İsa Həbibbəyli: “Bu təxribat Paşinyan hakimiyyətinin sonunun başlanğıcı olacaq”

İyulun 12-si Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək növbəti təxribat törətdi. Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən ermənilər bu gün də öz saxtakarlıqlarından əl çəkmirlər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Ermənistan deyilən dövlətin ərazisinin əzəli Azərbaycan torpaqları olması ilə bağlı faktları ortaya qoyaraq bildirmişdi: “Tarix sübut etdi ki, hazırkı Ermənistan deyilən dövlətin ərazisi əzəli Azərbaycan torpaqlarıdır. Heç bir tarixçi, normal araşdırmaçı bunu inkar edə bilməz. Ermənilərin Azərbaycan ərazilərinə və bütövlükdə Cənubi Qafqaza gəlmə olduğu, çar Rusiyasının Qafqaza doğru istilaçılıq siyasətinin genişləndiyi vaxtlarda bu ərazidə onların heç bir dövlət qurumunun yoxluğu tarixçilər tərəfindən dəfələrlə sübuta yetirilib. Ermənilərin əsas məskənləri indiki Balkan yarımadası olub və sonralar onlar Kiçik Asiya yarımadasına gəliblər. XIX əsrin əvvəllərində Rusiyanın Qafqaza doğru genişlənməsi tədricən bu ərazilərə ermənilərin gətirilməsi, onların Azərbaycan torpaqlarında məskunlaşdırılması ilə müşayiət olunurdu”.

Gözəl bir deyim var, "tarixi həqiqətləri inkar etdikdə, reallıq hissi itirilir”. Bu həqiqətən də belədir. Bu gün Ermənistanın baş naziri Nikol Paşinyan küçədən hakimiyyətə gəldiyi gündən başqalarına qarşı əsassız ittihamlarla çıxış edir və elə zənn edir ki, yalan və əsassız iddialar irəli sürməklə tutduğu kreslosunda qala biləcək. Ancaq N.Paşinyan hansı formada yalan danışsa da, yenə də həqiqət üzə çıxır. Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir.

Ali Baş Komandandan sərt bəyanatlar!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı iyulun 12-də baş verən təxribatla bağlı bildirib ki, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib: “Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur. Eyni zamanda, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar, əlbəttə ki, onların təbliğatını alt-üst edir. Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Dövlət başçısı qeyd edib ki, hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edib: “Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk”.

Məhz, Ermənistanın bütün təxribatlarının növbəti təxribatının qarşısı da qətiyyətlə alınıb, adekvat cavab verilib, hərbçilərimizin qisası alınıb, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb və Azərbaycan öz dövlət sərhədini qoruyub.

Prezident İlham Əliyev cənabları çıxışı zamanı guya erməni əsgərlərinin Azərbaycan torpağına keçməsi ilə bağlı deyilənlərə də toxunub: “Bir santimetr belə Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilməyiblər. Bu gün sərhəddə gərgin vəziyyət davam edir. Dünən gecə bütün aidiyyatı qurumlarla, komandanlarla əlaqədə idim. Bu gün səhər tezdən də mənə operativ məlumat verilib. Sərhəddə vəziyyət sabitləşməyib. Bütün məsuliyyti Ermənistanın hərbi, siyasi rəhbərliyi daşıyır”.

Ərazi bütövlüyü müzakirə mövzusu olmadığı, ola bilməyəcəyi dövlətimizin prinsipial, gerialınmaz, yumşaldılmaz mövqeyidir!

Artıq işğalçı ölkədə vəziyyətin pisləşməsi, üstəlik də koronavirus pandemiyasının ortaya çıxması əhalinin sosial durumunu daha da ağırlaşması, bir növ ermənilər fəlakətin episentrindədirlər. Erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirirlər. Ermənistanda müzakirə edilən əsas məsələ odur ki, siyasi rəhbərlik itkiləri xalqdan gizlədir? Niyə? Azərbaycan tərəfi bəyan edib ki, 4 şəhid verib, bəs Ermənistan tərəfi hücum etdiyi halda, itkilərini niyə gizlədir? Ermənistan silahlı qüvvələri bu avantüraya niyə indi əl atıb? Bunun bitkin və əsaslandırılmış cavabı var - bu, baş nazir Nikol Paşinyana lazımdır. Ermənistan silahlı qüvvələri bu avantüraya niyə indi əl atıb?. Buna görə də Paşinyan ölkədəki inqilab ab-havasını Dağlıq Qarabağ istiqamətinə yönləndirməyə çalışır və təxribata əl atmaqla oturduğu kreslosunu əldən vermək istəmir. Ancaq anlamır ki, onun bu avantürası onun başına hələ çox bəla açacaq. Çünki küçədən hakimiyyətə gələn Paşinyan erməni xalqına çox vədlər vermişdi. Bu gün nəticə sıfırdır, erməni xalqının sabahkı günə inamı qalmayıb, Paşinyan rejimi altında yaşamaq istəmirlər, etirazlarını bildirir, hakimiyyətə küçə "demokratını" gətirməklə peşimançılıq çəkirlər. Bütün bunları Paşinyan görür və diqqəti yayındırmaq üçün ən optimal addıma - təxribata əl atmaqla məqsədinə çatmaqdır. Ancaq bu çirkin əməlləri ilə istəyinə çata biləcəkmi? Özü də COVID-19-un Ermənistanda geniş yayıldığı bir məqamda. Məqsəd bəllidir, COVID-19-un kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayıyındırmaq. Dünya birliyi COVID-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Lakin heç bir güc, qüvvə bizi nə ədalətsiz sülhə vadar edə bilməz! Çünki ərazi bütövlüyü müzakirə mövzusu olmadığı, ola bilməyəcəyi dövlətimizin prinsipial, gerialınmaz, yumşaldılmaz mövqeyidir!

Beynəlxalq qurum və quruluşlar, ilk növbədə, ATƏT-in Minsk Qrupu, bu Qrupun həmsdərləri hadisəyə siyasi-hüquqi qiymət verməli, təcavüzkara haqq etdiyi münasibəti göstərməlidir.

İstər aprel döyüşlərində, istər Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi torpaqlarımızın azad edilməsi uğrunda gedəcək son döyüşdə də qələbə bizim olacaq. Çünki tam əminliklə bildirmək istəyirəm ki, təxribat başladığı andan bəri xalq-ordu, xalq-dövlət birliyinin yeni təzahürlərini yaşamaqdayıq. Çünki ordu da, dövlət də bu xalqın bağrından çıxıb, bu xalqın əsəridir və bu xalq üçündür.

Düşmənin hücumunu dəf edərkən şəhid olan hərbçilərimizə bir daha rəhmət, yaralı hərbçilərimizə şəfalar diləyirəm! Və cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərimizə Ulu Yaradandan rəhmət, yaralılarımıza şəfalar diləyirəm! Vətən sağ olsun!

Və özlərini "zavalı" kimi aparan tülkü qədər bic və xain olan ermənilər bilməlidirlər ki, Azərbaycana xor baxanlar üçün son mənzil məzarlıq və cəhənnəmdir!

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

Bütün xəbərlər Facebook səhifəmizdə