“Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır”

YAP Masallı rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51 illiyi ilə əlaqədar bu mövzuda onlayn formatda vidiokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 51 illiyi ilə əlaqədar “Ulu öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda onlayn formatda vidiokonfrans keçirib. Vidiokonfransı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın: "Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, "dövlət-vətəndaş" birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib".

S.Əliyev çıxışında qeyd edib ki, Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq milli Öndərimiz Heydər Əliyevin taleyinə yazılmışdı: "Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail oldu. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir. Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli Liderimizin siyasi kursu uğurla davam etdirilir. Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, bu gün dünyanı ağuşuna alan koronavirusa qarşı mübarizədə hamı birlik və həmrəylik nümayiş etdirməlidir: "Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bütün görüşlərində hamını karantin rejiminə əməl etməyə çağırır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində də koronavirus epidemiyasına qarşı atılan ardıcıl addımlardan, görülən işlərdən, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğundan, həmçinin beynəlxalq aləmdə ölkəmizin digər ölkələrlə müqayisədə insan itkisinin az olduğundan və nəticədə ölkəmizin nümunə olduğundan danışdı".

Onlayın formatında keçirilən vidiokonfransın Bədəlan ərazi ilk partiya təşkilatının sədri Arif Mehtiyev, YAP Masallı rayon təşkilatı qadınlar şurasının üzvü Nailə Əsədullayeva, gənc fəal Könül Qənbərova və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə