Xəyanətlər burulğanında gerçəkləşən məğlubiyyət!

Xəyanətlər burulğanında gerçəkləşən məğlubiyyət!

(Ağdamın işğalınndan 27 il ötür)

Hər dəfə torpaqlarımızın işğalı ərəfəsində müxtəlif yönümlü qələm sahiblərinin müxtəlif baxışlı yazılarını oxuyuruq. Oxuyuruq və fərqinə varmadan hər deyiləni, hər yazılanı gerçək kimi qəbul edirik. Həmin dövrdə hadisələrin mərkəzində olmuş bir vətəndaş olaraq bütün yazı müəlliflərinin fikirlərinə hörmətlə yanaşmaqla, gerçəklərə əsaslanan fikirlərimi oxucularla bölüşmək istədim. Düz 27 il öncəyə qədər yayın, xüsusilə iyulun gəlməsini səbirsizliklə gözləyər, fərəh hissi keçirərdim. Yayın məhz bu ayında Ağdamda dünyaya gəlmişdim. Artıq 27 ildir ki, məni yaşadan Ağdamım, babalarımın uyuduğu o müqəddəs torpaq düşmən tapdağındadır. Mən isə minlərlə didərgin ağdamlıdan biriyəm...

1988-ci il 16 fevral. “Hayastan” deyə bağıran ermənilərə ilk dəfə Ağdamda bildirildi ki, bu xalq yaşayır və öz Vətənini qorumağa qadirdir. Fevralın 19-da Ağdamda başlanan növbəti mitinq 3 gün davam etdi. Fevrlın 21-də Sov.İKP MK Siyasi Bürosunda Qarabağ məsələsinə baxılacağı barədə məlumat gəldi. 22 fevral, saat 8-dək Moskvadan heç bir xəbər gəlmədiyini görən Vətən oğulları birbaşa Xankəndinə doğru yollandılar...

Həmin gün 2 şəhid, 17 yaralı verən Ağdam gənclərinə bundan sonrakı münasibət barədə 2 epizodu yada salmaq kifayətdir: Fevralın 24-də Ağdam rayon partiya komitəsinin iclas zalında “Bakıdan gələn şura hökuməti”nin başçısı Telman Orucov yığıncaq keçirirdi. Vətən yolunda yaralanmış bir neçə gənci xəstəxanadan zala gətirdilər. Elə buradaca T.Orucov cənabları üzünü yaralılara tutaraq dedi ki, “gərək o güllə sizin alnınıza dəyəydi...” Bu oldu torpaq uğrunda canından keçməyə hazır olan gənclərin “mükafat”ı! Daha sonra rayon DİŞ “fəaliyyətə” başladı. Adamlılar milis şöbəsinə çağırıldı, foto-şəkillə sübut edildi ki, “sən də getmisən.” Nə etməli? Yoldaşları “görüb” şəkili yandırtmalı, adını siyahıdan sildirməli. Bu mənəvi zərbə diribaşları 1988-ci ilin avqust – sentyabr aylarına qədər susmağa, elədiklərini həm ermənilərdən, həm də öz rəhbərlərimizdən və inzibati orqanlarımızdan gizli saxlamağa məcbur etdi. 21 sentyabr 1988-ci il.

Moskva bacarıqsız respublika rəhbərlərindən istifadə edərək güclü bir gedişə əl atdı. DQMV-də və Ağdamda xüsusi vəziyyət elan edildi. Ermənilərin ən çox ehtiyat etdikləri Ağdamı Moskva nəzarətə aldı. Yeganə yol rəsmi bir təşkilat yaradıb, DQMV-də yaşayan azərbaycanlılara maddi və mənəvi dayaq olmaqdan ibarət idi. Bu məqsədlə “Dayaq” cəmiyyətini yaratdıq. Cəmi 3 ay fəaliyyət göstərə bildik. Yuxarının göstərişi ilə bu cəmiyyət də bağlandı. Bundan sonra xalqın birliyini yaratmaq məqsdilə, Ağdamda Xalq Cəbhəsi yaradıldı (Bakıda AXC 1989-cu ilin iyulunda, yəni Ağdamdan yeddi ay sonra yaradıldı) və Ağdamın vətəpərvər oğulları bu təşkilat ətrafıda birləşdilər.

Bütün bunlar Ağdamda sözün əsl mənasında birlik olduğu, bu birliyin sarsılmazlığı, bu sarsılmazlığın isə düşmənin öz məqsədlərini həyata keçirməsində ən böyük maneə olduğunu göstərirdi. Düşmənin başlıca vəzifəsi Ağdamda parçalanma salmaq, bu birliyi sarsıtmaq, nəticə etibarilə güclü bir qüvvəni zəiflətməkdən ibarət idi. Təəssüf ki, 1989-cu ilin iyulunda yaranan Azərbayca Xalq Cəbhəsinə arxa, dayaq kimi inanıb birləşən ağdamlılar bunun əksi ilə qarşılaşdılar. 1989-1992-ci illərdə həm həminrdəki respublika rəhbərliyinin, həm də AXC-nin fəaliyyəti ilə bağlı qalaq-qalaq yazılar olduğunu nəzərə alıb bu barədə yazmağa ehtiyac görmürəm.

Yalnız bir faktı qeyd etmək istəyirəm ki, Ağdamı özünümüdafiə dəstələri – Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Fred Asifin, Yaqub Rzayevin, General Ərşadın, Yelmarın başçılıq elədikləri qüvvələr düşmənə qarşı birlikdə döyüşür, məhz həmin qüvvələrin birgə döyüşünün nəticəsi olaraq 1992-ci il iyunun 12-də Xoramort, Ağbulaq, Aranzəmin, Pircamal, Naxçıvanik, Dəhraz kimi strateji əhəmiyyətli kəndlər, cəmi 110 dəqiqəyə erməni quldurlarından təmizləndi. Bu cür birlik və komandirlər qorunub saxlanmaq şərti ilə, həmin qüvvələrlə nəinki işğal olunmuş əraziləri təmizləmək, hətta Xankəndinə üçrəngli bayrağımızı sancmaq da mümkün idi. Ancaq yenə də müəmmalı ölümlər, müəmmalı oyunlar, xəyanətkarlıqlar!..

Allahverdi Bağırovun, Şirin Mirzəyevin eyni variantla müəmmalı ölümləri, general Ərşadın döyüşlərdən kənarlaşdırılması, Fred Asifin tezliklə müalicə olunub dəstəyə qayıtmasına kömək əvəzinə, xəstəliyinin hospitalda getdikcə ağırlaşması (?) və digər hadisələr çox mətləblərdən xəbər verir. Nəhayət, Abdal – Gülablı kəndlərinin, onlarla birlikdə quldurlardan təmizlənmiş beş erməni kəndinin düşmənə yenidən təhvil verilməsi açıq xəyanət idi. Bu xəyanət haqqında dəfələrlə yazdığıma, efirlərdə çıxışlar etdiyimə görə, ətraflı yazıb vaxt aparmaqistəmirəm. Ancaq bir cümlə ilə onu qəti olaraq deyə bilərəm ki, Abdal-Gülablı Rəhim Qazıyevin və Pənah Hüseynovun planlı şəkildə hazırladıqları xəyanətin qurbanı oldu.Həmin xəyanətdən istifadə etməklə ermənilər Qarabağ uğrunda gedən döyüşlərdə özlərinin xeyrinə əsaslı dönüş yaratmağa nail oldular. Və bundan sonra planlı şəkildə hərbi əməliyyatlar keçirən düşmən Azərbaycanda gedən saray didişmələrindən, hakimiyyət hərislərinin kabinet, kreslo davalarından məharətlə istifadə edərək, xaricdəki güclü dayaqlarından da aldığı köməklərlə birlikdə Ağdam şəhərini işğal etmək üçün bütün hazırlıqlarını başa çatdırıb, marığa yatdılar, Bakıda hadisələrin kulminasiya nöqtəsini gözlədilər. Gözlədilər və məlum oldu ki, gözləməklə səhv etməyiblərmiş...

1993-cü ilin iyun qiyamı ərəfəsində Ağdamda, demək olar, S.Hüseynovun göstərişi ilə oturub-duran əksər zabitlər ağır texnikanı rayon ərazisindən çıxarıb Gəncəyə aparmışdılar. İyunun 11-dən düşmən qüvvələri uzun müddət hazırladıqları işğal planının birinci mərhələsini həyata keçirməyə başladılar. Ermənilərin ilk böyük hücumu strateji əhəmiyyətli yüksəkliklərdə və onların ətəklərində yerləşən Yetim Cinli, Əliağalı, Qalayçılar, Kürdlər, Xaçındərbənd kəndlərinə və bu ərazidə olan yüksəkliklərdəki mövqelərə oldu. Bu ərazini Daxili Qoşunlar qorumalı idi. Lakin Gəncə qiyamı ilə əlaqədar Daxili Qoşunların komandanı F.Hacıyev öz vəzifəsini icra edə bilmədi və hərbi qüvvələrimiz bu yerləri əslində müqavimətsiz verib çıxdılar. Özünümüdafiə qüvvələrindən düşmənin mühasirəsinə düşmüş təqribən 170 nəfər mühasirəni çox çətinliklə yarıb çıxa bilmişdilər.

Müqavimətə rast gəlməyən düşmən hücumunu davam etdirir, bir-birinin ardınca Kəngərli, Salahlı, Çullu, Boyəhmədli, Papravənd və digər kəndləri ələ keçirirdi. Bakıya, rəhbərliyə nə qədər zəng vurulsa da, məlumat verilsə də tədbir görən olmurdu. Əslində hakimiyyətə can atan S.Hüseynov və onu dəstəkləyənlərin təqsiri üzündən Bakıda o vaxt heç konkret rəhbərlik də yox idi. Belə bir vaxtda yenidən Ağdamda vəziyyətdən süi-istifadə etmək, hakimiyyətə can atmaq istəyənlər “zühur etdi”. İyulun 16-da Surət Hüseyovun silahlı dəstələridən biri Ağdama gəldi və silah gücünə qanuni rəhbərliyi binadan çıxararaq istədikləri adamı “təyin etdilər”. Eyi zamanda rayonu guya müdafiə etmək məqsədilə Ağdama yeni hərbi qüvvə də gətirildi.Yeni gələn qüvvənin komandiri rayonun müdafiə işinə ümumi rəhbərliyi öz üzərinə götürdüyünü, MN-nin əmri ilə təyin olunmuş komandir isə öz vəzifəsini axıradək yerinə yetirmək fikrində olduğunu bildirdi. İki komandir arasında birinci olmaq uğrunda mübarizə, eyni zamanda rayonda birinci şəxs olmaq uğrunda mübarizə!..

Beləliklə, İyulun 16-da qanunsuz yolla İH-nin başçısı dəyişdirildi. İyulun 18-də isə komandirlərin mübarizəsi, rayonun iki müdafiə zonasına bölünməsi, hər komandirin öz zonasına cavabdeh olması şərti ilə başa çatdı. Belə bir gərgin vaxtda Ağdamın yerli gənclərindən ibarət, dörd minə yaxın könüllü döyüşçüləri ətrafında birləşdirən altı hərbi birləşmənin Surət Hüseynovun göstərişi ilə ləğv ediləsiİ rayonun işğalına münbit şərait yaratdı. İki gün sonra – iyulun 21-də ermənilərin növbəti hücumu başlandı. Toplardan, “Alazan” və “Qrad” qurğularından atılan mərmilər şəhərə yağış kimi yağırdı. Bu dəfə Ağdama silah gücü ilə “təyin edilmiş” yeni başçı (dünyasını dəyişdiyi üçün adını çəkmir və bu barədə geniş danışmağı lazım bilmirəm) rayon mərkəzini tərk edib komandası ilə birgə Qərvənd kəndinə gəldi və rayonu burdan “idarə etməyə” qərar verdi.İyulun 21-22-də ermənilər getdikcə şəhərə və rayonun yaxın kəndlərinə doğru irəliləyir, bizim tərəfimizdən isə heç bir əsaslı cavab tədbiri görülmürdü. İyulun 22-də poçt vasitəsilə (Ağdamın kişi qeyrətli telefonçu qızları Xalidə xala ilə birlikdə öz yerlərində idilər) yenə də baş nazir S.Hüseynovla əlaqə saxlanıldı, vəziyyətin son həddə çatdığı bildirildi. Axşama qədər köməyə böyük qüvvə göndərildi. Zəngişalı kəndində yerləşdirilən həmin qüvvə (sarı “XeBeli”, başında qırmızı lent) gecə ikən “itdi”. Səhərə yaxın qərargaha gəlib onları görmədik.

Düşmən isə irəliləməkdə davam edirdi. İyulun 23-də saat 9-10 radələrində rayon İH-nin binasından Bakıya zəng vurmaq istədik. Bu anda növbəti mərmi İH-nin binası ilə qonşu olan rayon rabitə qovşağına düşdü. Bütün rabitə dayandı. Bərdəyə gəlib, ordan Bakı ilə əlaqə saxladıq. 23 iyul, saat 11 radələrində Bardə rayon İH-nin binasından S.Hüseynovu hansısa bir idarədə, bu gün unutduğum bir nömrədə tapdıq. Dəstəyi götürən kimi S.Hüseynovun ilk sözü bu oldu: “Akazıvayetsa Ağdam üç gündü gedif, mənə deyirsiniz ki, qüvvə olsa saxlayarıq”. Nə qədər çalışsaq da onu inandıra bilmədik ki, Ağdamdan indicə çıxıb Bərdəyə gəlmişik. Onun son sözü belə oldu: “Obşim, orada qoymayın panikavat eləsinlər, mən erməniləri xəbərdar eləmişəm, Ağdamı tutsalar onların azı iç şəhərini verdi-viran eləyəjəm, siz narahat olmayın, bir də qoymayın panikavat eləsinlər”. Hər şey məlum idi. Ağdam xəyanətlə verilmişdi.

Əsəbi halda rayon mərkəzinə qayıtmaq üçün Ağdama döndük. Ancaq daha bizə Ağdamı görmək nəsib olmadı. Qərvəndə çatanda bildirdilər ki, şəhərə girmək olmaz. Elə buradaca qarşılaşdığım ilk adamın üz-gözünün yaralandığını, köynəyinin cırıq-cırıq olduğunu görüb, ona yaxınlaşdıq. Ət kombinatının yanında onu sarı “XeBeli”, qırmızı çalmalı əsgərlərin gülləyə tutduğunu, maşınını qoyub, canın götürüb qaçdığını eşitdik. Və məlum oldu ki, bir gün əvvəl gələn qüvvələrə hansı tapşırıqlar verilib və gecə ikən onlar niyə yoxa çıxıblar... Beləcə, Ağdam şəhəri 60-dan çox kəndi ilə birlikdə düşmənə verildi. Əziz oxucu, bu yazıda yalnız şahidi olduğum hadisələrin çox az bir qismindən söz açdım.

Əlbəttə, vaxt gələcək, tarix çox mətləbləri açacaq. Ancaq sonda bəzi qüvvələrin siyasi maraqlarına uyğun olaraq Ağdamın işğalını Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövrü ilə bağlamağa çalışmalarına da münasibət bildirmək istərdim. Məncə siyasi maraqlara əsaslanan bu fikirlər yalnız zəif düşüncəli, baş verənləri doğru-düzgün anlamaqda çətinlik çəkən vətəndaşlarda yanlış düşücə formalaşdırmaq məqsədindən başqa bir şey deyil. Belə ki, Ümummilli Liderin ölkəni hansı durumda təhvil alması, ölkədə vətəndaş müharibəsinin pik həddə çatması, ölkəni bir neçə yerə bölmək istəyən separatçı qüvvələrin hərəkətə keçməsi, ölkənin faktiki idarəolumaz vəziyyətə gətirilmış olması, ölkənin Prezidentinin respublikanı belə bir vəziyyətdə başlı-başına qoyub qaçması, onun ardınca digər vəzifəli şəxslərin “vəzifələrini dondurmaları”, ordu daxilində anti-milli qüvvələrin şəbəkə yaratması və digər məqamlar müqabilində əvvəlcədən xarici qüvvələrin də köməyi ilə hazırlanmış erməni hücumlarının dayandırılması, faktiki olaraq qeyri-mümkün idi. Çox qeyri-mümkünləri sonrakı dönəmlərdə mümkünə çevirən dünya şöhrətli siyasətçinin belə, həmin dönəmdə dünya gücləri ilə birgə hazırlanmış planı zərərsizləşdirmək, sadəcə nağıllarda ola bilərdi.

Hesab edirəm ki, xalqımızın tarixi ilə bağlı həqiqətləri siyasi konyuktura xatirinə dəyişmək cəhdi də milli xəyanətə bərabərdir və gələcəyimizə ötürülən informasiya ilə yeni nəslin gerçəklərdən uzaq düşüncələrinin formalaşmasına rəvac verməkdir.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə