Bu gün Azərbaycan Mətbuat Şurasında (MŞ) Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir MŞ, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsi ilə birgə təşkil edilib. Tədbirdə təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmsilçiləri, media ekspertləri və ziyalılar iştirak edib.
İlk olaraq çıxış edən MŞ-nin sədri Əflatun Amaşov 1990-cı illərin əvvəllərində "soyuq müharibə"nin başa çatması ilə Qərb və Şərq arasında dialoq yaradılmasının mühüm şərtlərdən biri olduğunu deyib. YUNESKO-nun təklifi ilə 3 may tarixinin Ümumdünya Söz Azadlığı Günü olaraq qeyd edilməsi ilə bağlı BMT Baş Assambleyasının qərar verdiyini deyən MŞ sədri qeyd edib ki, bu gün 1991-ci ildən qeyd olunur. O, həmin tarixdən etibarən dünyanın müxtəlif ölkələrində, Avropa jurnalistləri üçün İspaniyada, Asiya jurnalistləri üçün Qazaxıstanda, Amerika jurnalistləri üçün Kanadada Ümumdünya Söz Azadlığı Günü olaraq qeyd edilməsi ilə bağlı tədbirlərin keçirildiyini deyib.
YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının müşaviri Günay Əfəndiyeva bildirib ki, hər bir media nümayəndəsinin öz fikrini, düşüncəsini sərbəst və azad şəkildə ifadə etməyə haqqı var. Ümumdünya Söz Azadlığı Gününün demokratik və söz azadlığı prinsiplərinə əməl olunduğu ölkələrdə qeyd edildiyini deyən N.Əfəndiyeva Azərbaycanda da mətbuat və söz azadlığının təmin edildiyini dilə gətirib: "Prezident İlham Əliyev ölkədə mətbuat azadlığının təmin olunmasına xüsusi diqqət yetirir. Bu ona jurnalistlər tərəfindən verilən mükafatlarda da özünü göstərir. YUNESKO mətbuat azadlığına dəstək məqsədilə müxtəlif tədbirlər keçirir. Mətbuat Şurası da bu tədbirlərdə yaxından iştirak edir".
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də Azərbaycanda azad söz üçün münbit şəraitin yaradıldığını qeyd edib. Belə bir şəraitin 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi haqqında sərəncamla yaradıldığını söyləyən V.Səfərli rəhbərlik etdiyi Fondun da mətbuat azadlığına dəstək vermək üçün yaradıldığını vurğulayıb: "Fond yaradılanda onun büdcəsi üçün 1,3 milyon manat ayrılmışdı. 2010-cu ildə bu vəsait 2, 2011-ci il üçün 2,4 milyon manat olub. Keçən il Fond tərəfindən keçirilən müsabiqələrdə 150 jurnalist qalib olub. Müsabiqələrin sayını artırmağı da düşünürük. Bütün bunlar jurnalistlərin peşəkarlığının artırılmasına və sosial vəziyyətin yaxşılaşdırılmasına yönəlib".
V.Səfərli həmçinin bildirib ki, MŞ-nın "qara siyahı"sında olan mətbu orqanların sayı normal fəaliyyət göstərənlərin sayından çoxdur. O, KİV-lərin qeydiyyatdan keçməsinin də kifayət qədər sadələşdirildiyini vurğulayıb.
"Olarlar" qəzetinin baş redaktoru və eyni adlı informasiya agentliyinin baş direktoru Yunuz Oğuz reketçiliyə qarşı mübarizənin səmərə verdiyini və yeni bir mətbuatın formalaşdığını deyib. O, əldə olunan uğurlarla yanaşı problemlərin də qaldığını bildirib. Müharibə şəraitində olan bir ölkə olaraq Azərbaycanda azad sözə kifayət qədər yer verildiyini deyən Y.Oğuz bəzən bu azadlığın anarxiyaya çevrildiyini dilə gətirib.
"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında bildirib ki, Azərbaycanda mətbuat azadlığı üçün kifayət qədər hüquqi əsaslar var: "Əlimizdə olan azadlığın qədrini bilək, onu əldən verməyək".
Digər çıxışçılar da Azərbaycanda söz və mətbuat azadlığı sahəsində hazırkı durumla bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB