Prezidentin BMT-nin xüsusi sessiyasının çağırılması təşəbbüsü həmrəyliyə önəmli töhfədir

Dünyada baş verən gərgin geosiyasi proseslər, COVİD-19 virusu səbəbindən dünya dövlətlərinin və əhalisinin təhlükəsizliyinə ciddi təhdidlərin baş verməsi, ölkələrin iqtisadi, sosial problemlərlə üz-üzə qalması və hətta inkişaf etmiş ölkələrin belə bu hadisələr qarşısındakı təslimiyyəti vəziyyətin hələ daha ciddi fəsadlar yarada biləcəyini və nə qədər qaçınılmaz bir hal aldığını göstərir. Xüsusilə qısa müddətdə dünyamızı bürüyən, milyonlarla insanın ağır virusa yoluxmasına, yüzminlərlə insanın acı ölümünə səbəb olan COVİD-19 pandemiyasının nəticələri ölkələrin ağır iqtisadi, sosial böhranlarla üzləşməsinə, dünyaca məşhur şirkətlərin çökməsinə gətirib çıxardı. Bu fikirləri "Səs" qəzetinə asıqlamasında YAP Binəqədi rayon təşkilatının baş məsləhətçisi, gənclər birliyinin şura üzvü Kubra Əliyarlı deyib.

Təbii ki, belə bir vəziyyətdə müdrik siyasət, yüksək iradə və qətiyyət, məqsədyönlü islahatlar, operativ tədbirlər və s. vəziyyətin nəzarətə götürülməsi və mövcud problemlərdən maksimum az itkilərlə çıxılması istiqamətində ən mühüm amildir – deyən K.Əliyarlı qeyd edib ki, bu virusun bütün dünyanı cənginə aldığını, heç bir ölkənin və insanın bundan sığortalanmadığını nəzərə alsaq bu virusun yayılma miqyasına görə nə qədər sərhədtanımaz bir dəhşət olduğunu görərik: "Bu dəhşətlə mübarizə daha mühüm və olduqca vacib bir amili də şərtləndirir ki, bu da dünya dövlətlərinin bu virusla mübarizədə birlik, həmrəylik, birgə və qarşılıqlı mübadilə əsasında fəaliyyət göstərməsidir. Bir sözlə, dövlətlər özünü təcridlə kifayətlənməməli, COVİD-19 virusu ilə mübarizədə dünyanın birliyi, birgə səylər ətrafında birləşməsi çox vacibdir. Dünyanın xilasına yönəlmiş bu məqsəd üçün irəli sürülən təşəbbüs hər bir dünya sakini üçün ən ali məqsəd olmalı və təqdir edilməlidir. Bu ali təşəbbüs isə bu dəfə də məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən gəldi. Ötən tarixi, siyasi hadisələrə nəzər salsaq dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə bir sıra beynəlxalq təşkilatların zirvə görüşlərinin keçirildiyinin şahidi olarıq. Bu il may ayının 4-də Prezident İlham Əliyevin bu ali məqsədə xidmət edən siyasi iradəsi sayəsində tərkibində 120-dən çox ölkəni birləşdirən, dünyada BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüslə QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi".

Bu dəfə isə Prezident İlham Əliyev bütün dünyanı COVİD-19 pandemiyasına qarşı mübarizədə bir daha birliyə səslədi. Bununla bağlı tarixdə az sayda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü irəli sürdü və bu təşəbbüs dünyanın 130-dan çox dövləti tərəfindən dəstəkləndi, - deyən K.Əliyarlı Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi Azərbaycana olan böyük etimadın, inamın və hörmətin göstəricisi olduğunu vurğuladı: "Xüsusi vurğulamaq lazımdır ki, dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında istər ölkəmiz daxilində, istərsə də qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianələr ayırdı, 30-dan artıq dövlətə humanitar yardım verdi. Bu siyahını xeyli uzatmaq da olar. Bütün bunlar ən çətin məqamlarda belə Azərbaycanın humanist olmasının göstəricisi kimi təkcə öz ölkəsinin və vətəndaşlarının deyil, dünyanın sülh, əmin-aman, təhlükəsiz şəraitdə, insanların birlik, bərabərlik içərisində sağlam yaşamasına hədəflənmiş addımlarından biridir. Azərbaycan dövləti atdığı bütün addımları ilə sözdə deyil, əməldə də yüksək humanizm, tolerant baxışlara sahib bir ölkə olduğunu sübut edib. Haqlı olaraq dünya müharibələri ilə müqayisə olunan, insanlıq adına ən böyük və təhlükəli xəstəliklərdən biri olan COVİD-19 pandemiyası şəraitində özünü təcrid xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobalbaxışa böyük ehtiyac var. Çünki pandemiyanın insanların həyatını təhlükə altına qoyaraq ciddi sağlamlıq problemləri yaratmaqla yanaşı, mənfi fəsadları hələ uzun müddət mövcud olacaq və qlobal sosial-iqtisadi və humanitar təhlükələrin nəticələri isə daha dəhşətli mənzələrə səbəb olacaq. Bu baxımdan dünyanın birlik olub, bu bəladan xilas olunması üçün bütün gücləri səfərbər olunmalı, qlobal fəlakətlərin qarşısının alınmasında qətiyyət nümayiş etdirilməlidir. Bu tarixi təşəbbüs də Prezident İlham Əliyevin COVİD-19 kimi virusların insan sağlamlığına törətdiyi fəsadların mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması, onunla birgə mübarizəyə çağırışıdır".

Çox böyük təəssüflə və bir o qədər də qabaqcadan gözlənildiyi halda bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. Öz işğalçı və yarıtmaz siyasəti ucbatından bütün qlobal və regional layihələrdən təcrid olunmuş Ermənistan bu dəfə də atdığı addımla məkrli niyyətini, nə qədər qəddar və amansız olduğunu göstərdi. Dövlət başçısı İlham Əliyevin bu təşəbbüsünü dəstəkləyən ölkələr BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğunu vurğuladılar. Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və birgə fəaliyyətlə, geniş fikir mübadilələri vasitəsilə COVİD-19 pandemiyasının qarşısının alınmasında daha effektli üsulların tapılmasına, mübarizə metodlarının tətbiqinə mühüm töhfələr verəcəkdir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə