Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə atdığı mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2000 çarpayılıq 10 modul tipli xəstəxana kompleksindən artıq bir neçəsi istifadəyə verilib. Belə modul tipli xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və əlaqələndirmənin təmin edilməsində önəmli rol oynayır.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda 800 xəstəni qəbul etmək imkanına malik olan 10 korpusdan ibarət modul tipli hospitalın açılışında iştirak etməsi hər zaman olduğu kimi bütün çətin situasiyalarda dövlətimizin iqtisadi qüdrətinin və mənəvi gücünün vətəndaşlarımızın sağlamlığının və insanlarımızın təhlükəsizliyinin qorunmasına yönəldilməsinin daha bir nümunəsi idi. Prezident İlham Əliyevin digər təşəbbüsləri ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.
Hazırda bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünü təcridin və təcavüzkar mahiyyətinin nümunəsidir. Təbiidir ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən, xalqımıza və ölkəmizə nifrətin təzahürü olan ksenofobiya və Azərbaycanafobiyadır. Hər zaman tarixi faktlara və ədalətə əsaslanan dövlət başçımız bir daha Ermənistanın və erməni lobbisinin iç üzünü, işğalçı dövlətin antidemokratik və irticaçı mahiyyətini tutarlı arqumentlərlə ifşa edib. Dünya birliyinə və beynəlxalq qurumlara səslənən Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın antiinsani və antibəşəri addımlarına layiqli cavab verilməsinin zəruriliyini bəyan edib.
İnsanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı. 2020-ci ilin əvvəlindən indiyədək reallaşan sosial layihələr davamlılığı ilə diqqət çəkir. Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, cari ildə məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il 1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi. İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur. Bu mühüm məqam da diqqətə çatdırılır ki, iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.
Pandemiya ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq bəzi sahələrdə, o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub. Bütün uğurlu nəticələr ona əsaslanır ki, dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, ilk gündən bu tələbi qarşıya qoymuşdur ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neftin qiymətinin aşağı düşməsinə, həmçinin pandemiyanın ölkə iqtisadiyyatında böyük çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan bu çətinlikləri aradan qaldırmaq imkanında olduğunu bir daha dünyaya nümayiş etdirir. neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən belələrinin xalqın adından danışmağa haqqı yoxdur. Onların yeri hər zaman qeyd edilidyi kimi, tarixin zibilliyidir.
Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd edənlər Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayırlar. Vurğulandığı kimi, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurlu nəticələri, bir sözlə, son illərdə yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı bu kimi məqamlara işıq salmışdır. Həmin dövrdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur.
Məmiyev Təhmasib, 192 saylı orta məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə