Azərbaycan əsgəri, sən varsansa, vətən var və qisası sabaha qoymamaq üçün hər bir azərbaycanlı sənin yanındadır

Azərbaycan xalqının müqəddəs ənənələri, milli-mənəvi dəyərləri var. Bu dəyərlər yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, hər kəsin vətən qarşısındakı məsuliyyətini, vətəndaşlıq mövqeyinin formalaşdırıb. Hər kəsdə olan vətən borcu, vətən sevgisi kimi ali dəyərlər onun Azərbaycanın hər qarış torpağını qorumaq və sevmək kimi bir məsuliyyətlə üz-üzə qoyur və bu hisslərdən də kimsə uzaq yaşaya bilməz. Vətənin dar günündə harayına səs verəmək, şəhid qanı ilə suvarılmış bu torpaq uğrunda canı fəda etmək onun qəlbdən gələ bir hökmdür. Təbii ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətən ərazisi, sərhədləri bəlli müqəddəs məkandır. Bu torpağın hər qarışından qan qoxusu gəlir, şəhid qanı ilə nəfəs alır Azərbaycan torpağı. Azərbaycan hər zaman şanlı tariximizlə, qəhrəmanları ilə fəxr edib. Ötən əsrin 90-cı illərində biz bunun bir daha şahidinə çevrildik. Nəsillər nəsilləri əvəzləyir və qanımızdan, damarlardan axan qan qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Bu torpağın yetişdirdi Mübariz İbrahimovları var. Bu gün Azərbaycan torpağının 20 faizi erməni işğalçılarının təcavüzkar siyasəti nəticəsində, işğal altında olsa da, Azərbaycan əsgərinin əzmi, əsgər adını şərəflə daşıması bu torpaqların tezliklə qaytarılmasından soraq verir. Qışın soyuğunda, qarında, yayın qızmar günəşində Azərbaycan əsgəri mərdi-mərdanə Vətən sərhələrinin keşiyində dayanaraq, onu ayıq-sayıq tərzdə qoruyur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair 1994-cü il may ayının 12-dən qüvvədə olan Atəşkəsə məhəl qoymayan Ermənistan silahlı qüvvələri mövqelərimizə daim atəş açır, dinc əhaliyə, yaşayış yerlərinə zərər vururlar. 016-cı ilin 2-5 aprel tarixli döyüşləri daha bir tarixi qəhrəmanlığızı təkrarlamış oldu. Nəticədə 88 hərbi qulluqçumuz və 2 dinc sakinimiz şəhid olmuş, 10 nəfər yaralanmış, infrastruktur obyektləri zədələnmiş, evlər dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdir. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. İgid oğullarımızın qanı bahasına erməni qəsbkarlarından Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, Füzuli rayonu istiqamətində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2.9 km şimal-qərbində yerləşən 271.1 m hündürlüyə malik "Lələ təpə" adlandırılan yüksəklik onlarla igid Vətən oğlunun şəhidlik zirvəsinə ucalması hesabına azad edilmişdir.

Aprel döyüşləri Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında acizliyini bir daha göstərdi. Lakin yenə öz hiylələrindən istifadə etdilər. Bugünkü döyüş tamam başqa bir döyüşdür. Azərbaycan Ordusu nəyə qadir olduğunu ermənilərə görəcəkdir. Hər gün daha da qüdrətlənən Azərbaycan Ordusu torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanır və işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazırdır.

ARTIQ AZƏRBAYCAN DÜNƏNİN - ÖTƏN ƏSRİN 90-CI İLLƏRİNİN DÖVLƏTİ DEYİL, DÜNYADA NÜFUZU OLAN, SÖZ SAHİBİNƏ ÇEVRİLƏN BİR ÖLKƏDİR

Bu gün COVID-19 böhranının davam etdiyi dövrdə Ermənistan Azərbaycana qarşı hücuma keçib. Belə bir zamanda dünya dövlətləri Azərbaycana dəstək olur, ölkəmizdəki vəziyyətlə bağlı dünya məkbuatında məqalələr dərc olunur. Pakistanın "Diplomatic News Agency", "Dispatch News Desk" xəbər agentliklərinin, həmçinin "Islamabad Post" qəzetinin veb səhifələrində Ermənistanın son günlərdə Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı məqalələr dərc olunub. Tacikistanın "avesta.tj" portalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu ərazisindəki son təxribatı ilə bağlı rus dilində geniş məqalə verib. Almaniyanın “Spiegel” dərgisi, “De.euronews.com”, “Tagesschau.de”, “Nex24.news”, “Greenpeace-magazin.de” portalları da Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi hücumu ilə bağlı məqalələr dərc edib. Bu və ya digər məqalələrdə Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatdan bəhs olunur. Qeyd olunur ki, Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək üçün artilleriyadan istifadə edərək hücuma keçən düşmənin hücumunun qarşısı alınıb. Döyüşlərdə Azərbaycan ordusunun hərbçiləri şəhid olub, yaralananlar var. Təxribatı törədən Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycan UAZ hərbi maşını ilə erməni mövqelərinə hücum edib, bu, çox gülünc və cəfəng səslənir. Əgər Azərbaycan Ermənistana hücum etmək istəsəydi, yüngül UAZ hərbi texnikasından deyil, ordunun sərəncamında olan hücum əməliyyatları üçün yararlı zirehli döyüş maşınları və digər dağıdıcı ağır hərbi texnikadan istifadə edərdi. Əlbəttə ki, artıq Azərbaycan dünənin - ötən əsrin 90-cı illərinin dövləti deyil, dünyada nüfuzu olan, söz sahibinə çevrilən bir ölkədir.

"QƏFLƏTƏN BİZİM HƏRBİ POSTUMUZA ARTİLLERİYA ATƏŞİ AÇILIB VƏ BU ÇİRKİN ƏMƏL NƏTİCƏSİNDƏ HƏRBÇİLƏRİMİZ HƏLAK OLUB VƏ YARALANIB"

Azərbaycanın apardığı daxili və xarici siyasəti öz nəticəsini verir. Ermənistan KTMT ölkələrini öz çirkin siyasətinin əsirinə çevirməyə və bu təşkilatın arxasında daldalanmağa çalışır. KTMT ölkələri də Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər. Bildiyimiz kimi, cəbhə xəttindəki təxribatlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlət başçısı çıxışında bu təxribata görə bütün məsuliyyətin Ermənistan tərəfinin üzərinə düşdüyünü qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm".

Xatırladaq ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib, nəticədə bir milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların Ermənistanın bu qanunsuz əməllərini pisləyərək, Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirirlər.

HƏR BİR AZƏRBAYCANLI DÜŞMƏNLƏ VURUŞAN ƏSGƏRƏ FİZİKİ CƏHƏTDƏN DAYAQDIR, ARXADIR, ONA SİLAHDAŞDIR

Bu gün müasir Azərbaycan ordusu düşmənə layiqli cavabını verir. Hər bir azərbaycanlı da vətən müdafiəsinə hazır vəziyyətdədir. Qisası sabaha qoymamaq üçün möhkəm şəkildə birləşib və həmrəylik nümayiş etdirirlər. Şəhidlər bizim həm qürur yerimiz, tariximiz və qələbəmizi yazan vətən oğullarıdır. "Vətən sağ olsun", - deyib balasını torpağa əmanət edən ata və analar belə övladlar böyüdüb, ərsəyə gətiriblər. Biz sizin qarşınızda baş əyirik!

Bu gün yaşından, tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir azərbaycanlı Vətən keşiyində dayanan, düşmənlə vuruşan əsgərə mənəvi, yeri gələrsə, fiziki cəhətdən dayaqdır, arxadır, ona silahdaşdır. Yaranan hər bir çətin şəraiti gözə alaraq, vətənimiz Azərbaycanın ərazi bütövlüyünü canımız və qanımız bahasına olsa da belə qorumağa hazırıq. Azərbaycanın döyüşən əsgəri, bu gün hər birimiz sənin yanındıyıq. Ali Baş Komandanın əmrini gözləyirik. Vətən, torpaq azadlığı qədər müqəddəs bir hiss, duyğu yoxdur və vətənimizin fəxri, qürurusunuz, sizə tapşırılan işi müvəffəqiyyətlə yerinə yetirirsiniz. Biz də, sağlam ruhlu gənclikdə çiyin-çiyinə yağı düşmənlərimizə qarşı vuruşmağa hazırıq. Üçrəngli ay-ulduzlu bayrağımızı işğaldan azad edəcəyimiz torpaqlarımıza tezliklə sancacağıq. Həsrətdən cadar-cadar olmuş Qarabağ torpağı yolumuzu gözləyir. O yollara dönəcəyik. Mübariz ruhlu əsgərlərimizin ərənliyi ilə. Azərbaycan əsgəri, sən varsansa, vətən var, Vətən varsa sən varsan!!!

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə