Ermənistan bu təxribatlarla məsuliyyəti üzərindən atmağa cəhd edir

Son 16 ildən artıq dövrdə ümummilli lider Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edir. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması bu siyasətin prioritet istiqamətlərindəndir.

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında olması da bu sahədə görülən işlərin nəticəsidir. Böyük əminliklə qeyd edirik ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt zəfəri ordumuzun gücünü həm işğalçı Ermənistana, həm də dünyaya nümayiş etdirdi. İyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Beynəlxalq təşkilatların, dünyanın böyük dövlətlərinin buna biganə yanaşması təbii ki, birmənalı qarşılana bilməz.

Dövlətimizin başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, necə olur despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan hakimiyyətinə heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Təcavüzkara münasibətdə bu cür siyasət ədalətsizliyi nümayiş etdirir. Aprel döyüşlərindən bu günə qədər ermənilərin təmas xəttində törətdikləri təxribatlara diqqət yetirdikdə bu həqiqət özünü bir daha təsiqləyir.

BMT-nin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məlum qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edir. İşğalçı dövlətin mütəmadi olaraq atəşkəsi pozması, təmas xəttində təxribat törətməsi münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirir.

Dövlətimizin başçısı İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi bu gün xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Artıq bütün dünya bilir və qəbul edir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli, tarixi torpağıdır. Diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb variantını seçərsə, qələbə qazanacağı şübhəsizdir. Qeyd etdiyimiz kimi, Aprel döyüşləri, Günnüt zəfəri Azərbaycanın malik olduğu imkanların, Milli Ordumuzun gücünün təqdimatıdır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, gün gələcək işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Məhərrəmova Yeganə, 90 saylı orta məktəbin direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə