Azərbaycanımız davamlı olaraq aparılan islahatlar sayəsində daha da güclənəcək

İyulun 6-da dövlətimizin başçısı İlham Əliyevin Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirakdan sonra televiziyalara verdiyi geniş müsahibəni 2020-ci ilin ilk 6 ayının hesabatı kimi də qiymətləndirmək olar. Belə ki, cənab Prezident bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə aparılan qətiyyətli mübarizədən tutmuş ölkəmizin beynəlxalq aləmdəki, fəaliyyətlərinə qədər mühüm açıqlamalar verdi. Vaxtında və düzgün atılan addımların nəticəsidir ki, bu gün bəşəri bəlaya çevrilən pandemiya ilə komplektləşdirilmiş formada mübarizə aparmaqla bərabər, dövlətimiz tərəfindən dünyanın bir çox ölkəsinə humanitar və maddi yardımlar edilir.

Azərbaycan dövləti bunu piar üçün yox, milli mənəvi dəyərlərimizdən irəli gələn həmrəylik, birlik nümayiş etdirmək naminə həyata keçirir. Baş verənlərin fonunda - istər pandemiya, istərsə də neftin qiymətlərində olan kəskin azalma səbəbindən dünyanın bir parçası olan ölkəmiz də iqtisadi cəhətdən çətinliklər yaşadı. Bütün bunlara baxmayaraq düzgün aparılan siyasətin, qeyri-neft sektorunun inkişafına yönəlik atılan addımların nəticəsidir ki, iqtisadi dayanıqlığımızı təmin edə bildik. Ona görə də dövlət başçımızın vurğuladığı kimi “neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”. Bütün bunların əyani sübutu olaraq ən həssas təbəqəyə aid olan vətəndaşlarımızın sosial rihafının yaxşılaşdırılması istiqamətində bu il daha böyük həcmdə layihələrin icrasının davam etdirildiyini göstərmək olar. Prezidentimizin müsahibəsində qeyd etdiyi kimi bu il ərzində 7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsinin nəzərdə tutulması, şəhid ailələri üçün rekord sayda - 1500 mənzilin istifadəyə verilməsinin, iyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsinin diqqət mərkəzində saxlanılması, ünvanlı sosial yardımın 85 min ailəyə, yəni, 300 mindən çox insana şamil olunması dövlətimizin sosial yönümlü siyasət yürütməsindən xəbər verir. Sosial siyasətin prioritet istiqamət kimi nəzərdə tutulması bir daha onu göstərir ki, dövlət siyasətimizin mərkəzində insan amili, vətəndaşlarımızın rifahı dayanır.

Sosial layihələrin davam etdirilməsi, ölkə vətəndaşının sağlamlığının iqtisadiyyatın inkişafından üstün tutularaq mümkün imkanlar daxilində soydaşlarımıza göstərilən maddi yardımlar dövlət-xalq birliyinin möhkəmlənməsinə xidmət edən başlıca amildir. Cənab Prezident dövlət-xalq həmrəyliyini gözü götürməyən anti-milli qüvvələrə də mesaj göndərərək haqlı olaraq onları düşmən Ermənistanla eyniləşdirdi. Bu gün dövlətçiliyimizin möhkəmlənməsini istəməyən, uğurlarımıza sevinmək əvəzinə neftin qiymətinin düşməsini böyük sevinclə qarşılayan antimilli qüvvələr hər vəclə bu birliyə mane olmaq istəsə də hər dəfə onların atdıqları addımlar fiaskoya uğrayır. Çünki xalqın gözü tərəzidir. İnanırıq ki. milli mənəvi dəyərləri qorumaqla modern ölkəyə çevrilən, regionun hesablaşılan güc dövləti olan Azərbaycanımız davamlı olaraq aparılan islahatlar sayəsində daha da güclənəcək. Bütün sahələrdə qazanılan böyük uğurlar, iqtisadi inkişaf, beynəlxalq aləmdə hesablaşılan gücə çevrilmək amili həm də tez bir zamanda işğalda olan torpaqlarımızın azad olunmasına hesablanıb.

Dövlət başçımızın sonda səsləndirdiyi “Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın” mesajı bir daha əminliyimizi artırdı. Gənclik olaraq üzərimizə düşən vəzifə isə bizi inamlı sabahlara aparan güclü liderimizin – cənab Ali Baş Komandanımızın ətrafında sıx birləşməyimizdir. Biz bu ölkənin insan kapitalı olaraq daima özümüzü inkişaf etdirməli, işimizin peşəkarı olmalı, milli mənəvi dəyərlərimizi qorumalı, çağdaş ideyalarla yaşamalı, dövlətimizə, xalqımıza yararlı vətəndaş kimi yetişməliyik.

Həsənli Mikayıl,

Gənc Nəslin Maarifləndirilməsi İB-nin sədri,

“Hərbi And” qəzetinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...