“Azərbaycan mətbuatı daha böyük nailiyyətlər əldə edəcək” Sevinc Seyidova
“Əsası Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə qoyulan milli mətbuatımız 145 illik yubileyini qeyd edir. Bu illər ərzində mətbuat çox böyük inkişaf yolu keçib. Hazırda ölkəmizdə fəaliyət göstərən əksər media orqanlarının fəaliyyətində Zərdabidən miras qalan ənənə hiss edilir”. Bunu SİA-ya açıqlamasında “Həftə içi” qəzetinin Baş redaktoru Sevinc Seyidova deyib.
Onun sözlərinə görə, 145 il ərzində mətbuat səhifələrində yazılanlar milli dövlətçilik tariximiz üçün də əvəzsiz salnamədir: “Müstəqillik illərində formalaşmış milli mətbuatımızın inkişafı isə birbaşa Ümumilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. KİV haqqında qanun və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası birdəfəlik olaraq senzuranı qadağan etdi. 1998-ci ildə isə məhz Ulu Öndərin sərəncamı ilə senzuranın qalıqları tamamilə aradan qaldırıldı. Bununla da Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başladı”.
Sevinc Seyidova bildirdi ki, milli mətbuatımızın sonrakı inkişafı isə Prezident İlham Əliyevin adı ilə bağlıdır: “Dövlət başçısının müvafiq sərəncamları ilə çap mediasına dövlət dəstəyinin göstərilməsi üçün KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Mətbuat nümayəndələrinin sosial-iqtisadi təmininin, mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dünyada ilk dəfə jurnalistlər üçün mənzillər inşa edilərək təmənnasız formada təqdim edildi. KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik aktları müasir dövrün tələbləri və çağırışlarına uyğunlaşdırıldı”.
“Bu gün Azərbaycanda kütləvi informasiya vasitələri haqqında qanun beynəlxalq aləmdə və Avropa sisteminə söykənərək, tam demokratik prinsiplərə əsaslanır” deyən Sevinc Seyidova onu da bildirdi ki, dünyada və ölkəmizdə tüğyan edən koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı tətbiq edilən sərt karantin rejiminə baxmayaraq Azərbaycan Prezidenti tərəfindən milli mətbuatımızın 145 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müvafiq sərəncam imzalandı: “Bu sərəncam bir daha dövlət başçısının mətbuatın inkişafına diqqət və qayğısının göstəricisidir. Əminəm ki, Azərbaycan mətbuatı bundan sonra da öz ənənələrinə sadiq qalaraq daha böyük nailiyyətlər əldə edəcək və uğurlu inkişaf yolu keçəcək. Fürsətdən istifadə edərək mən də jurnalist həmkarlarımı 145 illik yubiley münasibəti ilə təbrik edir, yeni uğurlar və nailiyyətlər arzulayıram”.
Nəzakət Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB