İlham Əliyev şəhid ailələrinin ən böyük hamisi olduğunu növbəti dəfə nümayiş etdirdi
Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. Xüsusi ilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər.
Vətəndaşının maraqlarını hər şeydən üstün tutan dövlət
Bu gün əhalinin sosial müdafiəsinin təmin edilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Yəni sosial siyasət dövlət siyasətinin prioritetidir. Bunu dəyərləndirərkən Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, sosial siyasət həmişə prioritet olub və bundan sonra da olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Elə dövlət başçısının müvafiq fərmanları ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi də Prezidentin növbəti humanist təşəbbüsü kimi qiymətləndirilir. Öncə onu qeyd edək ki, son prezident seçkilərindən sonra dövlət başçısının imzaladığı ilk fərman məhz bu kateqoriyaya aid olan insanlara şamil edildi. Belə ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. Bu fərman şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə aparılan sosial siyasətin başlıca məqsədlərindən biri olduğunu bir daha təsdiq etdi, ictimaiyyət tərəfindən böyük rəğbət və məmnunluqla qarşılandı. Xatırladaq ki, birdəfəlik ödəmənin verilməsindən ötrü dövlət büdcəsindən 2018-ci il üçün 58 milyon, 2019-cu il üçün 50 milyon manat vəsait ayrıldı.
Dövlət başçısının növbəti humanist təşəbbüsü
İyulun 21–də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təqdimat mərasimində dövlət başçısı çıxış edərək bildirib ki, bu, dövlətin sizə növbəti diqqətinin təzahürüdür və işlər davam edəcək: “Bilirsiniz ki, şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb. Təkcə onu demək kifayətdir ki, 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Hesab edirəm ki, biz bu il də bu sahədə rekord göstəriciyə nail olacağıq, buna şübhə yoxdur. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, sizin üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, biz bu il bu sahədə ən böyük göstəriciyə nail ola bilmişik. Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır”.
“Dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir”
Dövlət başçısı onu da bildirib ki, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir: “Sirr deyil ki, bu məqsədlər üçün böyük vəsait nəzərdə tutulur və bildiyiniz kimi, dövlət büdcəsinin böyük hissəsi sosial məsələlərin həllinə xərclənir. Bu sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur. Məcburi köçkünlərin məişət problemlərinin həllinə gəldikdə, bu il bu sahədə də rekord göstərici gözlənilir. Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Bu, bir daha onu göstərir ki, biz bu məqsədlər üçün istənilən xərclərə gedirik, bunu təmin edirik və şadam ki, mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Bildiyiniz kimi, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Eyni zamanda, şəhid ailələri, müharibə əlilləri üçün evlərin tikilməsinin, əlbəttə ki, böyük hissəsini dövlət öz üzərinə götürübdür. Ancaq özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib. Bu, həm ölkəmizdə mövcud olan vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir və eyni zamanda, ölkəmizin gücünü göstərir. Çünki siyasət düz, niyyət xoş ola bilər, amma əgər bunu icra etmək üçün imkan yoxdursa, onda niyyət elə niyyət kimi qalacaq”.
“Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar”
“Biz son illər ərzində iqtisadi sahədə o qədər böyük potensial yaratmışıq ki, bu gün bu işləri görə bilirik»,- deyən dövlət başçısı onu da bildirib ki, bütün bu işlər böyük potensial hesabına həyata keçirilir: “Əəgər bu potensial olmasaydı, biz bu işləri nəyin hesabına görə bilərdik, kim bizə kömək göstərərdi? Təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində bizim belə imkanlarımız yox idi və məhz buna görə köçkünlər çadırlarda yaşayırdı, şəhid ailələri üçün evlərin təqdim edilməsi, ümumiyyətlə, mümkün deyildi. Bununla paralel olaraq, bizim güclü sosial siyasətimiz var. Çünki iqtisadi güc, ilk növbədə, ona görə lazımdır ki, ölkə daha da qüdrətli olsun, öz maraqlarını təmin etsin və insanlar daha da yaxşı yaşasınlar. Bu gün mənə təqdim edilən məlumat onu göstərir ki, sosial sahədə çox böyük işlər görülür. Keçən il çox böyük işlər görülübdür və bildiyiniz kimi, şəhid ailələrinin müavinəti 20 faiz artırılıb - 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Keçən il insanların sosial problemlərinin həlli üçün bir neçə milyard manat vəsait xərclənib. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub. Bütün bunlar üçün bizim resurslarımız, vəsaitimiz gedir. Bizim iqtisadi potensialımız olmasa, bunu necə təmin edə bilərik? Pandemiyadan əziyyət çəkən insanlara dövlət tərəfindən çox böyük dəstək göstərilir, yeni xəstəxanalar, modul tipli xəstəxanalar tikilir. Xəstələr dərmanlarla təchiz edilir. Biz bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər cəlb etmişik. Hər belə addım pul tələb edir. Biz bunu edirik, çünki bu, bizim borcumuzdur. Ona görə edə bilirik ki, bizim imkanımız var. İmkanı da biz öz işimizlə, məqsədyönlü fəaliyyətimizlə yaradırıq. Həm xarici siyasətimiz, həm daxili siyasətimiz bir məqsədi güdməlidir ki, ölkə daha da qüdrətli olsun, insanlar daha da yaxşı yaşasınlar. Pensiyaların artırılması - bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bütün bunlar bizim siyasətimizi göstərir”.
Dövlət başçısı sosial sahədə digər önəmli layihələrin də icra edildiyini, özünüməşğulluq proqramının həyata keçirldiyini, cari ildə bu işlərə 12 min insan cəlb olunacağını, 90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcəyini, beləliklə, bütün bu və digər sosial layihələr, DOST xidmətinin fəaliyyətə başlamasına vəsaitlərin əsas hissəsinin enerji sektorundan gəldiyini bildirib: “Bu da Heydər Əliyev neft siyasətinin uğurlu icrası nəticəsində mümkün olubdur. Təsəvvür edin, əgər bizim neft-qaz kəmərlərimiz olmasaydı və xarici şirkətlər Azərbaycan neft-qaz sənayesinə milyardlarla dollar pul qoymasaydılar, biz indi nəyin hesabına yaşayacaqdıq? Bu səviyyədə yaşaya bilərdikmi? Əlbəttə ki, yox. Öz haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox. Ona görə Ulu Öndərin xalq qarşısında xidmətləri arasında bu sahə xüsusi yer tutur. Biz məhz bunun hesabına bu gün valyuta ehtiyatları yaratmışıq, iqtisadiyyatın digər sektorlarına, infrastruktura investisiya qoyuruq. Biznes, özəl sektor buna görə inkişaf edir. Hər kəs bunu bilməlidir ki, bu gün və bundan sonrakı illərdə qeyri-neft sektoru nə qədər inkişaf edirsə-etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur – neft və bu gün qaz. Ona görə bu, bizim üçün strateji əhəmiyyətli sahədir. Əlbəttə, mən çalışıram və bundan sonra da çalışacağam ki, bu sahə inkişaf etsin. Biz yeni neft kontraktlarının, yeni layihələrin işə düşməsi nəticəsində uzunmüddətli inkişafımızı təmin edəcəyik”.
“Bir dənə də olsun sosial layihə ixtisar edilməyib”
Dövlət başçısı onu da bildirib ki, pandemiya dövründə böhranın baş verməsi nəticəsində dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyini, Azərbaycanın bu siyahıda olmadığını, öz hesabımıza yaşadığını bildirib: “Neftin qiyməti kəskin aşağı düşür, buna baxmayaraq, biz bu işləri görürük. Budur siyasət. Bu, bizim şəhid ailələrinə, şəhidlərin ruhuna olan hörmətimizdir. Amma əfsuslar olsun, ölkə daxilində elələri tapılır ki, neftin qiymətinin düşməsinə sevinirlər. Buna kim sevinir? Mən demişəm, bir daha demək istəyirəm ki, qoy, Azərbaycan xalqı bunu bilsin və unutmasın. Birincisi, Ermənistan sevinir, çünki başa düşürlər ki, əgər bu tənəzzül davamlı olarsa, Azərbaycanın gəlirləri azalacaq, ona görə öz xərclərini bilməyəcək və beləliklə, zəifləyəcək və Ermənistan da bundan faydalanacaq. Buna Ermənistan sevinir, bu, təbiidir. Amma başadüşülən deyil ki, buna Azərbaycanın bəzi vətəndaşları, yaxud da ki, özlərini Azərbaycan vətəndaşı sayanlar sevinir. Bu məlumat artıq ictimailəşib. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə görün necə sevinirdi ki, neftin qiyməti 14 dollara düşüb. Bir-birinə «şad xəbər» verirlər, təbrik edirlər və bəziləri deyir ki, hələ tələsməyin, hələ düşəcək, o vaxt sevinəcəyik. Bu, nə deməkdir?! O deməkdir ki, bizim gəlirlərimiz azalacaq, lazımi sayda, həcmdə silah ala bilməyəcəyik. Özü də bu gün artıq dünya silah bazarı çox bahalı bir sahədir və hər bir silahın alınması çox böyük vəsait tələb edir, xüsusilə müasir dövrdə. Bu gün, əgər belə demək mümkündürsə, ağıllı silahlar üstünlüyü təmin edir. O silahlar ki, onların qiyməti çox bahadır və biz onları alırıq, alacağıq. Bizim imkanımız olmasa, onları ala biləcəyikmi?”
“Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam”
Ölkə Prezidenti özünü «müxalifətçiyəm deyən mənfur dəstənini niyyətlərini aydın şəkildə göstərərək bildirib ki, belələrinin məqsədi ancaq xalqa düşmənçilikdir: “Yəni, bu gün özünü müxalifət adlandıran bu mənfur dəstə nə istəyir? İstəyir ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz qalsın, gücsüz qalsın, silahsız qalsın. Azərbaycanı torpaqlar əldən gedən dövrdəki hala salmaq istəyirlər. Ona görə Azərbaycan xalqı hər şeyi bilməlidir. Mən deyəndə ki, bu, düşmənçilikdir, bu, müxalifətçilik deyil, - müxalifətçilik dövlətə qarşı ola bilməz, - mən tam haqlıyam”.
“Məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik”
“Bizi yenə də o qara günlərə qaytarmaq istəyirlər»-deyən dövlət başçısı bu günə kimi itirilə tompaqlarımızın səbəbkarları məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınçılığı olub: «O günlərə ki, biz o vaxt torpaqlarımızı itirmişik, məhz Azərbaycan Xalq Cəbhəsinin mənfur hakimiyyətinin yarıtmaz fəaliyyəti, satqınlığı nəticəsində torpaqlarımızı itirmişik. Onların hakimiyyət uğrunda gedən mübarizəsi nəticəsində torpaqlarımızı itirmişik. O vaxt torpaqlar əldən gedirdi, amma Azərbaycan Xalq Cəbhəsi burada vətəndaş müharibəsinə start vermişdi, qardaş qanı axıdılırdı. Ermənilər bizim şəhərlərimizi bombalayırdılar, şəhərlərimizi tuturdular, Kəlbəcəri işğal etmişdilər, onlar isə Gəncəni bombalayırdılar, öz şəhərlərini bombalayırdılar, Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Bu, xəyanət deyil, bəs nədir?! Şuşa kimi alınmaz qalanı ermənilərə satan satqınlar xəyanətkar deyil, bəs nədir?! Siz bunları yaxşı bilirsiniz. Məhz o dövrdə siz yaxınlarınızı itirmisiniz, öz sağlamlığınızı itirmisiniz, hər şeyi yaxşı xatırlayırsınız, o qara günləri xatırlayırsınız. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər. Bax, budur neftin qiymətinin düşməsinə sevinənlər. Mən demişəm, onlar ermənilərdən də pisdirlər”.
“Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin”
Dövlət başçısı bildirib ki, Ermənistan ordusu Tovuz istiqamətində torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb: “Dərhal lazımi tədbirlər görülüb, qisas əməliyyatı keçirilib və qisas əməliyyatı nəticəsində onlarla düşmən məhv edilib. Onların texnikası məhv edilib. Yəqin ki, siz də internetdə o videogörüntüləri görmüsünüz ki, Azərbaycan ordusu sərrast atəşi ilə dəqiqliklə Ermənistanın dayaq məntəqələrini, idarəetmə məntəqələrini və digər hərbi infrastrukturu necə məhv edir! Biz bunu nəyin hesabına edirik? Müasir silahlar hesabına. Bu silahlar Azərbaycanda istehsal olunmur. Bu silahların qiyməti çox yüksəkdir. Bizim maddi imkanlarımız olmasa, onu edə bilməzdik. Bu gün Azərbaycan Xalq Cəbhəsinin gözündə qalan arzusu budur ki, imkanımız olmasın, Azərbaycan yenə də torpaqlar itirsin".
Prezident İlham Əliyev: “Mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı Vətəni qorumaq üçün müraciət edib”
“Bu günlərdə gündə bəlkə də minlərlə məktub alıram. Vətəndaşlar öz dəstəyini, həmrəyliyini ifadə edir, orduda xidmət etmək istəyirlər. Mən çıxışımda demişdim ki, orada şüşələri qıranlar orduya yazılsınlar. O günə cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdi. Amma mənim sözlərimdən heç bir həftə keçməyib, 50 minə yaxın Azərbaycan vətəndaşı - onların mütləq əksəriyyəti gəncdir - Vətəni qorumaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib, öz adını, ünvanını veriblər. Mən onlara təşəkkür edirəm”.
Dövlət başçısı qeyd edib ki, budur Azərbaycan xalqı, budur Azərbaycan gənci: “Parlamentin şüşələrini, qapılarını qıran yox. Budur, bu gün Qarabağda ölümə getməyə hazır olan Azərbaycan gənci. Mən bir daha onlara, onların valideynlərinə təşəkkürümü bildirirəm. Onlar xalqımız, dövlətimiz üçün dəyərli övladlar yetişdiriblər”.
“Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi”
Dövlət başçısı bildirib ki, bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi: “İnsanların coşqusu və ehtirasları çox müsbət istiqamətdə gedirdi. Mən dərhal göstəriş verdim ki, hüquq-mühafizə orqanları, ilk növbədə, Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün bütün tədbirləri görsün. Yəqin, internetdə görmüsünüz ki, insanlarla bərabər, polis əməkdaşları da gedirdilər. Çünki insanlar avtomobil yolu ilə gedirdilər, orada hansısa qəza baş verə bilərdi. Çox nizamlı şəkildə hara gəldilər? Şəhidlər xiyabanına, ora da gəlməli idilər. Orada öz dəstəklərini ifadə etdilər. Ancaq bəzi çirkin ünsürlər, Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, parlament binasına soxuldular, orada dağıntılar etdilər. Parlament binasının əldə edilmiş qələbə ilə nə bağlantısı var? Bir də ki, bu, qələbədir, bunu hamı etiraf edir. Ermənistan artıq bunu etiraf etməyə məcburdur. Biz bu günlərdə böyük xarici dəstək də görmüşük. Yəni, xalqın iradəsi öz yerini tapmışdır, bunu bayram etmək lazımdır. Amma girib parlamentin binasının divarlarını, kabinetlərini dağıtmaq, sökmək nəyə lazım idi?! Üçüncü mərtəbəyə qədər qalxmışdılar. Kabinetlərin qapılarını, şüşələrini sındırırdılar. Sən gəlmisən burada ali qanunvericilik orqanını dağıtmağa? Bunu kim edə bilər? Düşmən, başqa heç kim. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu edər? İndi istintaq gedir. Mən istintaqı qabaqlamaq istəmirəm. Heç müdaxilə etmək fikrim də yoxdur. Amma hər şey göz qabağındadır. İndi bəzi görüntülər də ictimailəşdirilib. Görün, bu adamlar hansı miskin və aciz gündədirlər. Hanı bunların “hünəri”, hanı bunların “qəhrəmanlığı”? İndi qanun qarşısında cavab verəcəklər. Mən demişəm, bir daha da demək istəyirəm, bu cinayətləri, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Bir-bir hamısını tapacağıq və bir-bir tapırıq. Son nəfərinə qədər tapıb məsuliyyətə cəlb edəcəyik. Qoy, xalq onları tanısın. Qoy, onların valideynləri utansınlar - onlar kimi böyüdüblər? Hansı manqurtları böyüdüblər? Ona görə ictimaiyyət bunu bilməlidir. Təkcə onlar yox, onların valideynləri də məsuliyyət daşıyırlar. Təbii ki, bu, mənəvi məsuliyyətdir. Amma qoy, valideynləri də utansınlar. Bu, nəyi xatırladır? Yəqin ki, siz də xatırlayırsınız, 1992-ci ili. Azərbaycan Xalq Cəbhəsinin hərbi çevrilişi parlamentin binasının zəbt edilməsi ilə başlamışdı və orada da başa çatmışdı. O kadrlar da var, yəqin ki, televiziyalar onu göstərəcəklər. O vaxt Azərbaycan hakimiyyəti bunun qabağında dura bilmədi. Çünki cəsarət, qətiyyət göstərmədi, iradə və ən önəmlisi, xalqın dəstəyi yox idi. Ona görə orada bir dəstə adam yığışan kimi, oraya basqın edən kimi hakimiyyət tamamilə dağıldı. Hərə bir tərəfə çəkildi, gizləndi, biri evində, biri harada. Hakimiyyətsizlik hökm sürürdü. Eyni ssenari üzrə bunlar bu dəfə də bunu etməyə çalışırdılar. Eyni ssenari üzrə, parlamentin binasını zəbt etmək, orada öz hakimiyyətini elan etmək. İndi istintaq materialları bunu artıq göstərir. Yenə də deyirəm, qabaqlamaq istəmirəm, Azərbaycan xalqı hər şeyi biləcək. Faktiki olaraq hakimiyyəti qanunsuz yollarla zəbt etmək istəyirdilər. Amma mən dedim, onların fikri o illərə getməsin. İndi Azərbaycan o Azərbaycan deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var”.
“Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil”
“Biz bu günlərdə heç vaxt olmadığı qədər, - nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, - çox güclü beynəlxalq dəstək gördük. Təbii ki, ilk dəstək, ilk qardaşlıq addımı qardaş Türkiyədən gəldi. Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan birmənalı şəkildə Azərbaycanı dəstəklədi, bildirdi ki, Azərbaycanın yanındadır. Bildirdi ki, Azərbaycan və Türkiyə, iki qardaş ölkə hər zaman bir yerdə olacaqlar”- deyən dövlət başçıs bu dəstəyə görə qardaş dövlətə təşəkkürünü bildirib: “Bu günlərdə biz daim təmasdayıq. Mənə telefonla zəng edib, dəstək ifadə edib, şəhidlərimizin həlak olması ilə əlaqədar başsağlığı verib. Deyib ki, biz sona qədər bir yerdəyik. Mən də hər zaman dostum, qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət göstərmişəm. Türkiyə xalqına mənim məhəbbətim heç kəs üçün sirr deyil. Dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkələr yoxdur. Bu, həm tarixə, bizim ortaq, etnik köklərə, həm də bugünkü siyasətə əsaslanır. Eyni zamanda, Türkiyənin digər yüksək vəzifəli rəsmi şəxsləri, o cümlədən Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstərmişlər”.
“Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”
“Biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi”.deynə Azərbaycan Prezidenti onu da deyib ki, sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verilib, vəssalam: “Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”.
“Bu gün Azərbaycan beynəlxalq müstəvidə, mənfur qonşu ilə mübarizədə çox böyük gücə çevrilib”
“Bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq”- deyən dövlət başçıs bildirib ki, bizim üçün bir nömrəli milli məsələnin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir: “Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm - beynəlxalq təşkilatlarda, beynəlxalq kürsülərdən, ölkə daxilində. Çox da təkrarlamaq istəmirəm, amma bir şeyi istəyirəm Azərbaycan xalqı bilsin ki, bu, milli məsələdir. Biz bu məsələni elə həll etməliyik ki, bu həll Azərbaycan xalqını tam təmin etsin. Hər hansı bir yarımçıq həll bizə lazım deyil. Çünki bu, müvəqqəti olacaq. Yarımçıq, sadəcə, mərhələ ola bilər. Ancaq məsələnin həlli tam olmalıdır. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Budur mənim siyasətim və bu, siyasətimin bir hissəsidir, o hissəsi ki, bu haqda hələ ki, açıq danışmaq olar”.
Ölkəmizin ərazi bütövlüyünün danışıqlar predmeti olmadığını və olmayacağını vurğulayan dövlətimizin başçısı deyib ki, biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq. İnşallah, ondan sonra orada sizinlə bir yerdə görüşüb bu günləri də xatırlayacağıq.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB