Prezident İlham Əliyev: "Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”
Xüsusilə son həftələr ölkədə karantin müddətinin uzadılmasına ehtiyacın olması da, məhz dövlətin öz vətəndaşının sağlamlığını hər şeydən üstün tutmasının reallığının təsdiq edən amildir. Pandemiya başlayandan indiyə qədər məhz düşünülmüş siyasət nəticəsində Azərbaycanda vəziyyəti nəzarət altında saxlamaq mümkün olub. Elə karantin müddətinin uzadılması da dövlətin öz vətəndaşlarına daha diqqətli olmasının realllığıdır. Buna isə…
"Biz birlikdə güclüyük!" devizi ilə…
Bəli, dövlət başçısı hər an öz xalqının yanında olduğunu göstərməkdədir. Dövlətin siyasəti onu göstərir ki, insanların sağlamlığı, həyatı hər şeydən üstündür. Təbii ki, cəmiyyət Prezidentin bu qayğısını görür, anlayır, başa düşür və “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər.
Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, "Biz birlikdə güclüyük!" və hər kəs də yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq: "Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik, baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir. Bizdə də bu problemlər var, beş ayın nəticələri onu göstərir ki, bizim iqtisadiyyatımız da tənəzzülə uğrayıb. O qədər də böyük tənəzzül deyil - cəmi 1,7 faiz. Ancaq biz ilin əvvəlində çox yaxşı iqtisadi göstəricilər nümayiş etdirmişdik. Ona görə hesab edirəm ki, biz düzgün addım atmışıq. Çünki bir daha demək istəyirəm, - mən bunu demişəm, - mənim üçün insanların sağlamlığı əsas prioritetdir”.
"Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz?"
"Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır",- deyən dövlət başçısı bildirib ki, hər kəs maska taxmalıdır və bu bu insanların sağlamlığı üçün atılan addımdır: "Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir".
Dövlət başçısı bütün bu məsuliyyətsiz hərəkət edənlərə qarşı ictimai qınağın olmasını da deyib: "Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik".
İki cəbhədə mübarizə – təcavüzkar Ermənistan-gözəgörünməz koronavirus
Bəli, bu gün unutmayaq ki, dünyada və regionda koronavirus pandemiyasının hökm sürdüyü bir dönəmdə iyulun 12-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra dövlət və xalq olaraq biz artıq iki cəbhədə mübarizə aparırıq: həm işğalçı Ermənistana, həm də gözəgörünməz koronavirus adlı düşmənə qarşı. Çox vaxt həkimlərimiz bu savaşdan qalib çıxsa da, həyatını itirənlər də var. Elə buna görə də, qəbul edilən qərarlara səbirlə, təmkinlə yanaşaq, dözüm nümayiş etdirək. Dövlətin tövsiyələrinə, çağırışlarına və qadağalarına əməl edək ki, düşmənə qalib gələ bilək. Bu gün istər pandemiyaya, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə ən vacib məsələ güclü milli iradə nümayiş etdirmək, həmrəyliyə nail olmaqdır. Hər iki cəbhədə mənfur düşmənlə mübarizədə qələbə çalmağın yeganə yolu bir olmaqdan, həmrəy olmaqdan keçir. Məhz buna görə də "Bir olaq, həmrəy olaq, qalib olaq!".
Koronavirus: karantin rejimi uzadıldı, SMS icazənin müddəti artırıldı
Azərbaycanda ölkə üzrə karantin rejimi daha iki həftə - 31 avqust saat 00:00-dək uzadılıb. Bundan başqa, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında mövcud sərtləşdirilmiş xüsusi karantin rejiminin 5 avqust saat 06:00-dək davam etməsinə qərar verilib. Həmçinin, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları (25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək və 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Adları çəkilən ərazilərdə iyulun 20-dən bəri masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilib. Bundan başqa, SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
Nazirlər Kabineti yanında Operativ Qərargah "şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikasını" nəzərə almaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacağını qeyd edib.
Və bu gün karantin rejiminin uzudılmasında məqsəd hər kəsin ilk öncə özündə sosial məsuliyyət hiss etməsini dərk etməsi məqsədidir. Hamı başa düşməlidir ki, sosial yönündən asılı olmayaraq atılan müvəqqəti və məcburi addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçündür. Və sosial şəbəkələrdə şayiə və dezinformasiya, təşviş doğuran xəbərlər yayanlara qarşı isə ciddi tədbirlər görülür, görülməlidir də. Və dövlətin xalqın təhlükəsizliyi üçün bir qədər də zəruri və sərt addımlar atması ancaq və ancaq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçündür!
Bəli, bütün bunları xalqımız görür və hamılıqla dövlət başçımız İlham Əliyevin yürütdüyü siyasətə dəstək olmaqla bir daha "Biz birlikdə güclüyük!" şüarının sadəcə sözdə deyil əməlimizlə bu virusa qarşı irəli sürülən qaydalara məsuliyyətlə əməl edək!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB