Ordumuz düşmənə yetərincə adekvat cavab verir

İyulun 12-də dünya özünü “demokrat” kimi qələmə verməyə çalışan təcavüzkar Ermənistanın baş nazirinin növbəti bir təxribatının və insanlığa və bəşəri dəyərlərə qarşı törətdiyi anti-humanist əməlin şahidi oldu. Sözsüz ki, bu atəşkəs müqaviləsi bağlandıqdan sonra işğalçı dövlətin silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi ilk hadisə deyildi. Bugün dünyanın beynəlxalq əməkdaşlıq çərçivəsində kürəsəl təhlükə olan koronavirusla mübarizə apardığı bir dövrdə bu təxribatı törətmək həm də həm də kürəsəl sülhə qarşı edilmiş bir təcavüzkarlıq hesab edilir. Bəşəriyyət bu gün həmrəy olub dünyada tezliklə bu pandemiyadan insanlığı xilas etməyə səfərbər olduğu halda Paşinyan və onun cinayətkar və qəsbkar hökuməti və onun işğalçı ordusunun bu əməlinə daha geniş müstəvidə, təkcə Azərbaycana qarşı cinayət deyil, bəşər insanına qarşı cinayət kimi dəyərləndirmık lazımdır.

Əlbəttə, Azərbaycanın Tovuz rayonu ərazisində sərhədlərimizin artileriyadan atəşə tutulması, atəşkəs rejimini kobud şəkildə pozması bilavasitə Ermənistan rəhbərinin tapşırığı həyata keçirilir. Bu tipli təxribat ilk dəfə deyil, Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi bu dəfə də təcavüzkar orduya lazımınca cavab atəşi və uğurlu əks-həmlə tədbirləri gerçəkləşdirmiş və nəticədə işğalçı dövlətin silahlı qüvvələrinin hücum cəhdinin qarşısı layiqincə alır.

Bir daha qeyd etmək lazımdır ki, bu gün işğalçı Ermənistan hökumətinin ölkəmizə qarşı atdığı bu təxribatın kökündə Paşinyan dayanır. Bu gün Paşinyan rejiminin özünün yarıtmaz siyasəti nəticəsində ölkədəki sosial iqtisadi durumu yarıtmaz vəziyyətə gətirib çıxartmışdır. Xüsusilə də, COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də onun iqtidarının iflasının qarşısını almaqla hakimiyyətinin ömrünü uzatmaq məqsədi dayanır.

Bu gün hər kəsə məlumdur ki, Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Yəni ölkənin və ya xalqın rifahını gedib işğal etdiyi Azərbaycan ərazisində oğurladıqları Azərbaycan musiqiləri altında rəqs etməklə düzəltmək mümkün deyil. Bu əməlin özü də təxribatdır. Bunun nəticəsi kimi, müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir.

Digər tərəfdən də, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onlarda, eləcə də digər xarici ermənipərəst qüvvələri daha aqressiv vəziyyətə gətirib çıxarmışdır. Ermənistan və ermənipərəst qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölgə üçün təhlükədir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub.

Ölkəmizin qazandığı diplomatik uğurları, dövlətimizin başçısının irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda doğurması işğalçı Ermənistanı əlbəttə ki, narahat edir. İşğalçı dövlətin rəhbərləri və onların sələfləri çox yaxşı dərk edirlər ki, belə təşəbbüslər ancaq dövlətin və o dövlətin liderinin böyük nüfuzu olduqda dəstəklənir. Necə ki, 2013-cü ildə BMT Təhlükəsizlik Şurasına ölkəmiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçilmişdi. Möhtərəm Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, həyata keçirilən əks əməliyyat nəticəsində Ordumuz tərəfindən düşmənə yetərincə adekvat cavab verilib. Daha doğrusu, hər zaman olduğu kimi şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır.

Yekun olaraq demək lazımdır ki, işğalçı Ermənistan dövləti, onun bugünkü rəhbəri və onu dəstəkləyən qüvvələr çox gözəl dərk edir ki, Azərbaycanın dövlət bayrağının işğal altında olan ərazilərimizdə dalğalanması günü yaxındadır. O zaman erməni xalqı, xüsusilə də erməni anaları, təcavüzkar siyasət və hakimiyyət uğrunda itirdikləri oğullarının hesabını tələb edəcəklər. Məhz bu qorxu hissi də onlarda yeni-yeni təxribat və cinayət törətməyə sövq edir.

Səlimova Vüsalə, Balaxanı bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə