Karantin qaydalarını pozanlara cəmiyyətin münasibəti öz əməllərinin nəticəsidir - MÖVQE ÖZƏL

"Bütün hallarda tələb bundan ibarətdir ki, tanınmış və cəmiyyət üçün maraqlı şəxslərin həyat tərzi həmişə, hər yerdə və bütün şəraitlərdə ölçülüb biçilir. Çünki tanınmış şəxslər özlərinin həyat tərzilə cəmiyyət üçün pis və yaxşı mənada nümunə kimi qəbul olunurlar. Təbii ki, tanınmış adamların həyat tərzində pis nümunələr daha qabarıq görünəndə bu cəmiyyət üçün siraətedici bir təsir qüvvəsinə çevrilir və başqaları da nümunə götürərək onlara oxşamağa çalışırlar. Əksinə nümunəvi və ciddi həyat tərzinə malik olan insanlar həmişə cəmiyyətdə yaxşı nümunə kimi qəbul olunurlar". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, indiki şəraitdə tanınmış şəxslərin ölkədə koronavirusla mübarizə qaydalarını aşkar və nümayişkaranə şəkildə pozması çox pis haldır: "Bu hallar cəmiyyətə ən müxtəlif istiqamətlərdə mənfi təsir göstərir. Əvvəla insanlarda belə bir rəy yaradır ki, guya anti-pandemiya qaydalarının tətbiq olunmasında ayrıseçkiliyə yol verilir və əgər ayrıseçkiliyə yol verməsəydilər hansısa bir "şəxs" bu cür qayda pozuntularına yol verə bilməzdi. Bu cəmiyyətdə anti-pandemiya qaydalarının hamılıqla və elliklə icra olunması yolunda ciddi bir maneçilik yaradır. Digər tərəfdən bu cür şəxslərin açıq şəkildə pozuntulara yol verməsi koronavirusun yayılma risklərini də artırır".

A.Quliyev qeyd edib ki, belə şəxslərin indiki vəziyyətdə ikiqat məsuliyyətindən danışmaq olar: "Birincisi koronavirusa qarşı mübarizədə hamının qəbul etdiyi və dövlətin məcbur saydığı qaydaları kobud şəkildə pozmaq, ikincisi bu pozuntudan özünü reklam və eqoistcəsinə istifadə olunması. Təbii ki, bunların hər ikici ictimai qınağa layiqdir və cəmiyyətdə əgər belə şəxslər öz əməllərinə pis, neqativ reaksiya görərlərsə, bunun səbəbini cəmiyyətdə yox, ilk növbədə öz əməllərində axtarmalıdırlar. İndi hər kəs öz əməli ilə pandemiyaya qarşı mübarizə qaydalarının pozulmasına insanları təhrik edən nümunələr yaratmalı deyil, əksinə pandemiyanın qarşısının alınması üçün yaxşı mənada hamılıqla bu qaydalara riayət etmək nümunəsi göstərməlidirlər ki, tezliklə bu təhlükənin qarşısını ala bilək".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...