"İmtahan verəcək şəxsin özünü qorumasından çox şey asılıdır" ÖZƏL - AÇIQLAMA
"İmtahanların həyata keçirilməsi zamanı vətəndaşlardan çox şey asılıdır. İmtahan verəcək şəxsin özündən və özünü qoruya bilməyindən çox şey asılıdır. Ona görə də valideynlərə, imtahan verəcək gənclərimizə və hər bir vətəndaşımıza müraciət edərək demək istəyirik ki, maksimum təhlükəsizlik qaydalarına riayət etsinlər". Bu sözləri SİA-ya açıqlamasında açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, pandemiya başlayandan bu günə qədər görülən işlər ilk növbədə əhalinin təhlükəsizliyini təmin etmək üçün atılan addımlar kimi qiymətləndirilməlidir:
"Dövlət bu sahədə düşünülmüş addımlar atır. Biz bu günə qədər statistikaya görə, yoluxma və ölüm sayı nəzərə alındıqda dünya ölkələri içərisində ən son sıralardan birində gəlirik. Bu dinamikanı stabil etmək, onu qorumaq üçün tədbirlər davam etdirilməkdədir və davam etdirilməlidir. Bu tədbirlərdən biri və də birincisi elə təhsil sistemi ilə bağlı oldu. Pandemiya dövrünün başlanğıcından bütün təhsil müəssisələri, baxçalar, məktəblər, ali məktəblər bağlandı və imtahanlar da, istər buraxılış, istərsə də qəbul imtahanları məcburi qaydada yubadıldı. Lakin təbii ki, təhsil inkişafdan qala bilməz. Bu pandemiyaya görə təhsilimiz bir il geri düşə bilməz. Hər bir zaman önləmlər almağı bacaran, hətta, bu, gözlənilməz və elan olunmamış müharibədə belə əhalini qorumağı bacaran dövlət əlbəttə ki, imtahanın şərtlərini və şəraitini elə bir şəkildə təşkil edəcək ki, sağlamlıq baxımından maksimum təhlükəsiz həyata keçirilsin".
Millət vəkili əlavə edib ki, bu istiqamətdə dövlət və əlaqədar qurumlar öhdəsinə düşən məsələləri və vəzifələri yerinə yetirəcək, qalan məsuliyyət isə vətəndaşlarımız üzərinə düşür:
"İmtahanların həyata keçirilməsi zamanı vətəndaşlardan çox şey asılıdır. İmtahan verəcək şəxsin özündən və özünü qoruya bilməyindən çox şey asılıdır. Ona görə də valideynlərə, imtahan verəcək gənclərimizə və hər bir vətəndaşımıza müraciət edərək demək istəyirik ki, maksimum təhlükəsizlik qaydalarına riayət etsinlər. Yəni, sanitar-gigiyenik baxımdan şərtlərə riayət edilsin. Tutuculuq qabiliyyəti daha güclü olan maskalardan istifadə edilsin, ara məsafə saxlanılsın. Bunlar mütləq edilməlidir. Digər məsələlər isə təbii ki, dövlət tərəfindən həyata keçiriləcək. Bu münasibətlə imtahan verəcək hər bir kəsə uğurlar arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB