Şəhid ailələrinə dövlət qayğısı Azərbaycanın daxili siyasətində prioritetdir
Son illərin təcrübəsi onu deməyə əsas verir ki, təbii fəlakət, düşmənin hərbi təxribatları və digər bu kimi müxtəlif çətinliklərlə üzləşən vətəndaşların problemləri məhz dövlət tərəfindən aradan qaldırılıb, bu məsələlər şəxsən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olub. Prezident İlham Əliyev də hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd kimi qoyur.
Dövlət başçısının xüsusi diqqət və qayğısının nəticəsidir ki, pandemiya dövründə də Azərbaycan güclü sosial siyasəti ilə seçilir. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə uğurlu mübarizə, dövlətin həyata keçirdiyi tədbirlər, müvafiq strukturların uğurlu fəaliyyəti, beynəlxalq humanitar yardımlar, Azərbaycanın beynəlxalq miqyasda birləşdirici təşəbbüsləri, vətəndaş məsuliyyəti, cəmiyyətin həmrəyliyi günümüzün reallığına çevrildi. Əhalinin sağlamlığının qorunması və sosial rifaha dəstək istiqamətində atılan məqsədyönlü və genişmiqyaslı tədbirlər Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiq etdi. Dövlətimizin başçısının rəhbərliyi ilə koronavirus pandemiyası şəraitində reallaşdırılan sosial müdafiə tədbirləri “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır” fikirlərinin təsdiqi və bütün bunların əməli işlərlə tamamlandığının sübutu oldu.
Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Sosial problemləri həll olunduqca, rifah halı yüksəldikcə, vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə o da töhfəsini vermək istəyir. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalıq, sarsılmaz bağlılıq yaradır.
Belə qərarlar onun göstəricisidir ki, dövlətimiz öz vətəndaşının, xüsusilə də cəbhə boyu ərazilərdə düşmənlə üz-üzə dayanan insanlarımızın yanındadır. Bu isə olduqca vacibdir və vətəndaşın dövlətə güvənini daha da artırır. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının rifahı və mənafeyi dayanır. Prezident İlham Əliyevin hələ “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, Tərtərdə ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb. Eyni zamanda, Ağdamda görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib.
Bu baxımdan bu dəfə də dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə İqtisadiyyat və Fövqəladə Hallar nazirlikləri birgə Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini qısa müddətdə təmin etməli bu barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidirlər. Nazirlər Kabineti isə təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə oraya da insanlarımız qayıdaraq öz həyat şəraitinin yenidən qurmalarına yol açacaq.
Mətləb Hüseynov, Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB