
Rauf Zeyni - Dağlıq Qarabağ məsələsi bizim üçün bu günün məsələsi deyil. Qarabağ 1805-ci ildə Rusiya İmperiyasının tərkibinə verilib. 207- ildir ki, Qarabağ işğal olunub. Sadəcə olaraq 1988-ci ildən sonra onun yeni formada işğalı həyata keçirilib. Bu gün Ermənistan qeyri-konstruktiv mövqelərini nümayiş etdirir, ümumiyyətlə, o heç bir hüquq normalarına, BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələrə əhəmiyyət vermir, hətta danışıqlarda guya səmimi olduğunu göstərərək son danışıqlarda əsirlərin, meyidlərin qaytarılması ilə bağlı cəmiyyətdə böyük inam yaratmağa çalışdı. Lakin bu danışıqlardan sonra 9 yaşlı Fariz Bədəlovun snayperlə vurulması, Azərbaycana silah yolu ilə təzyiqlərin davam etdirilməsi o deməkdir ki, Ermənistan və onun rəhbərləri işğalçı, terrorçu düşüncədən uzaqlaşa bilmirlər.
Əgər onlara adekvat cavab verilməzsə, erməni öz sindromundan uzaqlaşa bilməyəcək və onlarla hər hansı bir siyasi, mədəni dildə danışmaq heç bir nəticə verməyəcək. Biz 20 ildir ki, bunun şahidiyik. Bütün ictimaiyyətin də fikridir ki, Azərbaycan bütün gücünü səfərbər edib torpaqlarını işğaldan azad etməlidir. Biz bunu etməsək, hər dəfə, hər gün terror əməliyyatları, uşaq ölümləri ilə rastlaşacağıq.
- Artıq 19 ildir ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyətsizliyini görürük. Bu fakt onu göstərirmi ki, həmsədrlərin tərkibi dəyişdirilməlidir?
Vüsal Quliyev - Biz bir gənclər olaraq arzumuz odur ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə həll olunsun. O ki qaldı ATƏT-in fəaliyyətsizliyinə, mən bu gün Türkiyənin mövqeyini dəstəkləyirəm. Çünki Türkiyənin hökumət qurumları dəfələrlə Azərbaycan torpaqlarının işğaldan azad olunmasının vacibliyini vurğulayıblar. Türkiyə Ermənistan sərhədlərinin açılmaması da bu məsələdə mühüm rol oynayır. Türkiyə Azərbaycanı dəstəkləyən aktiv mövqeyə malikdir. Onun ATƏT-in tərkibinə daxil edilməsi fikrimcə, bu məsələnin həllinə gətirib çıxara bilər. Avropa Şurası Parlament Assambleyasının torpaqlarımızın azad olunması istiqamətində qətnaməsindən sonra ATƏT-in fəaliyyətsizliyi biz gəncləri məyus edir. Əgər məsələ diplomatik yolla həll olunmazsa, o zaman dediyim kimi biz gənclər hər zaman Ali Baş Komandanın əmrinə hazırıq. Buna Azərbaycanın həm hərbi potensialı, həm də iqtisadi inkişafı imkan verir. Amma biz danışıqlar yoluna üstünlük veririk, ATƏT də bu istiqamətdə konkret işlər görməlidir. Amma hələ ki, biz bunu görmürük.
- Sizcə, ümidsiz ATƏT-dən ümid bəsləməliyikmi?
Rauf Zeyni - Beynəlxalq aləmdən hər hansı bir sürpriz gözləmək olar. Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir inam var ki, problem sülh sazişi ilə nəticələnə bilər. Əlbəttə ki, biz diplomatik ümidlərimizi itirmirik. Bu gün əgər intensiv görüşlər keçirilirsə, beynəlxalq təşkilatlar intensiv olaraq problemi müzakirə edirsə, artıq bu konflikt dalana dirənibsə, Rusiya, Amerika, Ermənistan çox gözəl bilir ki, torpaqlar azad olunmalı, konflikt həll olunmalıdır. Çünki konfliktin həll olunma limiti sona yetib. Ona görə də Ermənistan çox gözəl başa düşür ki, münaqişə həll olunarsa, onun daxili problemləri yarana bilər. Əgər Ermənistan beynəlxalq qətnamələri yerinə yetirmir, onlara məhəl qoymursa, Azərbaycanın bir yolu qalır -o da öz torpaqlarını işğaldan azad etməkdir. Lakin onun hansı yolla, necə azad etməsi artıq ölkəmizin daxili işidir. Çünki Azərbaycanın tam hüququ var ki, torpaqlarını azad etsin. Prezidentlərin yay aylarında keçiriləcək görüşə qədər Ermənistan konstruktiv mövqe göstərməzsə, buna əməl etməzsə, o zaman Azərbaycan öz mövqeyini bildirməlidir.
- İyun ayında Azərbaycan, Rusiya, Ermənistan prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. Bu görüşdən ümid gözləmək olarmı?
Rauf Zeyni- Ola bilər ki, görüşdə hər hansı bir həlli yolu olsun. Amma bütün bunlarla bərabər son 20 ildə olan hadisələr, proseslər bizə bir daha onu göstərdi ki, danışıqlar heç bir nəticə vermir. Əgər Rusiya başçısı, Avropa rəhbərləri, həmsədr ölkələrin prezidentləri regionda sülhü bərqərar etmək istəyirlərsə, onlar birmənalı şəkildə bilməlidirlər ki, regionda stabilliyin ən böyük təhlükəsi Ermənistan və onun qeyri-konstruktiv mövqeyidir. Ona görə də onlar Ermənistana təzyiq etməlidirlər ki, konstruktiv mövqeyə gəlsin və işğalçılıq mövqeyindən əl çəksin. Onlar bu məsələni həll edə bilərlər. Bir Ermənitan nədir ki, onun öz öhdəsindən gələ bilmirlər. Liviya ilə bağlı qətnaməni dərhal icra etdilər, buyursunlar Dağlıq Qarabağla bağlı qəbul olunan qətnamələri də icra etsinlər, işğalçı dövləti yerində oturtsunlar, regionda birdəfəlik sülhü bərqərar etsinlər. Türkiyəni ATƏT-ə əlavə etməklə heç bir nəticə əldə olunmayacaq əksinə məsələdə uzanacaq. Azərbaycan ictimaiyyətinin artıq səbri tükənib, real qərarlar, qətnamələr qəbul etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB