"Ordumuza dəstək yürüşündə təxribat törədənləri qətiyyətlə pisləyirik" - MÖVQE

“Məlum olduğu kimi, iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan ordusu növbəti təxribatını törədərək mövqelərimizə qəflətən artilleriya zərbələri endirmiş və yeni əlverişli mövqelər ələ keçirməyə cəhd etmişdir. Lakin düşmənin təxribat xarakterli hücumu qəhrəman ordumuz tərəfindən qətiyyətlə alınmış, ermənilərin məkrli niyyətləri baş tutmamışdır. Ordumuz itkilər versə də düşmənə daha ağır zərbələr endirmiş, düşmənin sərhəddin dərinliklərində yerləşən komanda məntəqələri, çox saylı texnikası, onlarla canlı qüvvəsi məhv edilmişdir.Azərbaycan dövləti, xalqımız öz şəhid övladlarını ehtiramla son mənzilə yola saldı. Ölkə Prezidenti Cənab İlham Əliyev şəhid ailələrinə zəng edərək onlara öz başsağlığını verdi. Qəhrəman ordumuz şəhidlərinin qanını yerdə qoymadı. Onların qisasını dərhal ala bildi”. Bu fikirləri "Səs" qəzetinə acıqlamasında YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib.

Onun sözlərinə görə, Prezidentimiz İlham Əliyev Dövlət Təhlükəsizlik Şurasının iclasında dediyi kimi hərbiçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır: “Qəhrəman ordunuzun düşmənə ağır və sarsıdıcı zərbələr vurması 2016-cı ilin aprel döyüşləri zamanında olduğu kimi bu dəfə də əhalidə böyük ruh yüksəkliyi yaratmış, əhalinin ordu ilə həmrəylik nümayiş etdirmək, Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini nümayiş etdirmək məqsədilə iyulun 14-den 15-nə keçən gecə möhtəşəm bir yürüş təşkil etmişlər. Bu həmrəylikdən, dəstəkdən ruhlanan Azərbaycan Ordusu düşmənə vurduğu zərbələrini davam etdirmişdir. Lakin böyük təssüf hissi ilə bildirirəm ki, cəbhədə ağır döyüşlər getdiyi bu məqamda, pandemiya ilə mübarizəyə səfərbər olduğumuz indiki zamanda pozucu və destruktiv qüvvələr öz məkrli niyyətlərindən əl çəkməmiş, yürüşdən istifadə edən bir dəstə mühüm dövlət institati sayılan Milli Məclisin ərazisinə və binaya daxil olaraq, burada dövlət əmlaklarına ciddi ziyan vurmuş, polis maşınları aşıraraq, iğtişaşlar törətməyə cəhd etmiş, insanlara xəsarət yetirmişlər. Mən bir Azərbaycan vətəndaşı olaraq düşmənin dəyirmanına su tökən, “5-ci kalon”un mərikli niyyətlərinin quluna çevrilən bu insanların hərəkətini qətiyyətlə pisləyir və onların cəzalandırılmasını tələb edirəm. Eyni zamanda bütün əhalimizi xüsusilə gənclərimizi belə pozucu qüvvələrə qarşı qətiyyətli olmağa çağırır, gəncləri dövlətimizin, Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyirəm. Qarşımızda çox böyük vəzifələr durur. Biz ilk növbədə həmrəylik nümayiş etdirərək pandemiyaya qalib gəlməli, sonra isə çox mərkli və beynəlxalq səviyyədə güclü dəstəyi olan erməni qəsbkarlarına qarşı ağılla, kamalla mübarizə apararaq qalib gəlməliyik".

R.Göyüşov hər bir Azərbaycan vətəndaşını Ali Baş Komandan Prezident Cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalimizin təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləməyə, bu siyasətin həyata keçirilməsində fəal iştirak etməyə, onun ətrafında sıx birləşməyə, istər xaricdə, istərsə də daxildə hər cür təxribatlara qarşı qəti vətəndaş mövqeyi sərgiləməyə dəvət edib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə