1991-ci lini oktyabrın 28-də ermənilər Xocavənd, noyabrın 16-da Hadrut rayonunu, neçə-neçə kəndləri işğal etdilər. Həmin ilin ortalarında öz qoşunlarını Dağlıq Qarabağdan çıxaran Rusiya əslində öz silah-sursatını erməni hərbi dəstələrinə verdi. “Təkcə 81-ci operativ alayın 10 ədəd zirehli texnikası, 1000 ədəddən artıq atıcı silahı ermənilərin ixtiyarına verilmişdi”.
Dağlıq Qarabağdakı işğalçılıq əməliyyatlarına birbaşa Ermənistanın Müdafiə Nazirliyi başçılıq edirdi. Nazirlik Dağlıq Qarabağda bütün hərbi qüvvələrin və terrorçuların da daxil olduğu “Ermənistan ekspedisiya korpusu” yaratmışdı.
Ermənistana havadarları hərtərəfli yardım edirdilər. İ.Hüseynli “Dağlıq Qarabağ: tarix olduğu kimi” məqaləsində yazır:
“Dağlıq Qarabağ.
Ərazisi - 4388 km2
Əhalisi - 189085
Şuşa. Ərazisi - 289 km2, Əhalisi (1989) - 20579 Azərbaycanlılar - 19036 (92,5%) Ermənilər - 1377 (6,7%) İşğal tarixi - 1992, 8 may
Ətraf rayonlar. İşğal tarixi. Əhalisi:
Laçın 1992, 18 may - 66646
Kəlbəcər 1993, 2 aprel - 61947
Ağdam 1993, 23 iyul - 145359
Füzuli 1993, 23 avqust - 106543
Cəbrayıl 1993, 23 avqust - 62519
Qubadlı 1993, 31 avqust - 31619
Zəngilan 1993, 29 oktyabr - 36335
Təcavüzün qurbanları: Həlak olanlar - 20000 Əlil olanlar - 50000 İtkin düşənlər - 4866 Dağıntılar və ziyanlar Yaşayış məntəqələri - 900 Evlər - 130939 İctimai binalar - 7000 Məktəblər - 1025 Uşaq bağçaları - 855 Səhiyyə ocaqları - 798 Kitabxanalar - 927 Məscidlər - 62 Tarixi abidələr, muzeylər və yerlər - 900 Muzey eksponatları - 60000 Sənaye və kənd təsərrüfatı obyektləri - 2389 Avtomobil yolları - 5198 km Körpülər - 348 Su xətləri - 7568 km Qaz xətləri - 2000 km Elektrik xətləri - 76940 km Meşələr - 280000 ha Məhsuldar torpaqlar - 1000000 ha İrriqasiya sistemləri - 1200 km.[24, s.6]
Diqqətə çatdırılır ki, Ermənistanın hakim dairələri bu gün öz bəyanatlarında status-kvonun saxlanması arzusunu əslində gizlətmir və müvafiq olaraq gələcək hərbi toqquşmalara təhrik edirlər. Hərçənd, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin prezidentləri dəfələrlə bəyan ediblər ki, mövcud status-kvo qəbuledilməzdir. S.Sarkisyan və onun komandası substantiv (əhəmiyyətli) danışıqlara getməyə hazır deyillər, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onları Ermənistanın siyasi səhnəsindən birdəfəlik silib atacaqdır. Heç kəs tərəfindən tanınmamış “Dağlıq Qarabağ respublikası”nın adının bu yaxınlarda dəyişdirilərək “Arsax” adlandırılması təşəbbüsü danışıqlar prosesini pozmaq və substantiv danışıqlardan geri çəkilmək cəhdindən başqa bir şey deyil. Ermənistan rəhbərliyində Dağlıq Qarabağ probleminin həllinin hərtərəfli düşünülmüş, ölçülüb-biçilmiş, çoxvariantlı metodikası var. Bu metodikaya ermənilərin işğal edilmiş ərazilərdən çıxıb getməsi və Qarabağın hərbsizləşdirilməsi də daxildir. Hələ uzaq 1997-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan münaqişənin bu cür mərhələli həlli ilə razılaşmışdı. Lakin qeyd etmək lazımdır ki, elə həmin Ter-Petrosyan “Qarabağ” komitəsinin əsasını qoymuş, onun uzun illər boyu rəhbərlik etdiyi hərəkatın proqramında Dağlıq Qarabağın Azərbaycandan qoparılması və onun Ermənistana birləşdirilməsi barədə xüsusi bənd var. “Qarabağ kartı” ilə oynamaq kimi riyakar metodlar Ermənistanın sonrakı prezidentləri Koçaryan və Sarkisyan üçün də səciyyəvi idi. Serj Sarkisyanın yaxın vaxtlarda verdiyi bir bəyanatdan məlum olur ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin hesab edir ki, Dağlıq Qarabağ problemi həll edilərkən xalqların təyini-müqəddərat hüququ da nəzərə alınmalıdır.
Dağlıq Qarabağ lokal münaqişəsində hərb tariximizə Dördgünlük müharibə və ya Aprel döyüşləri kimi qəhrəmanlıq və zəfər vuruşu kimi şöhrət qazanan bu fenomenal hadisənin öz yeri və rolu vardır. Şövqi Bünyatöv bu münasibətlə yazır:” Aprel döyüşləri və ya Dördgünlük müharibə Azərbaycanın ən yeni tarixində şərəfli səhifələrdən yalnız biridir. Rəsmi məlumatlara görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş bu hərbi münaqişə əslində Ermənistan işğalçılarının növbəti atəşkəsi pozmalarına verilən cavab olmuşdu . Yəni Azərbaycan ordusu bütün Beynəlxalq sülh prunisplərinə sadiq qalsa da, qarşı tərəfin mənfur niyyəti, arxadan vurmaq xisləti, xainliyi özünü növbəti dəfə göstərəndə, ordumuz sadəcə onlara yerlərini göstərmişdi. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlə Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirtmişdir. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların da nəzarətdə saxlanılmasını təmin etmişdir.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olmuş,1Mi-24 helikopteri vurulmuş və bir tank mina partlayışı zamanı sıradan çıxmışdı. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artileriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv etmiş, 320 döyüşçüsü öldürülmüş və 500-dən artıq döyüşçüsü yaralanmışdır. Əhəmiyyətli bir haldır ki, rəsmi məlumatlardan belə məlum olur ki, müharibə amanı Azərbaycan 3 silahlı birləşmə ilə üz-üzə durmuşdur. Ermənistan, Dağlıq Qarabağ separatçıları və PKK üzvləri”. Müəllif aprel döyüşlərinin başlanma səbəblərini, mahiyyətini, hərbi, mülki-psixoloji əhəmiyyətini ətraflı, hərtərəfli şərh edir.
Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi, nəticədə Ermənistan silahlı qüvvələri 320-yə yaxın hərbçi, çoxsaylı texnika itirmiş, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılmış, Silahlı Qüvvələrimiz on minlərlə əraziyə nəzarət etmək imkanı qazanmışlar. “Aprel döyüşlərində mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı. Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Döyüş nəticəsində Goranboy rayonunun və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad olundu. Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığını elan etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aprelin 19-da yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildi.
Növbəti gün aprelin 20-də yayımlanmış məlumatlarda isə qeyd edilib ki, yenə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter tipli “DJİ PHAMTON” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi. Aprel döyüşləri həm də Ermənistan cəmiyyətində gərginliyi artırdı, xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi”.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2016-cı il noyabrın 12-də Füzuli rayonu ərazisində ön xəttə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olarkən hərbi qulluqçular qarşısında çıxışında Azərbaycan əsgərinin, xalqının qəhrəmanlığını belə xarakterizə edir: "Azərbaycan Ordusu aprel döyüşlərində peşəkarlıq, qəhrəmanlıq, məharət göstərib. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük və vətənpərvər xalqdır. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu, guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur".
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının "Azadlıq" meydanında keçirilən hərbi parad və hərbi paradda Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev deyib: "Bu gün Lələtəpədə, Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Aprel döyüşlərində biz strateji yüksəklikləri əldə etmişik. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərib. Bu, bir daha göstərib ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı da bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərdi. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Dünya 100 il əvvəl, elə indi də erməni nağıllarına qulaq kəsilib. Lakin hər bir nağılın sonu olduğu kimi, erməni nağılının da mütləq sonu olacaq. Bu sonu gətirən sürətlə inkişaf edən Azərbaycan, omun kəsərli diplomatiyası, qüvvətli ordusu olacaq...".
Azərbaycan və qardaş Türkiyə Paşinyandan Dağlıq Qarabağ probleminin həlli istiqamətində addımlar atmasını, Türkiyəyə ərazi iddialarında əl çəkməsini gözləyir. Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" bloku 70%-ə yaxın səslə qələbə qazanıb. Ermənistanda baş verənlərin inqilab deyil, "təkamül" olduğunu da bildirirlər. “Hər halda, o, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi addımlar atmaq gücündədir. Üstəlik, regional sülh və sabitlik baxımından, bu addımları atmağa məcburdur... Bu gün Dağlıq Qarabağ münaqişəsilə bağlı hansı addımları ata biləcəyini təhlil edərkən bəzi məqamlar mütləq nəzərə alınmalıdır. Məsələn, Nokol Paşinyan Qarabağ problemi haqqında danışarkən deyir: "Bu, Dağlıq Qarabağda yaşayan ermənilərə aid məsələdir". Əslində, bu bəyanatda ikibaşlı mesaj var. Birincisi, Paşinyan bununla, Dağlıq Qarabağ ermənilərini Ermənistanın daxili siyasətinə qarışmamağa çağırır. Hər halda, Yerevan daxili siyasətdə onları neytrallaşdırmaq üçün bəzi addımlar atır. İkincisi, o, bununla açıq mesaj verir: Dağlıq Qarabağ ermənilərinin razılaşmayacağı həll mümkün deyil. Bu, olduqca əhəmiyyətli məqamdır. Çünki Dağlıq Qarabağda hakimiyyət faktiki olaraq, hərbçilərin və radikal ermənilərin əlindədir. Sülh danışıqlarında irəliləyişə nail olmaq üçün ilk növbədə bu hakimiyyətin dəyişməsi lazımdır. Əgər bu istiqamətdə hər hansı konkret dəyişiklik nəzərdə tutulmursa, Paşinyanın sülh danışıqlarında hansısa tələ qurmaq niyyətində olduğunu düşünmək mümkündür. Lakin onun əsl niyyətini, eyni zamanda müstəqil qərar verə bilib-bilməyəcəyini zaman göstərəcək. İndiki mərhələdə bu istiqamətdə hər hansı irəliləyişin olması üçün ilk növbədə sülhə qarşı olan diasporun və Qarabağ ermənilərinin razılığı alınmalıdır. Başqa sözlə, Paşinyan hakimiyyətinin də diasporun maddi dəstəyinə ehtiyacının olması, Dağlıq Qarabağda hakimiyyətin radikalların əlində qalması Ermənistanın yeni hakimiyyəti üçün əsas maneədir. O, Serj Sarqsyanı hakimiyyətini devirməsinə rəğmən, Qarabağdakı rəhbərliyi dəyişə bilmirsə, demək, imkanları hələ də zəifdir.
Lokal münaqişəyə son qoymaq üçün təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Vahid Ömərov f.ü.f.d. dos
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB