Azərbaycan prezidentinin təşəbbüsləri dünya üçün bir nümunədir

Dünyanı cənginə alan COVID-19 pandemiyasının başlanmasından etibarən Azərbaycan dövlətinin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə start verilib. Elə ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının qorunması, koronavirusa qarşı mübarizənin gücləndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulub. Ölkə prezidenti eyni zamanda bütün dövlət qurumlarına əsas diqqəti məhz bu istiqamətə yönəltməyi tapşırıb.

Azərbaycan dövləti beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün zəruri təşəbbüslər irəli sürür

Prezident İlham Əliyev pandemiya dönəmində sosial şəraitin qorunması, işsizliyin səviyyəsinin aşağı salınması, özünüməşğulluğun təmin olunması ilə bağlı müvafiq sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən isə Tədbirlər Planı hazırlanaraq təsdiqlənib. Həmin Planda ölkədə məşğulluq məsələlərinə pandemiyanın mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün həyata keçiriləcək məqsədəuyğun tədbirlər geniş yer alıb.
Bundan başqa Azərbaycan dövləti tərəfindən regional və qlobal səviyyədə pandemiyaya qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Sözsüz ki, pandemiya təkcə insanların həyatına təhlükə yaratmır, xüsusilə sosial-iqtisadi və humanitar sahələr ciddi itkilərə məruz qalır. Bu mənada pandemiya ilə mücadilədə dünya birliyinin birgə mübarizəsi olduqca önəmlidir. Yalnız dünyada kifayət qədər nüfuza malik, beynəlxalq münasibətlər sferasında mühüm rol oynaya və böyük təsir göstərə biləcək qurumların bu istiqamətdə passivliyinin şahidi olduq. Eləcə də dünyadakı bəzi nüfuzlu, söz sahibi dövlətlərin pandemiya ilə mübarizədə fərdi olaraq mübarizə apardıqlarını müşahidə etdik. Bu da onu deməyə əsas verir ki, beynəlxalq arenada qlobal səviyyədə əməkdaşlıq ürəkaçan səviyyədə deyil.

Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik

Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Belə ki, 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü baş tutdu. Bu görüşdə önəmli çağırışlar səsləndi və ən əsası qeyd olundu ki, böhrana qarşı birləşmək və birgə mübarizə aparmaq artıq zərurətə çevrilib.
Cənab Prezident İlham Əliyev Zirvə görüşündə diqqətə çatdırdı ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir: “Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.
Dövlət başçısı bildirdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
Prezident İlham Əliyev onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi.

Azərbaycan qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir

Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Burada diqqətçəkən önəmli məqam isə ondan ibarətdir ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir.
Bütün bunlar onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir.

İqtisadi maraqlar deyil, insan sağlamlığı hər şeydən vacibdir

Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Cənab prezident həmçinin dünyaya bir daha göstərdi ki, bir dövlətin başçısı, bir xalqın lideri olaraq onun üçün Azərbaycan vətəndaşlarının sağlamlığı daha vacibdir. Dövlətlər isə hər şeydən əvvəl iqtisadi maraqlarını deyil, insan amilini, onun sağlamlığını düşünməlidir.
Bir sözlə, bütün dövlətlərlə dostluğa xüsusi diqqət yetirən, həmçinin beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verən ölkəmiz xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əlaqələrin daha da inkişaf etdirilməsini öncül istiqamətlərdən biri hesab edir. Aparılan uğurlu xarici siyasi kursun nəticəsi kimi də Azərbaycan bu gün dünyanın önəmli beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər təşkilatların üzvü kimi onların işində yaxından iştirak edir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kursun nəticəsidir ki, milli maraqlarımız hər zaman təmin olunub və Azərbaycan dünyanın önəmli dialoq məkanlarından birinə çevrilib. Bu uğurlu siyasət nəticəsində ölkəmizin çoxşaxəli fəaliyyəti nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir. Sözügedən amillər ölkəmizin bundan sonra da beynəlxalq təşkilatlarla əməkdaşlığının daha da inkişaf edəcəyinə inamı artırır.

Pərvanə Hacıyeva,

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...