Təhsil Nazirliyinin şöbə müdiri: "80% peşə təhsili məktəblərində təqribən 14 minə yaxın qaçqın və məcburi köçkün ailələri yaşayır" - MÜSAHİBƏ
Təhsil Nazirliyinin Texniki-peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədovun SİA-ya müsahibəsi:
- Namiq müəllim, bildiyimiz kimi bu gün bəzi peşə məktəblərinin binaları yararsız vəziyyətdədir. Bunların gələcəkdə əsaslı təmiri və ya yenidən tikilməsi gözlənilirmi?
- Bu maliyyə ilə əlaqədar olan bir məsələdir. Ancaq cənab prezidentin bu sahəyə xüsusi bir diqqət və qayğısı var. Prezident çıxışlarında da peşə təhsilinin inkişafı ilə əlaqədar mühüm fikirlər söyləyib. Biz ümid edirik ki, növbəti 2-3 il ərzində bu problemlər həll olunacaq. Təəssüflər olsun ki, bunlar bizdən asılı olan səbəblər deyil. Həmin peşə təhsili müəssisələrinin əksəriyyətində məcburi köçkün və qaçqın ailələri məskunlaşıb. 80% peşə təhsili məktəblərində təqribən 14 minə yaxın qaçqın və məcburi köçkün ailələri yaşayır. Xüsusən regonlarda çox nadir peşə təhsili məktəbləri tapmaq olar ki, orada belə ailələr olmasın. Bakının özündə də peşə təhsili müəssisələrinin xüsusən yataqxanalarında belə ailələr məskunlaşıb. Maddi-texniki baza getdikcə təkmilləşir, yeni avadanlıqlar verilir. Amma bu tədricən baş verən prosesdir. Çünki 20 il ərzində peşə təhsili müəssisələrinə heç bir avadanlıq verilməyib. Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əlaqələr zəifləmişdi. Ancaq son zamanlar Təhsil Nazirliyi bu istiqamətdə çox ciddi addımlar atır, bir sıra iri şirkətləri, holdinqləri peşə təhsili müəssisələri ilə əməkdaşlığa sövq edir.
- Bu vaxta kimi qurulan əməkdaşlıqların hər hansı bir nəticəsi olubmu?
- Bəli, bu gün xüsusən regionlarda işlər görülür. Biləsuvarda "Azərsun"-la birgə layihə keçiririk. Bu, çox müsbət və Avropa İttifaqında müzakirə olunan bir təcrübədir. Bu layihə artıq bir nümunəvi model kimi keçmiş postsovet ölkələrinə misal kimi göstərilir. Çünki həmin model əsasında nəinki şagirdlərin, həmçinin pedaqoji heyətin hazırlanmasında da holdinq köməklik göstərir. Holdinqin regionda yerləşən bütün istehsal müəssisələri Biləsuvar peşə təhsili müəssisəsinin əməkdaşları üçün açıqdır. Müntəzəm olaraq həmin müəssisələrdə çalışan yüksək qabiliyyətli mütəxəssislər peşə təhsili müəssisəsinə cəlb olunur, onların hazırlığına rəhbərlik edir, həmin müəssisənin istehsal prosesini öyrənirlər. Bu qarşılıqlı təcrübə mübadiləsi əsasında həyata keçirilir və şagirdlərin biliklərinin qiymətləndirilməsində fəal iştirak edirlər. Müsbət nəticə əldə etmiş şagirdlər holdinqin müəssisələrində işə götürürlər. Bu region üçün heç də az əmək haqqı deyil.
- Bəs, bu istiqamətdə Bakıda hansı işlər görülür?
- Bakıda bizim bir sıra məktəblərimiz, o cümlədən Dövlət Dəmir Yolu Liseyinin şagirdləri bu məsələdə aktivdir. Bakı Metropoliteni, Dövlət Dəmiryolu İdarəsi ilə çox sıx əlaqələr qurulub. Bakı Metropoliteninin Nərimanov Deposunda müvafiq şərait, tədris otaqları yaradılıb ki, buradan şagirdlər istifadə edir və real iş şəraitində təcrübə əldə edə bilirlər. Həmçinin, hazırda Bakı Metropolitenində çalışan bir sıra şəxslər üçün yenidən kurslar keçirilir və bunlar bizim mütəxəssislər tərəfindən aparılır. Metropolitenin qocaman müəllimləri də bu prosesə cəlb edilib. Həmin şəxslərin sertifikatlaşdırılması aparılaraq istehsal prosesinə yönəldirlər. 12 nömrəli Bakı Peşə Liseyi, 11 nömrəli Peşə Liseyi demək olar ki, bir çox iri xidmət obyektləri ilə müqavilələri var. Xidmət obyektlərində həmin müəssisənin bir çox şagirdləri təcrübə keçir. Bakıda yaxşı fəaliyyət göstərən 7, 11, 12, 13, 14, 17, 16 nömrəli Bakı Peşə Liseyi, 5 nömrəli Bakı Peşə Məktəbi, 13 nömrəli Maştağada yerləşən Peşə Məktəbi var. Bu gün onların şagirdlərinin 70-80%-i işlə təmin olunub. Son zamanlar həm işəgötürənlər tərəfindən maraq artmaqdadır. Düzdür, bu biz istənilən səviyyədə deyil. Ancaq getdikcə bu proses aktivləşir.
- Gələcəkdə peşə məktəblərinə qəbul, tədris müəssisələrinin məzmunu və ya idarəolunması ilə bağlı hansısa yeniliklər gözlənilirmi?
- Hər il peşə təhsili sahəsində müəyyən yeniliklər edirik. Ötən il peşə təhsili layihəsini həyata keçirməyə başladıq, elektron dərsliklər hazırlanaraq portala yerləşdirilib. Bu gün peşə təhsili oxuyan və ya peşə təhsili almaq istəyən şəxslər portal vasitəsilə istənilən məlumatlar əldə edib, öyrənə bilərlər. Bundan əlavə, bu il İsmayılıda ən müasir peşə təhsili kompleksini istifadəyə verdik. Burada 480 şagird yerlik ərazi, yataqxana, tədris korpusu, emalatxana, laboratoriya və tibb mərkəzi var. Bu mərkəz Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində Azərbaycan hökumətinin vəsaiti hesabına tikilib. Hazırda orada Böyük Britaniya Şurasının ekspertlərinin nəzarəti altında kadr hazırlığı həyata keçirilir, yeni modul proqramlar tətbiq olunur. Biz ümid edirik ki, artıq peşə təhsilinin məzmunun da aparılan dəyişikliklər peşə təhsilinin ictimai statusunun yüksəlməsinə səbəb olacaq.
Bundan əlavə, yeni bir peşə təhsili kompleksinin tikintisi ilə əlaqədar Cənubi Koreya ilə danışıqlar aparılır. Cənubi Koreya İnkişaf Bankı həmin peşə təhsili müəssisəsinin tikintisi, müvafiq maddi-texniki bazası və kadr təminatı ilə əlaqədar olaraq 22 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Həmin kredit hesabına Bakıda 4 nömrəli Bakı peşə liseyinin bazasında müasir tipli texnologiya sahəsi üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edə biləcək yeni bir peşə kompleksi istifadəyə veriləcək.
Bunun cari il tikintisi planlaşdırılır. Təxminənm bir ilə tikintisi başa çatmalıdır. Bundan sonra isə bir il ərzində müəyyən kadrların hazırlanması, avadanlıqların quraşdırılması aparılacaq. İki il ərzində bu kompleks tam gücü ilə istifadəyə veriləcək və burada texnologiya, elektrotexnika, maşınqayırma, avadanlıqların tətbiqi üzrə mütəxəssislərin hazırlanmasını həyata keçiriləcək. Bu, həmçinin, Cənubi Koreya hökuməti üçün maraqlıdır. Çünki onların Azərbaycanla bağlı layihələri var. Bu layihələri müəyyən qədər gecikdirən problemlərdən biri ixtisaslı kadrların çatışmazlığıdır. Bu layihə həyata keçirilirsə artıq Azərbaycanda Asiya, Cənubi Koreya, Tailand, Sinqapur kimi ölkələrin biznesmenləri üçün yaxşı şərait yaradılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB