Naxçıvan Bölməsində Elçin Əfəndiyevin “Baş” romanının onlayn müzakirəsi keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu bölmənin Elmi Kitabxana ilə birgə oxunması zəruri olan kitablar siyahısına daxil olan Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının onlayn müzakirəsini keçirib. AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən, bu sənədin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların dünyagörüşlərinin artırılmasındakı rolundan danışıb.

Alim tövsiyə olunan nəşrlər sırasında Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanın da yer aldığını diqqətə çatdırıb. Bildirib ki, müasir dövrümüzdə cəmiyyət həyatında baş verən prosesləri dolğun təsvir edən romandakı hadisələr keçmiş tariximizə işıq salır, həmçinin bu günün reallıqları ilə də səsləşir. Tofiq Əliyev sözügedən əsərin tarixi nöqteyi-nəzərdən mükəmməl, müasirlik baxımından isə aktual və ibrətamiz olduğunu söyləyib.

Daha sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Elçin Əfəndiyevin “Baş” romanının mövzusu haqqında” məruzəsi dinlənilib.

Onlayn tədbirdə bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva çıxış edərək görkəmli yazıçısı Elçin Əfəndiyevin bədii yaradıcılığından danışıb. Bildirib ki, 100-dən artıq kitabın müəllifi olan yazıçının əsərləri türk, ərəb, fars, rus, ingilis, alman, fransız, ispan, gürcü, özbək, türkmən, çex və digər dillərə tərcümə edilib. Onun “Qaçqınlar” silsiləsindən “Qarabağ şikəstəsi” və “Bayraqdar” povestləri çoxsaylı tənqidçi və resenzentlər tərəfindən qaçqın və köçkünlərimiz haqqında yazılmış ən sanballı əsərlər kimi qiymətləndirilib.

Çıxışının sonunda Sahab Əliyeva ədəbi-mədəni mühitin formalaşmasında böyük rolu olan Elçin Əfəndiyevin yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə ümidvar olduğunu deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə