Hikmət Babaoğlu: “90-cı illərlə müqayisə etdikdə bu gün ölkəmizdə həqiqətən də söz, mətbuat azadlığı var”- DEBAT (SƏS TV)

Hikmət Babaoğlu: “90-cı illərlə müqayisə etdikdə bu gün ölkəmizdə həqiqətən də söz, mətbuat azadlığı var”- DEBAT (SƏS TV)

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin SİA-ya müsahibəsi:

- Bu gün dünyada söz və mətbuat azadlığının vəziyyəti necədir?

Yadigar Məmmədli - Bu gün dünyada beynəlxalq söz və mətbuat azadlığı günü qeyd edilir. Bu uzun illərin deyil, son illərdə qeyd edilən BMT-nin qəbul etdiyi bayramlardan biridir. Amma dünyada mətbuat azadlığını götürsək, ümumiyyətlə, mətbuat azadlığı bitməyən bir prosesdir. Mətbuat daha çox istəyir ki, öz sahəsində azad olsun, bir çox məsələlər var ki, onların işıqlandırılmasında müəyyən qadağalar var, onlar azalsın, çərçivələr genişlənsin. Biz mətbuat olaraq bunu istəyirik. Digər tərəfdən dövlət sirləri, özəl həyatın sərhədləri var ki, onların bizim fəaliyyət göstərmədiyimiz yerlərdir. Bu baxımdan demək olmaz ki, Azərbaycan mətbuatı dünya mətbuatından geridə qalır. Azərbaycan mətbuatı öz inkişafına görə, dünya mətbuatı ilə ayaqlaşır. Mən burada beynəlxalq təşkilatların mətbuatın durumu ilə əlaqədar hesabatlarını yada salmaq istəmirəm. Ona görə ki, bütün hallarda həmin hesabatlar subyektiv olur. Ümumilikdə keçirilən sorğular, monitorinqlər subyektiv deyil, orada məlumatlar həmin işi aparan şəxsin maraqlarına uyğun olaraq aparılır və hazırlanır. Amma bütövlükdə Azərbaycanda son illər mətbuat öz inkişaf tempinə görə yüksək inkişaf edir. Mətbuat Şurası zamanında Dövlət Konsepsiyasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması və bu fondun həyata keçirdiyi çeşidli addımlar onu göstərir ki, Azərbaycan mətbuatı dünya mətbuatı istiqamətində inkişaf edir.

- Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı yaradılan şəraitə baxmayaraq bəzi jurnalistlər təmsil olunduqları siyasi partiyanın tapşırığına uyğun məqalə dərc edirlər. Jurnalistlərin partiyalılıq mövqeyindən çıxış etməsi nə dərəcədə jurnalistikaya baş ucalığı gətirə bilər?

Hikmət Babaoğlu - Mən hesab edirəm ki, azadlıq nə qədər hüquqi kateqoriyadırsa, bir o qədər də fəlsəfi kateqoriyadır. Azadlıq nə qədər konkret bir şeydirsə, bir o qədər abstrakt bir şeydir. Azadlıq dedikdə qanunla qadağan olunmayan digər fəaliyyətlərimiz bizim azadlığımızdır. Bəzi mətbu orqanları var ki, onlar qanunla qadağan olan sahələrdə azadlıq axtarmağa cəhd edirlər. Belə olduqda azadlıq kəlməsini, onun mahiyyətini dəyişmiş olurlar. Nəticədə qəribə paradoks yaranır. Azadlıq ilk məhəbbətə bənzəyir. Nə qədər ki əlindədir, onun qiymətini bilmirsən, əlindən getdikdən sonra isə onun qədrini bilir, tapa bilmirsən. Bəzi mətbuat kateqoriyası var ki, bu gün azadlıq onların əlindədir, lakin onun qiymətini bilmirlər. 1991-1992-ci ildə mətbuat azadlığı varıydımı? Bizim həmkarlarımız o zaman necə vəziyyətdə yaşayır, maşınların yük yerlərində daşınır, hücuma məruz qalırdılar. Həmin illərlə müqayisə etdikdə bu gün ölkəmizdə həqiqətən də söz, mətbuat azadlığı var. Azadlıq qiymətli bir şeydir, amma azadlıq o zaman qiymətli olur ki, onun qədrini biləsən. Azadlıq anarxiya deyil, bəzi hallarda həmkarlarımız bundan sui-istifadə edirlər. Hesab edirəm ki, azadlıq hansı müstəvidə olur-olsun müqəddəs bir dəyərdir. Lakin onu anarxiya ilə qarışdırmaq lazımdır. Mənim azadlığımın sərhədləri sənin azadlığının başlandığı yerə qədərdir. Biz bu sərhədlərin təmas xəttini diqqətlə qurmalıyıq. Yəni mənim azadlıqlarım qanuna qədər, qanunun qadağan etdiyi nöqtəyə qədərdir. Biz təmasda durmağı bacarmalıyıq. Çox təəssüf ki, bəzi hallarda biz bunu bacarmırıq. Bəzən bu daxili hikkədən, ambisiyalardan doğur. Hər nə olursa-olsun əgər azadlıq istəyiriksə, ilk növbədə özümüzü tərbiyələndirməliyik. Küçədə çıxıb azadlıq qışqırmaq, milli dövlətçilik maraqlarına cavab vermir. Lakin bu gün böyük media var ki, onlar bu azadlığın qədrini bilir. Bu gün azadlığı dərk edən, ondan düzgün istifadə edə bilən gənc jurnalistlər yetişir.

- Azərbaycanla müqayisədə region ölkələrinin mətbuatının necə qiymətləndirirsiniz?

Aqil Camal - Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir. Bəlkə başqa sahələr ölkələr üçün spesifik xarakter daşıya bilər, amma media birbaşa dünya ilə bağlıdır. Xüsusilə biz internet mediası ilə səhərdən axşama qədər dünya ilə təmasda oluruq. Necə ki, dünya medasında hər hansı problem var, eləcə də qardaş ölkə olan Türkyədə də problemlər var. Orada köşə yazarları öz başçıları ilə bağlı mənfi yazılar yazırlar. O baxımdan dünyada media ilə bağlı müxtəlif problemlər var. Eləcə də bizim ölkəmizdə Azərbaycanın media imicinə ziyan vuran dövlətin istəmədiyi hallar baş verir. Birincisi, bəzi jurnalistlərə qarşı zorakılıq halları var ki, onları araşdırmaq lazımdır. Mediaya təkcə yazı deyil, həmçinin elektron mediası da daxildir. Bu gün Azərbaycanda elektron mediası çap mediasından daha üstünlük təşkil edir. Bu gün Azərbaycanda insanlar daha çox internet vasitəsilə informasiya alırlar. Bir həqiqət də var ki, demokratiyaya çatmaq üçün 200 il gözləmək lazım deyil. Biz çalışmalıyıq ki, qibtə etdiyimiz cəmiyyətlərin yaşam tərzinə və media sahəsində əldə olunan nailiyyətlərə tez bir zamanda çata bilək.

- Bəzi jurnalistlərin müxalifətin keçirdiyi mitinqlərdə iştirak edib, dövlət və hökumət əleyhinə şüarlar səsləndirməsi jurnalistlərin peşə davranış qaydalarına zidd deyilmi?

Hikmət Babaoğlu- Tamamilə ziddir. Jurnalistin peşəsi gördüklərini obyektiv şəkildə, tərəfsiz, şərh vermədən cəmiyyətə çatdırmaqdır. O ki qaldı jurnalistin siyasi mövqe göstərməsinə, əgər hər hansı bir jurnalist siyasi mövqe əks etdirmək istəyirsə, o, siyasi partiyaya üzv olub funksionerə çevrildikdən sonra mövqe bildirə bilər. Jurnalistikada tərəf olmamalıdır.

Yadigar Məmmədli- Bizdə jurnalistin mövqeyi, şərhi önəmli hesab olunur. Dünyanın heç bir yerində belə deyil. Dünyada jurnalistin şərhi lazımsızdır. Bizdə isə bu ekspert səviyyəsinə qaldırılır. Jurnalistin peşəsi hadisəni, məlumatı olduğu kimi cəmiyyətə obyektiv şəkildə çatdırmaqdır. Çox təəssüf ki, jurnalistlər bu sahədə özlərini jurnalist kimi deyil, tədbirin iştirakçısı kimi götürürlər. Bu kimi hallar var. Jurnalist öz peşəsini yerinə yetirərkən onun peşə davranışları var ki, həmin davranışları əməl etməlidir. Çox təəssüf ki, bu bizdə istənilən səviyyədə deyil.

Aqil Camal - Hər bir jurnalist həm də vətəndaşdır. Hər bir vətəndaş istənilən, razılaşdırılmış və ya razılaşdırılmamış aksiyalarda iştirak edə bilər. Ancaq redaksiya və ya Mətbuat Şurasının verdiyi gödəkçədən istifadə edib, aksiyada vətəndaş kimi iştirak düzgün deyil. Gödəkçədən istifadə etmək onun arxasında gizlənmək deməkdir. Peşədən istifadə etmək qəti sürətdə yol verilməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə