“Vətəndaşlarımız karantin rejimi üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər" - Nazir

“Xüsusi karantin rejiminin pozulması halları, təəssüf ki, hələ də qeydə alınır”.

SİA xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib.

O bildirib ki, yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, postlardan qanunsuz olaraq keçməyə cəhd göstərən, fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələbləri pozan insanlar, iaşə müəssisələri üçün elan edilən qaydalara riayət etməyən obyekt sahibləri, lüzumsuz yerə nəqliyyat vasitələrindən istifadə edən sürücülər və digər pozuntular aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək onlar məsuliyyətə cəlb olunurlar:

“Vətəndaşlarımız adi və sərt karantin rejimləri üçün müəyyən edilmiş qaydalara bütövlükdə riayət edirlər. Əhalinin mütləq əksəriyyəti sosial izolyasiyanın saxlanılması, məhdudiyyətlərə və sanitar-gigiyenik şərtlərə əməl edilməsi, lüzum olmadan yaşayış yerinin tərk edilməməsi və bu kimi digər tələblərə əməl edir. Lakin onu da vurğulayım ki, vətəndaşlarımızın bir qismində şəxsi səhlənkarlıq, məsuliyyətsizlik hallarına rast gəlindi və tətbiq edilən inzibati cərimələr bu cür münasibətdən ortaya çıxan, eyni zamanda, ailələrinin, ətraflarının xəstəliyə yoluxmasına şərait yaradan acı həqiqətin nəticəsidir”.

Nazir qeyd edib ki, insanlar pandemiyaya yoluxmamaq üçün evində qalsınlar: “Ətraf mühitdən təcrid olunsunlar və beləliklə də, sağlamlığını təmin etsinlər. Əlbəttə ki, karantin ən effektiv mübarizə üsulu deyil, ancaq dünyada bundan daha yaxşı qoruyucu metod da tapılmayıb. Cərimələr də əslində, insanları bu qaydaları pozmaqdan çəkindirən səmərəli vasitədir. Yəni, cəriməyə məruz qalmamaq düşüncəsi tək bir insanı deyil, həm də onun yoluxdura biləcəyi digərlərini xilas edir.Bu həqiqəti daxili işlər orqanlarının əməkdaşları aylardır ki, əhaliyə çatdırırlar. Bizim əsas işimiz cərimə yazmaq deyil və xatırladım ki, qaydaları ilk dəfə pozanların əksəriyyətinə heç cərimə də yazılmayıb, onlara xəbərdarlıq edilib”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...