Əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır Vaqif Dərgahlı

Hazırda Tovuz istiqamətində şiddədli döyüşlər davam edir. Ordumuzun verdiyi cavablar nəticəsində böyük itkiləri olan düşmən geri çəkilməyə məcbur edilib. SİA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı jurnalistlərə açıqlamasında deyib.

V.Dərgahlı bildirib ki, hazırda vəziyyət gərgin olaraq qalır. O qeyd edib ki, həmişə olduğu kimi Ermənistan tərəfi cəbhədə vəziyyəti gərginləşdirdikdə dərhal Azərbaycanın yaşayış məntəqələrini də atəşə tutmaqda davam edir, əhalini qorxu altında saxlamağa cəhd göstərir: “Ancaq Azərbaycan xalqı, bütün ictimaiyyətimiz bilsin ki, Silahlı Qüvvələrimiz, Azərbaycan Ordusunun bu istiqamətdə olan bölmələri düşmənin qarşısını almağa hazırdır və qadirdir. Hazırda bu istiqamətdə tədbirlər həyata keçirilir”.

Onun sözlərinə görə, əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarəti altındadır.

V.Dərgahlı bildirib ki, xalqımız əmin olmalıdır ki, Azərbaycan Ordusu Ali Baş Komandanın verəcəyi hər bir əmri yerinə yetirməyə hazırdır.

Qeyd edək ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu qəhrəmancasına şəhid olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...