Bəhram Bağırzadənin əzələ zəifliyi olsa da, aktiv hərəkətlərə cəhd edir Həkim

“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyətində son günlər müşahidə edilən müsbət dinamika saxlanılır”. SİA-nın məlumatına görə, bunu açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, B.Bağırzadənin huşu aydın və fəaldır: “Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur, aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə edilən durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

Qeyd edək ki, B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...