Beş rayonda gənclərin yerli məşvərət şuralarının sədr və müavinləri seçilib

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, Gənclər və İdman Nazirliyinin, UNICEF-in Azərbaycan nümayəndəliyinin texniki dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilən “5 rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsi çərçivəsində Bakının Xəzər, eləcə də Biləsuvar, Qazax, Şəmkir və Tovuz rayonlarında gənclərin yerli məşvərət şuralarının idarə heyətinə onlayn seçkilər keçirilib. Gənclər Təşkilatları Milli Şurasından SİA-ya bildiriblər ki, seçkilər nəticəsində həmin rayonların məşvərət şuralarının idarə heyətlərinin sədrləri və sədr müavinləri müəyyənləşib.

Onlayn seçkilərdə Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev layihənin iştirakçılar üçün böyük məktəb olduğunu vurğulayıb. Layihənin davamlılığının təmin edilməsinin vacibliyini diqqətə çatdıran F.Babayev onun əhalinin rifah səviyyəsinin yüksəldilməsi və problemlərinin aradan qaldırılması baxımından yaxşı şans olduğunu deyib.

UNICEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının mütəxəssisi Natiq Umarov layihənin gələcəkdə digər rayonlarda da həyata keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, gənclərin yerli məşvərət şuralarının yeni sədr və müavinlərinin vəzifələrinin öhdəsindən uğurla gələcəklərinə əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə