Qeyrətdən danışanın özündə qeyrət ola gərək - VİDEO

Düşmən təxribatının nəticəsində Azərbaycanın Tovuz bölgəsində, Ermənistanla sərhəddə baş verən insident bütün xalqımızda haqlı hiddət doğurdu. Ermənilərin özünə yaraşan əl buyruqçusu baş naziri Paşinyanın sülh danışığından dəm vurduğu halda, özünün çirkin niyyətlərini reallaşdırmaq istəyinə uyğun bu təxribatı Azərbaycan Ordusu mətanətlə zərərsizləşdirdi və düşməni ağır itkilər verərək geri çəkilməyə məcbur etdi. Ordumuz növbəti dəfə düşməndən qat-qat güclü olduğunu sübut etdi və işğal altında olan torpaqların azad ediləcəyi günün yaxınlaşdığını göstərdi. Təbii olaraq ermənilərin növbəti təxribatı həm Azərbaycanda, həm də dünyanın bütün azərbaycansevərlərində hədsiz hiddət doğurdu.

Gecə ikən gənclərdən ibarət böyük bir kütlənin ayağa qalxıb, Qarabağa yürüş etmək istəyi də hər bir azərbaycanlının vətən uğrunda canından keçməyə hazır olduğunu ortaya qoymuş oldu. Əlbəttə, mən belə kor-təbii hərakatı alqışlamıram və indiki dünyada hisslərlə hərəkət hər zaman düşmənin mənafelərinə uyğun nəticələnə bilir. Lakin gecə ikən ayağa qalxan bu gənclərin daxilindəki vətənə sevgi duyğusunu alqışlamamaq da olmaz. Bütün bunlarla yanaşı, 1990-cı illərin əvvəllərində açıq-aşkar xalqına xəyanət etmiş bəzilərinin də bu məqamdan fürsət kimi istifadə etməyə çalışması ilə də qarşılaşırıq ki, bu, hər bir vətənpərvər azərbaycanlı kimi məni də hədsz narahat edir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, əməlləri hər kəsə məlum olan keçmiş Müdafiə Naziri Rəhim Qazıyev yenə ortaya atılır, kişilikdən dəm vurur. Bu gün səhər-səhər bu millət düşməninin sosial şəbəkələrdə yayılan bir videosunu dinlədim. Əsəblərim dözməsə də, bir təhər dişimi-dişimə tutub dinlədim. İnsan nə qədər həyasız olar ki, bütün gücünü millətinə xəyanət yoluna qoyduğunu hər kəsin bildiyini bilə-bilə çıxıb efirdən bu cür müraciət edə!

1990-cı ilin noyabrından - Rusiyanın Lefortovo həbsxanasında "verbovat" olunub qayıtdıqdan dərhal sonradan başlayaraq Azərbaycanda, xüsusən Qarabağın ayrı-ayrı bölgələrində milli və sinfi qarşıdurmanı gücləndirən, Şuşada hoqqalar törədib, özünü millət fədaisi kimi göstərib dostu, Rusiyanın o zamankı Müdafiə Naziri Pavel Qraçovun (Rəhimin sevimli Paaşasının) əli ilə Azərbaycana Müdafiə Naziri təyin olunan, bundan sonra Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamın ən mühüm strateji əhəmiyyətli Abdal-Gülablı kəndlərini əli ilə, xəyanətlə düşmənə verən, ardınca Surət Hüseynovun siyasi səbatsızlığından istifadə edib Moskvanın ssenarisi ilə 1993-cü il iyun hadisələrinin baş qəhramanı olan, Şirin Mirzəyev, Allahverdi Bağırov, Fred Asif, Yaqub Rzayev, Ərşad Nadirov, Mikayıl Gözəlov, Ramiz Qəmbərov kimi qeyrət mücəssəməsi olan vətən oğullarının müəmmalı şəkildə aradan götürülmələrini təşkil edən, daha nələr, nələr... bütün bunların xəyanət yükü çiyinlərində olan birinin çıxıb qeyrətdən, namusdan dəm vurması, yumşaq desək, bu millətə təhqirdi.

Qoy oxucum məni bağışlasın. Razıyam ki, indiki məqamda xalqımıza əsl birlik, düşmənə qarşı vahid cəbhədə olmaq lazımdı. Ali Baş Komandandan – Prezidentdən tutmuş sıravi vətəndaşa qədər, siyasi baxışından, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər kəsin Vətən naminə birlik nümayiş etdirməsi təqdirəlayiqdir. Ancaq Rəhim Qazıyevin xəyanətlərinin canlı şahidi olan, onu bu əməllərdən çəkindirmək üçün çox çaba göstərmiş biri olaraq, onun dabbaxdakı camış gönünə yaxından bələd olan biri olaraq qətiyyətlə əminəmki,istənilən məqamda yenə xəyanət etməyəcəyinə heç kim qarant verə bilməz. Xəyanət duyğusu iliyinə qədər işləmiş, şərəfini 1990-cı ildə Lefortovoda qurban verib gəlmiş birinin çıxıb qeyrətdən, vətənpərvərlikdən danışması növbəti məkrli niyyətə yol açmaq istəyindən başqa, hər hansı məna verə bilməz.Bu insanabənzər məxluqun millətə yalnız bir xeyri dəyə bilər. Vaxtilə dmişdi: ”Şuşa getsə bqaşıma güllə çaxaram!”. Şuşa da getdi, Laçın da, Kəlbəcər də... Amma sözünün üstündə durmadı. Özündə güc tapırsa dediyinə əməl eləsin: Başına bir güllə çaxsın, millərtin ürəyini az bulandırsın.

Yazımı bitirdəkdən sonra Respublika Prokurorluğunun məlumatı yayıldı: Rəhim Qazıyev şübhəli şəxs qismində saxlanılıb.Sizi əmin edirəm ki,həyatımda heç vaxt kiminsə xəstələnməsinə, həbs edilməsinə, hətta maddi itkiyə məruz qalmasına sevinməmişəm. Düşmənim olsa belə, qəlbən acımışam. Həyatımda ilk dəfədir ki, aldığım bu həbs qərarına sevindim. Bu xalqa, bu millətə olmazın əzabların yaşadan birinin bu torpaqlarda rahat gəzməsi cəmiyyət üçün təhqirdi. Və əminəm ki, hüquq-mühafizə orqanlarımız nəhayət ki, bu milli xəyanətkara layiqli cəzasını verəcək. O gün daha çox sevinəcəm.

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə