“Can Azərbaycan” radiosu “Bir millət, iki dövlət” şüarının ən gözəl nümunələrindən biridir

Türkiyədə “Can Azərbaycan” radiosunun təkmilləşdirilmiş versiyası istifadəyə verilib. Mobil tətbiq vasitəsilə istifadə olunan radio “Can Azərbaycan” media şirkəti tərəfindən hazırlanıb. Bu barədə müsahibəsində şirkətin qurucusu və rəhbəri, o cümlədən SİA-nın İstanbul bürosunun müdiri Namık Kamal Yıldırım məlumat verib.

Bildirilib ki, internet olan hər bir yerdə istifadə oluna biləcək tətbiq “www.canazerbaycanradyo.com” səhifəsindən dinlənə və ya “http://play.google.com/store/apps/details?id=com.ceksoft.canazerbaycanradio”da telefona endirilə bilər: “2018-ci ildən hazırlanan mobil tətbiq əvvəl sadə xəbər radiosu olaraq fəaliyyətə başlayıb. Hazırda yenilənmiş versiya vasitəsilə dinləyicilər Azərbaycan və vətəndən kənarda yaşayan azərbaycanlılarla bağlı gündəlik xəbərləri əldə edə biləcəklər. Bununla yanaşı 15 bölmədən ibarət radio-tətbiqdə Azərbaycan milli musiqisi, ədəbiyyatı, sənət adamları barədə geniş məlumat verilir. Bizim üçün burada ən vacib olanı isə tətbiqin “Qarabağ” bölməsidir. Bu bölmədə Azərbaycanın işğal altındakı tarixi torpağı olan Dağlıq Qarabağ barədə həqiqətləri dünyaya çatdırmaqla yanaşı işğalçı Ermənistanın bir an əvvəl bu işğala son verməsinin vacibliyi barədə məlumatlar və çağırışlar yayımlanır. Hər il daha da təkmilləşdirməklə bu tətbiqi böyük bir radio portalına çevirməyi planlaşdırırıq. Bundan başqa tətbiqə Azərbaycanda fəaliyyət göstərən bir sıra radio tezlikləri də əlavə edilib. Bu tətbiq, eyni zamanda, dünyada bənzəri olmayan, reklam kəsintisiz fəaliyyət göstərən yeganə radiodur. Bir sözlə, onu deyə bilərəm ki, tətbiqi ödənişsiz olaraq telefona endirərək Azərbaycan barədə bütün məlumatı əldə etmək olar”.

Tətbiqin yaradılması ideyası barədə danışan müsahibimiz deyib: “Mənim fikrimcə bu, yeni tətbiq tarixi qardaşlıq bağları ilə bir-birinə bağlı, ulu öndər Heydər Əliyevin artıq bir şüara çevrilmiş “Bir millət, iki dövlət” sözlərinin ən gözəl nümunələrindən biridir. Burada heç bir məqsəd yoxdur. “Can Azərbaycan” şirkəti olaraq biz bu tətbiqi heç kimdən yardım istəmədən yaratdıq. Bu, sadəcə iki qardaş ölkə arasında dünyada analoqu olmayan qardaşlıq münasibətlərindən irəli gələn sevgi, hörmət və bağlılığın nümunəsidir. Bu, eyni zamanda, “Can Azərbaycan” media şirkətinin türk dünyasına bir hədiyyəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...