Erməni radikallarının cinayət əməlləri qətiyyətlə pislənilir

Erməni radikallarının cinayət əməlləri qətiyyətlə pislənilir

Azərbaycan XİN ermənilərin xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza qarşı törətdiyi təxribatlarla bağlı bəyanat yayıb

Son bir həftə ərzində Azərbaycanın bir sıra dünya ölkələrdəki diaspor fəalları, soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirir, həmrəylik nümayiş etdirirlər. "Qarabağ Azərbaycanındır!", "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qəhrəman Azərbaycan əsgəri!", "Can, can Azərbaycan!", "Azərbaycana ədalət!", "Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!", "Ermənistan, Azərbaycana qarşı təcavüzü dayandır!" kimi şüarlarla keçirən yürüş və aksiyalarda dinc azərbaycanlılara qarşı radikal ermənilər tərəfindən təxribatlar törədilir. Belə ki, Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan və Ermənistanın iyulun 12-dən başlayaraq növbəti təxribatlarına etiraz məqsədilə aksiya keçirən dinc azərbaycanlılara qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllər törədilir. Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir, cinayət məsuliyyəti doğuran əməllərdir. Azərbaycan XİN ermənilərin xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə və soydaşlarımıza qarşı törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.

Bəyanatda ötən tarixə nəzər salınaraq, onların çirkin əməlləri diqqətə çəkilir: "1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetirmiş, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törətmiş və bunların arasında 24 türk diplomatı qətlə yetirilmişdir. 1991-ci ildə Ermənistan respublikası müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədilə terroru dövlət siyasəti vasitəsinə çevirmiş və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi ətraf rayonunun işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə etmişdir".

Bəyanatda qeyd olunur ki, erməni radikal ünsürlərinin azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını gözləyirik: "Xatırladırıq ki, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir. Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyəti dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir. Araşdırma prosesi və onun nəticələri barədə məlumatın əldə edilməsi aidiyyəti diplomatik nümayəndəliklərimiz vasitəsilə nəzarətdə saxlanılacaq".

Araşdırmaların gedişatı və nəticəsi barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaqdır. Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır və soydaşlarımıza bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərimizə təlimat verilib.

Artıq Azərbaycan ötən əsrin 90-cı illərindəki dövlət deyil. Dünya ölkələri tərəfindən tanınması, haqq səsinin dünyaya çatdırılmasında kifayət qədər güclüdür, güclü diasporu formalaşıb, əmrəylik nümayiş etdirirlər. Vətənin haqq səsini yaşadıqları ölkələrdə ifadə gücündədirlər. Dünyaya bir daha bəyan edilir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib və 1990-ci illərdən başlayaraq Azərbaycan ərazilərinin 20 faizi Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul edilib və bu qətnamələrin hər birində Ermənistan hərbi birləşmələrinin işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi və Ermənistanın təcavüzkar siyasətinə son qoyması tələb olunur. Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti, bir milyondan çox azərbaycanlının doğma yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün həyatı yaşaması, torpaqlarımızı işğal altında saxlaması beynəlxalq hüquq normalarına ziddir. Azərbaycan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Ancaq Ermənistan son təxribatları ilə bir daha münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmadığını göstərdi. Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın son hərbi təcavüzü hərbçilərlə bərabər mülki şəxslərin də ölümünə səbəb olub. Azərbaycan diplomatik nümayəndələri, diaspor təşkilatının üzvləri keçirdiklər aksiyalarda dünya ölkələrinə Azərbaycanın haqq səsini bir daha çatdırılar. Azərbaycan tərəfi dost ölkələrə müraciət edərək, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin mühafizəsinin, diplomatların toxunulmazlığı və təhlükəsizliyinin, həmçinin soydaşlarımızın təhlükəsizliyinin möhkəmləndirilməsinə diqqəti artırmağa çağırır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə