Covid-19-la mübarizədə əhalinin maarifləndirilməsi işi artırılmalıdır - ŞƏRH ÖZƏL

"Koronavirusla mübarizədə tədbirlər planı ilk növbədə əhalinin maarifləndirilməsi və inandırılması işi ilə aparılmalıdır. Düşünürəm ki, bu anda bütün Qafqazın Şeyxi televiziyalardan əhaliyə müraciət etməlidir. Qurani Kərimdə bir ayə oxumuşam və həmin ayədə deyilir ki, əgər görsən ki, sənin şəhərində çuma xəstəliyi var, onda evindən heç yerə çıxma. Əgər görsən ki, başqa bir şəhərdə var, onda həmin şəhərə getmə. Yaxud sənin oluğun yerdə var, lakin başqa yerdə yoxdursa, evinden çıxıb başqa yerə getmək fikrində olma. 1500 il əvvəl deyilmiş bu fikirlərdə hər şey əks olunub. Yəni hökumətin bu gün apardığı siyasət, evdən çıxma, izolyasiya olun və s.". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, dövlət özəl klinikalara səlahiyyət verməlidir ki, onlar da ödənişli şəkildə testlər keçirsinlər: "Testlərin keçirilməsi ilə əlaqədar cəmiyyətdə böyük narazılıq var. Testlərin daha çox insana edilməsi üçün bu əsas şərtlərdəndir və testlərin keçirilməsində ədalətlilik prinsipi təmin olunmalıdır. Keçirilən testlər barədə də əhali tam şəkildə işıqlandırılmalıdır. Əhali də öz növbəsində məlumatsızlıqdan xilas olmalıdır. Bir çox özəl klinikalara müalicə imkanlarının verilməsi də pis olmaz. Əhalinin hərəkətinin məhdudlaşdırılması üçün mümkün olan maarifləndirmə tədbirləri aparılmalıdır. Ölkənin ağsaqqalları, savadlı, nüfuzlu insanları üçün televiziyalardan ayrıca vaxtlar ayrılmalıdır ki, maarifləndirilmə məsələləri daha çox işıqlandırılsın. Koronavirusun yalan olduğu ilə bağlı şaiyələr daima gəzir. Elə bir iş görmək lazımdır ki, dezinformasiyaların qarşısı alınsın".

Təşkilat sədri qeyd edib ki, pandemiya peyda olduğu gündən bəri virusun varlığına 80 faizə qədər artıb: "İlk zamalarda inamsız materiallar yayan mənbələr çox idi. Bir sözlə bir ağsaqqal kimi yenə qeyd edirəm ki, yer üzərində bütün canlıların təhlükədən qorunmaq üçün üç usulu var. Birinci üsul qaçmaq, ikinci hücum etmək, üçüncü isə gizlənməkdir. Qaça bilmirik, hücum edə bilmirik çünki görmürük. Ona görə də yerdə üçüncü üsul qalır, o da gizlənmək. Mümkün qədər gizlənməliyik. Xəstəlikdən qorunmaq üçün maska taxmaq kimi sadə bir üsul var. Bu sadə üsuldan biz nə üçün istifadə etməyək? Bu günə kimi dövlət qurumlarından heç bir səlahiyyətli nümayəndə deməyib ki, hansı maskanı neçə saat taxmaq olar? Bu barədə müxtəlif fikirlər var. Maskalar televiziyada nümayiş olunsun və məlumat verilsin ki, hansı maskadan necə istifadə etmək lazımdır".

E.Hüseynov vurğulayıb ki, maskaların yuyulub, ütülənib yenidən istifadə edilməsi barədə məlumatlar var: "Birmənalı şəkildə buna mövqe bildirmək lazımdır. Maskaların müxtəlif parçadan tikilməsi və taxılması məsələsi də var. Buna son qoyulmalıdır. Səlahiyyətlilər maskaların 3 qatdan ibarət olduğunu və arasında toxunulmamış keçəyə bənzər bir material olduğunu göstərilməlidir. Bilinməlidir ki, hansı maska insanları qoruyur. Bu kimi məsələlər öz həllini tapmalıdır. Cəmiyyət əgər hökumətin apardığı işə müsbət dəstək verərsə, mütləq məsələ kökündən asanlıqla həll olacaq. Sonda isə bir fikrimi qeyd etmək istəyirəm ki, müxtəlif ailə başçılarının, prezidentlərin, kralların öz ailələri, millətləri üçün çox gözəl fikirləri ola bilər. Lakin o fikirlər ailə üzvləri tərəfindən dəstəklənməsə, elə xəyal olaraq qalar. Bu məsələ kiçik dövlət olan ailədən, taki böyük cəmiyyətlər və dünyaya aiddir. Biz elə etməliyik hökumət tərəfindən başladılan məsələ cəmiyyət tərəfindən dəstəklənsin".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə