Ermənistan artilleriya qurğularından atəşkəsi 74 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, 60, 82 və 120 millimetrlik minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 74 dəfə pozub.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində, Çəmbərək rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...