Həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə

Dünyanı sözün əsl mənasında varlığı və yaratdığı fəsadlarla təngə gətirən koronavirus yayım arealını getdikcə genişləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu dəhşətli bəlaya qarşı strateji xarakter daşıyan mübarizəyə başlanıldı, tibbi-profilaktik tədbirlər görüldü, müalicəvi ləvazimatların alınması üçün ciddi addımlar atıldı. COVID-19-un iqtisadiyyata təsirlərinin minimuma endirilməsi, zərərçəkmiş sahibkarlara və muzdlu işçilərə maliyyə dəstəyinin göstərilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə təsirli tədbirlərin gerçəkləşdirilməsinə başlanıldı.

Prezident İlham Əliyevin belə bir çətin dönəmdə pandemiyaya qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də digər dünya dövlətlərinin müdafiəsinə yönəlmişdir. koronavirusla mübarizə dönəmində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən qlobal səviyyədə bu dəhşətli virusun aradan qaldırılması üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinə yönələn zəruri təşəbbüslər irəli sürülüb. Bu məqsədlə Azərbaycan Prezidenti, Türk Şurasının və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev həmin onlayn Zirvə görüşündə çıxışı zamanı Qoşulmama Hərəkatı ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi üçün müraciət ünvanlamışdı. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdi. Müvafiq qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) müvafiq təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər.

BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsü dəstəklənib. Həmin ölkələrdən BMT ofisinə gələn məlumatlarda bildirilir ki, Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklifi vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür. Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisi kimi dəyərləndirilir: Həmçinin bu beynəlxalq tədbirin gerçəkləşməsi ilə bütün dünyada Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizədə fəal rol oynaması təsdiqini tapdı. Şübhəsiz ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi koronavirus pandemiyasına qarşı beynəlxalq mübarizədə dünya ölkələrinin birgə səylərinin gücləndirilməsində mühüm rol oynayacaq. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təkliflərinin dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən diqqətə alınması ölkəmizin və Prezident İlham Əliyevin dünyada artan nüfuzunun göstəricisidir.

Belə bir təşəbbüsün gerçəkləşməsi COVID-19-a qarşı mübarizədə yeni metod və üsulların tapılması ilə əlaqədar səyləri birləşdirməklə problemin mümkün həlli istiqamətlərinə də öz töhfəsini verə biləcəyi əminliyini ifadə edir. Çünki bu gün beynəlxalq aləmin, o cümlədən ölkəmizin tezliklə bu təhlükəli virusa qarşı effektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də dövlətimizin başçısının belə bir təşəbbüsü dünya dövlətləri ilə bərabər, cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir.

Namazova Şəhla, Zabrat Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi

Bütün xəbərlər Facebook səhifəmizdə