Koronavirusla mübarizənin Azərbaycan nümunəsi

Prezident İlham Əliyevin bu təşəbbüsü koronavirusla mübarizəyə böyük töhfə olacaq

Bu gün dünyanın gündəmi koronavirusa qarşı mübarizədir. Hər gün bu virusa yoluxanların, onun qurbanlarının sayı barədə dəhşətli rəqəmlər açıqlanır. Bu pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas şərt kimi aprelin 20-nə qədər ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Məqsəd əhalinin evdə qalmasını təmin etmək, sosial izolyasiya tədbirlərini genişləndirmək, bununla da, virusun yayılmasının qarşısını almaqdır. Əgər koronavirusla bağlı dünya üzrə rəsmi statistikanı təhlil etsək, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik.

Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində də koronaviru epidemiyasına qarşı atılan ardıcıl addımlırdan, görülən işlərdən, Azərbaycanın bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu və həmçinin beynəlxalq aləmdə ölkəmizin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu bildirdi.

"Karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır"

Bəli, bu fikirləri dövlət başçımız yerli televiziya kanallarına verdiyi müsahibəsində dedi: "Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq".

"Bizim sözümüz imzamız qədər təsirlidir və bunun təsiri eynidir. Biz sözümüzü tutan ölkəyik"

Düşünülmüş siyasət, uğurlu nəticələr deməkdir. Bu aksiomadır. Dövlət başçısı müsahibəsində də bildirdi ki, əldə olunan uğurların əsas faktoru müstəqil, düşünülmüş siyasətdir və aparlan siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz, çünki biz sözümüzü tutan ölkəyik: "Biz müstəqil siyasət aparırıq və bizim siyasətimizə heç bir kənar qüvvə təsir edə bilməz. Müxtəlif məqamlarda bunu dəfələrlə nümayiş etdirmişik. Ona görə bu gün Azərbaycana olan rəğbət doğrudan da ən yüksək səviyyədədir".

Məhz Azərbaycan Prezidenti İlham Əliyev son 17 illik prezidentlik fəaliyəti dövründə ancaq və ancaq müstəqil siyasət aparmış və bu gün 130 dünya ölkələrinin dövlət başçımızın təşəəbbüsünün dəstəklənməsi bir daha dünyada Azərbaycana, Prezident İlham Əliyeva olan inamın və etimadın göstəricisidir.

Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir

Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik".

mövzusunda keçirilmiş Zirvə görüşü ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsi oldu. Və bu görüşdə Prezident İlham Əliyev çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Çox keçmədi ki, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəkləndi. Bu böyük tarixi hadisə Azərbaycan diplomatiyasının uğuru, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisi idi.

Yenə də bu yerdə işğalçı Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla, bir daha dünya dövlətləri qarşısında əsl təcavüzkar mahiyyətini göstərdi. Bu təəccüb də doğurmur. Çünki bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar və işğalçı mahiyyətini nümayiş etdirdi. Xatırladaq ki, bir qədər əvvəl Azərbaycan Prezidenti Şərq Tərəfdaşlığı ölkələrinin iyunun 18-də videokonfrans formatında keçirilən sammitində Ermənistanın baş nazirini terroru dəstəkləyən dövlət kimi növbəti dəfə faktlarla ifşa etmişdi. Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir. Bu, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də müqayisə edilməyən nisbətin mövcudluğunu nümayiş etdirən əsaslı faktdır. Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu. BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur.

Və bütün bu deyilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

İnanırıq ki, Aərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...