Qanunvericilik uşaq əməyi ilə bağlı nə deyir?
Uşaq əməyindən istifadə günümüzün aktual problemlərindəndir. Beynəlхalq Əmək Təşkilatının məlumatına görə, indi bütün dünyada 250 milyondan çoх 5-14 yaşlı uşaq işləməyə məcburdur. Azərbaycanda isə bununla bağlı statistik dəqiq göstərici yoхdur. BMT 1989-cu ildə Uşaq Hüquqları üzrə Konvensiya qəbul edib. 2005-ci ildə Azərbaycan da bu konvensiyaya qoşulub. Konstitusiyamızda Əmək Məcəlləsinin 6 maddəsi və 28 bəndi bilavasitə uşaqlara həsr olunub. 38-ci fəsildə isə yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin хüsusiyyətləri tənzimlənir. Əmək Məcəlləsinin 249-cu maddəsində də deyilir ki, yaşı 15-dən az olan şəхslərin bir qayda olaraq işə qəbul edilməsi yolverilməzdir. Ölkənin mövcud qanunları - Konstitusiya, Əmək Məcəlləsi, Ailə və Nikah Məcəlləsi, "Uşaq hüquqları haqqında" qanunlarda azyaşlıların əmək fəaliyyəti üçün bəzi qadağalar və məhdudiyyətlər qoysa da, onların istismarını və onlara qarşı zorakılığın bütün növlərini qadağan etsə də bu sahədəki problemlərin tamamilə aradan qaldırıldığını demək olmaz. Azərbaycanda 1998-ci ildə qəbul edilmiş "Uşaq Hüquqları haqqında" qanuna görə, 18 yaşadək olan hər kəs uşaq sayılır. Azərbaycan Respublikasının Uşaqların Hüquqları Haqqında Qanunun 22 maddəsində uşaqların təhsil hüququ dövlət tərəfindən təmin olunur və qorunmasını dövlət öz üzərinə götürür. Bu qanun uşaqların icbari ümumi orta təhsildən uşağın yayındırılmasını qadağan edir. Həmçinin İnzibati Xətalar Məcəlləsi uşaqların təlim və tərbiyəsini lazimi qaydada yerinə yetirməyən valideynlər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidi məbləğinin iyirmi mislindən qırx mislinədək miqdarda cərimə edilir. Əmək Məcəlləsinin 9 maddəsində qeyd edilir ki, alkoqol və tütün məmulatlarının uşaqlara satılması, yeraltı işlərdə, habelə onların əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, eləcə də spirtli içkilərin, tütün məmulatlarının, narkotik vasitələrin və preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində uşaq əməyinin tətbiq edilməsi qadağandır.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının uşaq əməyi xartiyasında deyilir: "Hər gün on milyonlarla uşaq mənfəət üçün istismar olunur. Uşaq əməyinin istismarından qazanan şəxslərin fəaliyyəti birmənalı olaraq dayandırılmalı, vurduqları zərərin aradan qaldırılması üçün yardım göstərilməlidir. Azyaşlıların əməyindən qazanc məqsədi ilə istifadə edən iş adamları uşaqların təhsili və reabilitasiyası üçün maddi cəhətdən kömək etməlidir. Uşaq əməyinə qarşı olan bütün milli və beynəlxalq qanunlar həyata keçirilməlidir". Azərbaycan Respublikası da 13 yanvar 2004-cü il tarixdə "Uşaq əməyinin ən pis formalarının aradan qaldırılması üçün təcili tədbirlərə dair"
Beynəlxalq Əmək Təşkilatının 182 saylı Konvensiyasını ratifikasiya edib. Bu konvensiya müvafiq beynəlxalq normalara, o cümlədən 1989-cu ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasına, habelə 1930-cu ildə qəbul edilmiş BMT-nin Məcburi Əmək haqqında Konvensiyasına və digər aktlara əsaslanır. BƏT-in 182 saylı Konvensiyasını təsdiq edən hər bir üzv dövlət uşaq əməyinin ən pis formalarının qadağan edilməsini və aradan qaldırılmasını təcili qaydada təmin edən təsirli tədbirlərin görülməsi öhdəliyini öz üzərinə götürüb. Eyni zamanda, hər bir üzv dövlət uşaq əməyinin ən pis formalarının prioritet qaydada aradan qaldırılması üzrə fəaliyyət proqramı hazırlamalı və həyata keçirməlidir. Əmək Məcəlləsinə görə, Azərbaycanda uşaqlara 14-15 yaşından işləməyə icazə verilir. Amma bunun üçün hökmən valideynin, ya da uşağa qəyyumluq edənin razılığı olmalıdır. Uşaqların iş saatı da az olmalıdır. 14-16 yaşınadək uşaqlar həftədə 24 saatdan, 16-18 yaşında olanlar isə 36 saatdan artıq işləməməlidir. Məhdudiyyətlərə baxmayaraq uşaqlar da 40 saat işləyənlərlə eyni maaşı almalıdırlar. Onlara ağır işlər də olmaz.
Uşaqlar hansı işlərdə işləyirlər?
Hal-hazırda qanunsuz şəkildə əməyə cəlb olunan uşaqlar daha çox iri şəhərlərdə - Bakı, Sumqayıt və Gəncədə məskunlaşıblar. Bunların böyük bir qismi küçədə səfil həyat tərzi keçirir. Bir çoxları da valideynlərinin fiziki və psixoloji təsiri ilə qazanc axtarışındadırlar. Onlar, əsasən, sərnişin nəqliyyatında, avtobus dayanacaqlarında müxtəlif işlərə cəlb edilir. Eyni zamanda, dəri emalı sexlərində belə uşaqlara rast gəlmək mümkündür. Uşaqlar daha çox ucuz işçi qüvvəsi hesab olunduğundan, bir çox sahibkarlar onların əməyindən qeyri-qanuni yararlanırlar. Gördükləri işlər böyüklərin işindən fərqlənmədiyi halda aldıqları məvacib gündəlik cibxərcliyinə də yetmir. Uşaq əməyinin istismarı ilə bağlı vəziyyət paytaхt daha pisdir. Burada böyüklərlə bərabər, imkansızlıq ucbatından azyaşlı uşaqlar da çalışmağa, evə çörəkpulu gətirməyə məcburdular. Bakıda azyaşlı uşaqlar bazarlarda yük daşımaqla, marşrut və avtobuslarda konduktorluq, çayхanalarda ofisiantlıq etməklə, dilənməklə məşğul olurlar. Daha çoх maddi imkanları aşağı olan ailələrin uşaqları əmək fəaliyyəti ilə məşğul olurlar. Bununla da uşaqlar şəxsiyyət kimi formalaşa bilmirlər.. Bu sahədə rəsmi qurumların apardığı araşdırmalara görə daha çox maddi imkanları aşağı olan ailələrin uşaqları kiçik yaşlarından onlar üçün qadağa qoyulan yerlərdə əmək fəaliyyəti ilə məşğul olurlar. Bu isə onların vaxtından əvvəl uşaqlıqdan məhrum olmasına, əqli inkişafına, təhsil almağına, bacarıq və istedadının inkişaf etdirilməsinə, hətta fiziki inkişafına, boya-başa çatmasına böyük zərbə vurur. Beləliklə də, uşaqlar mənəvi sarsıntı keçirir və inkişafdan geri qalırlar. Özəl sektorun inkişafı, yeni, ağır işlər tələb etməyən biznesin sahələrinin yaranması da uşaq əməyi üçün geniş imkanlar açır. Məsələn bəzi xarici ölkələrdə orta məktəbin sonuncu sinif şagirdlərinin tətillərdə ofisiant işləməsi ənənəyə çevrilib. Bundan başqa uşaqlar o qədər də ağır iş sayılmayan kuryer, yaşallışdırma işləri, vərəqələrin paylanması, və ya yapışdırılması, hətta curnalistliklə məşğul olurlar. Araşdırmalar göstərir ki, indi ölkədə uşaq əməyindən istifadə edənlər əsasən kiçik və yeni yaranan şirkətlərdir.
Dünyada 250 milyona qədər azyaşlı istismar edilir
UNİCEF-in rəsmi məlumatına görə, dünyada 250 milyona qədər azyaşlı istismar edilir. Onlardan təxminən 171 milyona yaxını mədənlərdə, kənd təsərrüfatında, sağlamlıq üçün təhlükəli müəssisələrdə, hətta kimya sənayesində çalışır. Milyonlarla qız uşağı qulluqçu kimi, onların da bir qismi ödənişsiz ev işlərində çalışır. Uşaq əməyindən istifadənin ən geniş yayıldığı ərazi Asiya və Sakit Okean regionudur. Burada 130 milyona qədər azyaşlı istismara məruz qalır. İkinci yerdə Afrikadır - 50 milyon! Latın Amerikası və Karib dənizi hövzəsi ölkələri isə uşaq istismarının geniş yayıldığı 3-cü böyük ərazidir. Burada 18 milyon azyaşlı çətin və dözülməz şəraitdə işlədilir. Ucuz uşaq enerjisinin 70 faizi kənd təsərrüfatı, balıqçılıq, ovçuluq və meşə təsərrüfatında istifadə olunur. Ekvadorda banan, Misir və Benində pambıq, Kolumbiyada gül, Braziliyada portoğal, Fil dişi sahilində kakao, Argentina və Banqladeşdə çay, ABŞ-da meyvə və tərəvəz yığımında uşaqlar iştirak edir. Təxminən 15 milyon uşaq manufakturalarda istismar olunur. Hindistan, Pakistan və Misirdə xalçaçılıq, Banqladeşdə və Filippində trikotaj sexlərində, Hindistanda şüşə və kərpic istehsalında, Çin, Dominikan, Salvador, Qvatemala və Peruda fişənglərin, Pakistanda isə cərrahiyyə alətlərin istehsalında uşaq əməyinə "müraciət olunur". Kolumbiyada qızıl, Braziliya və Salvadorda daş kömür, Zimbabvedə xrom, Fil dişi sahilində almaz, Kolumbiyada zümrüd, Monqolustanda kömür yataqlarında "fəhlə" uşaqlara rast gəlmək adi hala çevrilib.
Uşaq əməyi lazımi təhsil imkanını məhdudlaşdırır
Təhsilin olmaması və ya onun aşağı keyfiyyəti uşaqların daha yaxşı gələcəyə olan ümidlərini puç edir. Problem həm də onunla qəlizləşir ki, aqrar sektorda çalışan bir çox uşaqlar dünyanın ən yoxsul əhalisinin üçdə ikisinin yerləşdiyi kəndlərdə böyüyüblər. Əsası 1993-cü ildə qoyulan, 30 milyona yaxın müəllim və təhsil işçisini birləşdirən Beynəlxalq Təhsil Təşkilatı (BTT) uşaqların təhsilə cəlb olunmasında bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlıq edir. 173 ölkədə 402 üzv təşkilatı olan BTT-nin əsas prioritetlərindən biri yüksək texniki tərəqqinin olduğu qlobal dünyada hələ də mövcud olan savadsızlığa və cahilliyə qarşı mübarizə aparmaqdır. Təşkilatın apardığı araşdırmalar göstərir ki, 6-14 yaş arasında 113 milyon uşaq və yeniyetmə, ümumiyyətlə, məktəbdən kənardadır. Onların böyük qismi qızlardır. Bu uşaqların əksəriyyətinin əməyi istismar olunur. Uşaqları təhsildən ayıran əsas amil ailələrində maddi durumun acınacaqlı olmasıdır. Məhz buna görə valideynlər öz uşaqlarını təhsildən ayırıb işləməyə göndərməyə məcbur olur. Bunun qarşısını almaq üçün uşaq və humanitar təşkilatlar müxtəlif proqramlar həyata keçirirlər. Belə layihələrdən biri də uşaqların təhsilə cəlb olunması müqabilində onların ailələrinə maliyyə yardımı edilməsidir. Bu ideya artıq Latın Amerikasının ən böyük ölkəsi olan Braziliyada uğurla sınaqdan keçirilib. Buna görə də BMT bu üsulu Afrikanın 3 ölkəsində - Mozambik, Seneqal və Tanzaniyada da reallaşdırmağa başlayıb. Ümumilikdə 20 mindən artıq ailəyə 3 milyon dollar pul ayrıldı. Həyata keçirilən digər bir layihə çərçivəsində isə uşaqlarını məktəbə göndərən ailələr ərzaqla təmin olundular. BMT-nin Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihənin artıq 40 illik təcrübəsi var. Misal üçün, Pakistanın bir ibtidai məktəbində 100 oğlan və 13 qız var idisə, bu proqramın həyata keçirilməsindən sonra 120 oğlan və 97 qız uşağı təhsil almaq imkanı qazandı. Dünya Ərzaq Proqramı 54 ölkədə 12 milyon uşağın faydalandığı belə proqramlara hələlik ildə 100 milyon dollar ayırır. Qarşıdakı illərdə bu məbləğin tədricən artması nəzərdə tutulub... Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, dünyada hər 100 uşaqdan 16-sının əməyindən istifadə olunur. Ən acınacaqlısı isə odur ki, bu uşaqlardan bəziləri heç 5 yaşını belə tamamlamayıb. Bütövlükdə isə hazırda dünyada 170 milyon uşaq əməyin təhlükəli növləri ilə məşğuldur.
Dövlət Əmək Müfəttişliyinin sektor müdiri: "Hər şeyin qaydasında olduğunu deyə bilmərik"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyi isə sırf olaraq uşaq əməyinini istifadə hallarının ortaya çıxarılması üçün monitorinqlər aparmır. Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Nizami Əhmədov bildirib ki, təmsil etdiyi qurum mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri və hüquqi şəxs yaratmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən əməyin mühafizəsi və əmək sahəsində digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirir. O, qeyd edib ki, bu nəzarətin həyata keçirilməsi zamanı uşaq əməyi ilə bağlı hansısa pozuntular aşkara çıxarılarsa, Dövlət Əmək Müfəttişliyi səlahiyyəti və qanunvericilik çərçivəsində tədbirlər həyata keçirir. Bu sahədə hər şeyin qaydasında olmadığını bildirən N.Əhmədov qeydə alınan pozuntu hallarının da cüzi olduğunu dilə gətirib: "2010-cu ildə uşaq əməyindən istifadədə 24 fakt qeydə alınıb ki, bunlardan 10-u ticarət-iaşə obyektlərində olub. 2009-cu ildəki 62 faktdan 11 sənayə, 25-i isə ticarət-iaşə sahəsində, 2008-ci ildəki 25 faktdan isə 15-i sənayə sahəsində qeydə alınıb. 2011-ci il ilk 4 ayı ərzində isə uşaq əməyindən istifadə ilə bağlı 2 fakt qeydə alınıb". N.Əhmədov bildirib ki, 2011-ci ilin ilk 4 ayında uşaq əməyindən istifadə zamanı 1 bədbəxt hadisə qeydə alınıb. O, 2010-cu ildə isə bədbəxt hadisənin qeydə alınmadığını bildirib. Dövlət Əmək Müfəttişliyinin sektor müdiri diqqətə çatdırıb ki, İnzibati Xətalar Məcəlləsində bədbəxt hadisələr baş verdiyinə, eyni zamanda bu hadisələrin gizlədilməsinə görə məsuliyyət nəzərdə tutulub.
Millət vəkili: "Milli Məclisdə də məsələ dəfələrlə qaldırılmasına baxmayaraq ciddi mübarizə aparılmır"
Milli Məclisin sosial-siyasət daimi komitəsinin sədr müavini Musa Qasımlı qeyd edib ki, 15 yaşı tamam olmamış şəxslərlə əmək müqaviləsi bağlamaq olmaz. Əmək məcəlləsində də buna uyğun dəyişiklik edildiyini söyləyən millət vəkili bildirib ki, uşaq əməyindən istifadəyə qarşı müvafiq qurumlar, konkret olaraq Dövlət Əmək Müfəttişliyi məşğul olmalıdır. O, Həmkarlar İttifaqları Konfederasiyanın da bu işə nəzarət edə biləcəyini deyib. Millət vəkili söyləyib ki, onu ən çox naharat edən şadlıq saraylarında bəylə gəlinin qarşılanma mərasimində azyaşlı qızlara rəqs etdirmələridir. Bunun həm mənəviyyat, həm də qanun baxımından çox ciddi bir vəziyyət olduğunu deyən M.Qasımlı qeyd edib ki, məsələ Milli Məclisdə də dəfələrlə qaldırılmasına baxmayaraq ciddi mübarizə aparılmır. Millət vəkili bununla belə Azərbaycanda uşaqların əməyə cəlb olunması sahəsinndə vəziyyətin dünya üzrə orta göstəricidən yaxşı olduğunu deyib.
Statistik rəqəmlər həqiqəti əks etdirmir
Uşaq Hüquqlarının müdafiə Liqasının rəhbəri Yusif Bəkirov hesab edir ki, uşaq əməyindən istifadə ilə bağlı dəqiq statistika yoxdur. O, belə bir statistikanın nəinki qeyri-hökumət təşkilatlarında, həmçinin dövlətin özündə də olmadığını bildirib. QHT rəhbərinin fikrincə, müəyyən bir statistik rəqəmlər açıqlansa da bu həqiqəti əks etdirmir. Valideynlərin kiçik yaşlardan uşaq əməyindən istifadəsinə gəlincə, Y.Bəkirov bunun maddi amillərlə bağlı olduğunu düşünür: "Ailənin maddi vəziyyəti ağır olduqda valideynlər uşağın işləməsinə üstünlük verir. Yaxud da valideyn görür ki, təhsildə korrupsiya var. Məktəbdə onun uşağından müxtəlif məqsədlər üçün pul istəyirlər, kitab, forma almaq lazımdır. Valideyni isə buna imkanı yoxdur. Orta məktəbi qurtarandan sonra ali məktəb gəlir, valideynin yenə də inkanı olmayacaq ki, uşağını oxutsun. Belə olan halda valideyn uşağın kiçik yaşlardan əməyə qatlanmasına üstünlük verir". Uşaq Hüquqlarının müdafiə Liqasının rəhbəri qeyd edib ki, bəzən uşağın özü də kiçik yaşlardan işləməkdə maraqlı olur: "Uşaq kompüter oyunları oynamaq, müxtəlif şeylər almaq istəyir. Valideynlər isə uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Çarə qalır uşağın işləməsinə".
Təhsildən yayınan uşaqlar asanlıqla kriminal aləmə düşə bilər
Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, ailələrin maddi vəziyyətinin aşağı olması uşaq əməyinin yayılmasında həlledici ola bilməz. O, qeyd edib ki, bir müddət əvvəl zəif olan iqtisadiyyat inkişaf edir. Ə.Qəşəmoğlu hesab edir ki, uşaq əməyinin yayılmasında ikinci səbəb təhsil sistemində olan problemlərdir və bu problemlər uşaqların təhsildən yayınmasına səbəb olur. Sosioloq fikrincə, problemin qarşısını almaq üçün mənəvi islahatlar aparılmalıdır: "Hər bir uşağın tərbiyəsinə xüsusi diqqət yetirməliyik. Bu günün uşağı gələcəyin valideynidir və valideynin təhsili uşaqların formalaşmasında da əhəmiyyətli rol oynayır. Təhsildən yayılan uşaqlar isə çox asanlıqla kriminal aləmə düşə, narkotikə qurşana bilər. Bu sahədə əməli iş aparmaq üçün fəaliyyət proqramı hazırlanmalıdır. Bu məsələnin səbəbləri müxtəlif ölkələrdə müxtəlif olduğu ki, zaman da mühüm rol oynayır. Belə ki, 10 il əvvəlki Azərbaycanla indiki Azərbaycan eyni deyil. Öyrənmək lazımdır ki, problemi doğuran amillər hansılardır. Yalnız ondan sonra problemin qarşısını almaq üçün tədbirlər görülə bilər. Həqiqətən maddi amillərlə bağlıdırsa həmin ailələrə sosial yardımlar edilə bilər". Ə.Qəşəmoğlu fikrincə, problemin həlli cərimələrin tətbiqi yolu ilə həll oluna bilməz. Sosioloq düşünür ki, bu əks effekt verə bilər: "Valideyn ailənin maddi durumu, vəziyyəti öyrəndikdən sonra cərimələnə bilər. Ailənin yaşamaq imkanı normaldırsa, amma buna baxmayaraq, valideyn uşağını belə işlərə məcbur edirsə, onda müəyyən tədbir görmək olar. Heç bir imkan olmayan ailələrə qarşı isə belə cərimələr mənasızdır. Bu əslində yaraya məlhəm vurmaq əvəzinə, ora əlavə bir zərbə vurmağa bənzəyir. Vəziyyəti ağır olan ailə cərimələndikdə, onun uşağında kriminal hallara meyl artacaq. Yəni problemi tələsik həll etmək istəyənlər yaxşı təhlil aparmadan bu işləri görmək istəyir. Ailə istər-istəməz bir yerdən pul qazanmalıdır. Küçədən pul qazanan uşağa qoyulan qadağa halında onda kriminal aləmə qoşulmaq təhlükəsi meydana gələ bilər. Ona görə də birmənalı olaraq birbaşa şəkildə o cür sərt addımlar atmaq səhv hərəkətdir. Bu barədə heç danışmağa dəyməz".
Hər bir uşağa fərdi yanaşılmalıdır
"SOS" Uşaq Kəndləri Assosiasiyasının koordinatoru Rasif Dünyamalıyev hesab edir ki, uşaqların əməyindən məcburi şəkildə istifadə edilməsi sosial problemdir və bu problemin səbəblərini aşadırmaq və onları aradan qaldırmaq lazımdır. O, qeyd edib ki, bu kimi halların aradan qaldırılması üçün dövlət, vətəndaş cəmiyyəti və ailə əməkdaşlıq şəklində fəaliyyət göstərməlidir: "Dövlət uşaqlarının əməyini istismar edən və onları təhsildən yayındıran ailələrin sosial müdafiəsini gücləndirməli, vətəndaş cəmiyyəti isə həmin ailələr ilə dövlətin yaratdığı sosial xidmətlər arasında əlaqələndirici funksiyanı yerinə yetirməlidir. Bu iş əməkdaşlıq şəklində həyata keçirilməli və hər bir ailəyə, uşağa fərdi yanaşılmalıdır. Bu gün 16 yaşdan yuxarı uşaqların əməyindən istifadə edən müəssisələrdə həmin uşaqların sosial müdaifəsi gücləndirilməli, müəssisə tərəfindən həyat və tibbi sığorta olunmalı, onlar üçün müəyyən olunan əmək haqqı uşağın anasına ödənilməli, onların iş şəraiti beynəlxalq standartlara uyğun qurulmalı və davamlı olaraq yoxlanılmalıdır. 16 yaşından aşağı uşaqların əməyindən istifadə isə qanunla qadağa olunmalı və buna əməl etməyən müəssisələr isə böyük məbləğdə cərimə olunmalı və həmin cərimələr onların istismar etdikləri uşaqların hesabatlarına köçürülməlidir. Dilənçilik və bu kimi küçə şəraitində müxtəlif işlərdə istismar olunan uşaqlar isə dövlət nəzarətinə götürülməli, hüquq mühafizə orqanları vasitəsilə qarşısı alınmalı, uşaq polislərinin fəaliyyəti gücləndirilməli və həmin uşaqların himayədarları qanun qarşısında məsuliyyətə cəlb olunmalı və hətta valideynlik hüququndan məhrum edilməlidir. Ümumiyyətlə isə, uşaq əməyinin istismarı sosial problem olduğu üçün onun həlli də məhz dövlətin öhdəliyidir və bu öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında da tapmışdır, lakin cəmiyyətimiz də bu məsələdə fəallığını ortaya qoymalı, bu kimi hallarla rastlaşdıqda vətəndaş mövqeyindən çıxış etməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB