Paşinyan niyə məhz indi hərbi təxribata əl atır?

Paşinyan niyə məhz indi hərbi təxribata əl atır?

İyulun 12-si Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək növbəti təxribat günüdür. Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün də öz saxtakarlıqlarından əl çəkmirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqları olmsı ilə bağlı heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilmədiyini deyərək, bu məsələyə aydınlıq gətirərək bildirmişdi: "Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu".

Gözəl bir deyim var: "Tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir". Bu həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan 2 ilə yaxındır ki, küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış edir və elə zənn edir ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır.

Azərbaycan istər iqtisadi göstəricilərinə görə, istər silahlı qüvvələrinin gücünə görə, istərsə də diplomatik uğurlarına görə Ermənistanı dəfələrlə üstələyir. O zaman belə bir vaxtda Ermənistanın cəbhə xəttində təxribat törətməsi maraq doğurur. Onu da vurğulamaq lazımdır ki, əgər müharibə başlayarsa, Ermənistanın ağır məğlubiyyətə uğrayacağı bir aksiomadır. Belə çətin durumda olduğu bir məqamda İrəvanı təxribata getməyə nə vadar etdi? Siyasi ekspetrlərin sözlərinə görə, burada əsas məqsəd Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək, həmçinin canlı qüvvəyə və hərbi texnikaya zərər yetirmək olub. Lakin Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Onu da qeyd edək ki, Azərbaycan Ordusunun əks-tədbirləri adekvat xarakter daşıyıb. Ermənistanın siyasi rəhbərliyi anlayır ki, yeni müharibəyə tab gətirə bilməz. İrəvanın Bakı qarşısında bütün müstəvilərdə zəifliyi göz önündədir. Burada bir məsələyə də diqqət yetirmək lazım gəlir. Koronavirus pandemiyası dövründə Ermənistanın yeni müharibəyə başlamaq təxribatı əslində bütün dünyadakı nizama mənfi təsir göstərir. Məlumdur ki, koronavirus pandemiyası başlayandan dünyadakı bir çox hərbi münaqişələr dondurulub. Belə bir zamanda Ermənistanın savaş təxribatı olduqca pis nümunə kimi qəbul edilir. İkincisi isə, Ermənistan onsuz da iqtisadi və siyasi baxımdan ağır vəziyyətdə idi, pandemiya dövründə müharibəyə başlayacağını nümayiş etdirməklə isə diplomatik durumunu daha da ağırlaşdırmış oldu. Bütün bunları öncədən proqnozlaşdırmaq mümkün idi. Belə olan təqdirdə Ermənistanı savaş təxribatına getməyə nə vadar elədi? Məsələ ondadır ki, Ermənistan hərbi bölmələrinin Azərbaycanla sərhəddə növbəti təxribatı Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyıb. Belə ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanda ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Həmçinin, Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic etməkdədir. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu, onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Paşinyan heç bir sahədə dərin islahatlar apara, heç bir sahəni normal idarə edə bilmir. Yerli və xarici analitiklər iddia edirlər ki, bu gün bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir. N.Paşinyanın atdığı addımların hansısa keyfiyyət dəyişikliyinə gətirib çıxaracağı inandırıcı deyil. Digər tərəfdən, Paşinyan bu dəyişikliklərlə, guya xalqa xidmət etdiyini, yarıtmaz kadrları çıxarıb yerinə yaxşıları təyin etdiyini nümayiş etdirir. Lakin onun bu cəhdləri də alınmır. Ölkədə elə vəziyyət yaranar ki, bütün qüvvələr ona qarşı birləşə bilər. Artıq cəmiyyətin bütün təbəqələrində uğursuz inqilabçıya qarşı inamsızlıq artır. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur.

Ermənilər fəlakətin episentrində

Millət vəkili, politoloq Elman Nəsirli Ermənistanın daxilində vəziyyətin inqilabdan sonra daha da pisləşdiyini deyib. Bildirib ki, üstəlik də koronavirus pandemiyasının ortaya çıxması əhalinin sosial durumunu daha da ağırlaşdırıb: «Daha bundan o tərəfə görünmür. Ermənilər fəlakətin episentrindədirlər. Buna görə də Paşinyan ölkədəki inqilab ab-havasını Dağlıq Qarabağ istiqamətinə yönləndirməyə çalışır. Ermənistanda həmişə bu yola əl atıblar. Paşinyanın tapşırığı ilə həyata keçirilən təxribat hakimiyyətin qorunub saxlanması məqsədi daşıyır. Amma bu addımlar artıq effekt vermir. Yəqin ki, bir müddətdən sonra Ermənistanın hərbi avantürası nəticəsində çoxsaylı əsgər itkiləri ilə üz-üzə qaldığı faktı üzə çıxacaq. Belə olan halda, Paşinyana qarşı etiraz dalğası daha da genişlənəcək. Paşinyanın bu avantürası onun başına hələ çox bəla açacaq”.

Millət vəkili ATƏT-in Minsk Qrupunu da sərt tənqid edərək deyib ki, indiki vəziyyətdə bu qurumun fəaliyyətinə, daha doğrusu, fəaliyyətsizliyinə də qiymət vermək lazımdır: "ATƏT-in Minsk Qrupu amorf, heç bir işə yaramayan, seyrçi mövqedə olan təşkilat olduğunu bir daha ortaya qoydu. Yəqin ki, onlar bəyanatla çıxış edəcəklər. Onların bəyanatının indidən qısa məzmununu deyə bilərəm. Tərəfləri atəşkəs rejiminə əməl etməyə çağıracaqlar, təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşməsindən dərin narahatlıq keçirdiklərini ifadə edəcəklər. Bunun ardınca da tərəfləri sülhə çağıracaqlar. Bəyanat təxminən bu ruhda olacaq. Yenə də ünvansız bəyanat verəcəklər, yenə də cəsarət və iradələri çatmayacaq ki, desinlər, Ermənistan silahlı qüvvələri hərbi təxribata əl atıb. Ermənistanda da arxayınlıq sindromu yaranır ki, cinayət edə bilər, buna görə hər hansı cəza olmayacaq. ATƏT-in Minsk Qrupuna ar olsun! Belə bir qrup cəsarət tapıb, özü-özünü buraxmalıdır. Etiraf etməlidirlər ki, problemlə məşğul olub, həll edə bilmirlər. Çünki iradələri yoxdur…”.

E.Nəsirli baş verənlərdə xarici qüvvələrin rolunun olub olmamasına da münasibət bildirib: “Hesab edirəm ki, Paşinyana müəyyən xarici dəstəklər də ola bilər. Təbii ki, bu dəstək erməni lobbilərindən gəlir, maliyyə dəstəyi verirlər. Nəzərə alın ki, qonşu ölkələrdə də onların güclü lobbiləri var. Burada əsas məsələ odur ki, belə hərbi avantüra Paşinyan üçün lazımdır. Çünki onun vəziyyəti hər dəqiqə, hər saat, hər gün daha da pisləşir. Ona bu cür təxribatlara əl atmaq hava və su kimi lazımdır. Erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirirlər. Peşman olublar ki, Paşinyana görə inqilab ediblər. Bütün bunları Paşinyan görür, qiymətləndirir, diqqəti yayındırmaq üçün addımlar atır. O, təxribata əl atdı, amma məqsədinə çatmadı, burnu möhkəm əzildi. Qarşıdakı müddətdə Ermənistanda siyasi partlayışların şahidi olacağıq. Yəqin ki, bu, Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olacaq”.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə