“Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!”

“Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!”

Dünyanın aparıcı güc mərkəzləri, bəzi iddialı ölkələr insan hüquqları, din azadlığı anlayışından öz geosiyasi, geoiqtisadi maraqlarını təmin etmək üçün bir vasitə kimi istifadə edirlər. Belə bir zamanda Azərbaycan əsası Ulu Öndər tərəfindən qoyulan nümunəvi dövlət-din münasibətləri və müasir multikulturalizm siyasəti həyata keçirir. Bu siyasət bəşəri dəyərlər sisteminə, xüsusilə beynəlxalq təhlükəsizliyə qarşı yaranmış təhdidlərin qarşısının alınmasında çox önəmli strategiyaya çevrilib. Dünyada radikalizmin, ekstremizmin fəsadlarına yönəlik mübarizədə Azərbaycan strategiyasının alternativi yoxdur. Dini dözümlülük, tolerantlıq, multikulturalizm artıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri, xalqımızın həyat tərzidir. Bu istiqamətdə görülən işlər milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Ölkəmizdə yaşayan qeyri-xalqlarin nümayəndələri ilə xalqimiz əmin-aman şəraitdə yaşayir, birlik, həmrəylik nümayiş etdirirlər. Cətin, ağir, eləcə də xoş günlərdə bir-birinin yanındadırlar.

Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri Ermənistanın 2020-ci il iyul ayının 12-dən etibarən Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirlər. Bununla bağlı Azərbaycan Respublikasındakı etnik icma rəhbərləri birgə bəyanat yayib. Belə ki, Talış Mədəniyyət Mərkəzi, Azərbaycanda Rus İcması, Azərbaycan-Avar İcması İctimai Birliyi, Bakı Dağ Yəhudiləri Dini İcması, Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcması, Avropa Yəhudilərinin Bakı Dini İcması və digər icma rəhbərləri təmsil etdikləri Azərbaycan xalqları adından Azərbaycanın Tovuz bölgəsində törətdiyi hərbi təcavüz aktlarını, təxribatları qətiyyətlə pisləyirlər. Bəyanatda deyilir ki, Ermənistanının siyasi rəhbərliyi növbəti dəfə məsuliyyətsiz və mənfur əməlləri ilə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi şəkildə mane olmuş, digər tərəfdən növbəti məğlubiyyəti ilə öz xalqını xaosa, səfələtə sürükləmiş, daxili siyasi böhranı daha da dərinləşdirmişdir. Həmin təcavüz aktları nəticəsində Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksək rütbəli zabitlər və bir dinc sakin həlak olmuşdur. Münaqişənin əvvəllərində olduğu kimi, bu gün də milli ordumuzun sıralarında Azərbaycanda yaşayan xalqların yüzlərlə nümayəndələri - əsgər və zabitləri olduğu bildirilir: “Eləcə də bu gün müxtəlif xalqların övladları da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin çağırışına səs verərək könüllü olaraq orduda xidmət etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq, torpaqlarımızı mənfur düşməndən təmizləmək istəyi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişlər. Azərbaycanda elə bir xalq yoxdur ki, bu müqəddəs amal uğrunda mübarizədə şəhid verməsin. Lakin biz şəhidləri etnik mənsubiyyətinə, dilinə, dininə görə ayırmırıq. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların hər biri bizim üçün əzizdir, igid övladlarımız, qardaşlarımızdır və onların ruhu qarşısında ehtiramla baş əyirik”.

Ermənistan dəfələrlə Azərbaycanda yaşayan xalqların içərisinə ədəvət toxumu səpməyə, süni qarşıdurma yaratmağa çalışmış, lakin öz mənfur niyyətinə nail ola bilməmişdir. Əksinə, onların çirkin təxribatları, dinc əhaliyə qarşı törətdikləri cinayətlər, döyüş bölgələrində verdiyimiz şəhidlər bizim sıralarımızı daha da genişləndirir, işğalçı düşmənə nifrət hissini artırır, xalqlarımız arasında birlik, qardaşlıq tellərini daha da sarsılmaz edir. Bəyanatda o da bildirilir ki, tarixi Azərbaycan əraziləri olan indiki Ermənistan Respublikasında müxtəlif xalqların nümayəndələri yaşamışlar. Lakin Ermənistanda dövlət siyasəti səviyyəsində yürüdülən faşizm, etnik təmizləmə, millətçilik və etnofobiya nəticəsində bu ölkə rəsmi olaraq monoetnik dövlətə çevrilmiş, digər xalqların nümayəndələri açıq təhdid və təzyiq yolu ilə doğma yurdlarından didərgin salınmışlar. Belə olan təqdirdə, Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsində özünü Azərbaycanda yaşayan xalqların «dostu və himayədarı” kimi təqdim etməsi heç bir mənəvi-əxlaqi normalara sığmır, bu fəaliyyətin arxasında çirkin məqsədlərin dayanmasını açıq şəkildə göstərir. “Vətənimiz Azərbaycanın ən böyük sərvəti onun etnik müxtəlifliyi, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığıdır. Ölkəmizdə indiyədək etnik və dini zəmində qarşıdumaların baş verməməsi düşmənlərimizi qıcıqlandırmaqla yanaşı, bizim mənəvi birliyimizin, Azərbaycan Respublikasının yürütdüyü milli siyasətin parlaq təzahürüdür. Biz Ermənistanın sərhəd bölgələrində, qoşunların təmas xətində törətdikləri təxribatları qətiyyətlə pisləyir və yekdilliklə bəyan edirik: Ermənistan və onun havadarları yaxşı bilməlidirlər ki, Azərbaycan bizim doğma Vətənimizdir. Onun hər qarış torpağı bizim üçün müqəddəs və əzizdir. Əminliklə deyirik, biz azərbaycanlılar – etnik və dini kimliyindən asılı olmayaraq Azərbaycanın bütün xalqları Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda mübarizənin ön sıralarında bu gün də və hər zaman dayanmağa hazırıq! Bizim birliyimiz, Vətən sevgimiz, ona sədaqətimiz sarsılmazdır!”.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə