İşğalçı dövlət tərəfindən mülki əhalinin hədəfə alınması faşizmin təzahürüdür

Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında mütəmadi olaraq istər bu gün yaşanan münaqişənin, istərsə də ümumilikdə bölgənin tarixi ilə bağlı gətirdiyi konkret fakt və dəlillər, inkarolunmaz əsaslandırmalar, əlbəttə ki, erməni təbliğatını tamamilə alt-üst edir. Ötən bir il ərzində dövlətimizin başçısının səyləri nəticəsində bu gün artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub.

Son günlər Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat isə rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutundan başqa bir şey deyildir və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməli və işğalçılığa son qoyulması üçün həm də ciddi təzyiq göstərilməlidir. Sözsüz ki, hər dəfə olduğu kimi Azərbaycan-Ermənistan sərhədində baş vermiş 12 iyul təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hətta sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar da səsləndiyinin şahidi olduq. Əlbəttə, bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu gün 7-dən 77-yə hər kəs özünü heç bir tərəddüd etmədən ehtiyatda Ali Baş Komandanın müsəlləh əsgəri hiss edir və buna hazırdır. Bu isə Azərbaycan xalqının və ictimaiyyətinin öz liderinə inamından irəli gəlir. Möhtərəm Prezidentimizin sözü ilə desək, “Biz Birlikdə Güclüyük!”. Bu gün Azərbaycan dünyanın 50 ən güclü ordularından biridir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır. Sözsüz ki, düşməni qorxudan səbəblərdən biri də budur.

Mülki şəxslərin, onların əmlakının məqsədyönlü şəkildə düşmən gülləsinin hədəfinə çevrilməsi 2016-cı il Aprel döyüşləri zamanı da yaşanmışdır. Onlar yaşayış məntəqələrini davamlı şəkildə ağır silahlardan atəşə tutmaqla yanaşı, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məkanının infrastrukturuna ciddi ziyan vurmuşdular. Yaşananlar bir daha bu reallığı ortaya qoyur ki, döyüş meydanında məğlub olan Ermənistan şəhərlərə və kəndlərə hücum çəkmək kimi məkrli siyasətindən istifadə edir. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan işğalçı dövlət bu kimi əməlləri ilə beynəlxalq humanitar hüququ kobud şəkildə pozur. Dünya birliyi artıq bu reallığı qəbul etməlidir ki, bir cinayətin cəzasız qalması digər cinayətlərə səbəb olur. Beynəlxalq qurumların qərar və qətnamələrinə, beynəlxaq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistana artıq sanksiyaların tətbiq olunması zamanıdır. Dünyanı bürüyən pandemiyaya qarşı mübarizənin aparıldığı bir zamanda işğalçı dövlətin bu təxribatları birmənalı qarşılana bilməz.

Düşünürük ki, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu işğalçını adı ilə çağırmaq üçün tərəddüd etməyəcək. Çünki işğalçılıq, faşizm siyasəti göz önündədir. Növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri, yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə götürməsi bəşəri cinayətdir. Beynəlxalq təşkilatlar, dünyanın böyük və nüfuzlu dövlətləri Ermənistana "dur" deməklə həm beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını təmin edər, həm də özlərinə qarşı inam formalaşdırarlar. Bu gün görünən budur ki, beynəlxalq birlik terrorizmə, işğalçılıq və təcavüzkar siyasətə qarşı mübarizədə daha fəal olmağa çağırış edib, yalnız bu halda bu təhdidlərin qarşısını almağın mümkünlüyünü bildirsə də, çox təəssüflər olsun ki, qərarlar kağız parçası olaraq qalmaqdadır.

Elmar Allahverdiyev, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...