“Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” MÜSAHİBƏ + FOTOLAR

Müsahibimiz İğdırda yaradılan Ata Ocağı mədəniyyət və sənət küçəsinin ideya müəllifi, Türk mədəniyyətinin yorulmaz təbliğatçısı Coşğun Oluzdur

- Coşğun bəy, İğdırda açdığınız mədəniyyət və sənət yaradılması ideyası necə yarandı?

- İğdırın Mələkli bölgəsində atamdan qalma evimiz memari baxımdan Azərbaycan Türk memarlığına uyğun olaraq Balaxanı dediyimiz bir memari özəllik daşıyırdı. Balaxanı evlərinə bu zonada tez-tez rastlamaq mümkündür. Mən də atamdan qalma bu tarixi ev ya da digər adı ilə ocaq sönməsin deyə keçmişdən bu günə bir millət kimi necə var olmuşuq, hansı paltarları geyinmişik, kənd təsərrüfatında və mətbəxdə nələrdən istifadə etmişik, İğdırın milli – mənəvi dəyərlərin təqdim olunduğu bir etnoqrafiya muzeyi halına gətirdim və adını da Ata ocağı mədəniyyət və sənət evi qoydum, bilirsiniz ata ocağı Oğuz türklərinin mədəniyyətində ayrı bir özəlliyə sahibdir. Ayrıca olaraq, evin bağçasında hobbi kimi heykəllə məşğul olmaq üçün bir emalatxana tikdirdim. Bu emalatxanada Azərbaycan Türk tarixində adı keçən bir çox Türk hökmdarının büstünü və heykəllərini düzəltməyə başladım, gördüyümüz işlər qısa müddət ərzində sənətsevər insanların diqqətini çəkdi və bu yer tez – tez ziyarətçilərin axınına uğradı, yenə Ata ocağının paralelindəki küçədə təbiəti sevən dostlarla bir istirahət parkı saldıq, (Nuh’un İzinde Gezi Parkuru) İrəm bağlarına gedən bu istirahət parkı zaman keçdikcə təbiəti sevən dostlarımızın velosipedlə, atla və ayaqla gəzmələri üçün ən təbii məkanlardan birinə çevrildi. Ata ocağını tez – tez ziyarət edən təbiət və incəsənət sevərlər bu küçənin ola biləcəyini bizlərlə paylaşdılar. Biz də dərhal işə başladıq. Ata ocağının yerləşdiyi küçə sənətsevərlər tərəfindən mədəniyyət və sənət küçəsi kimi elan olundu, küçədə həyata keçirdiyimiz könüllü layihədə sosial mediada paylaşmağa başladıqdan sonra isə təbiətə və incəsənətə marağı olan insanların diqqətini çəkdi və onlar da könüllü olaraq gəlib bizimlə birlikdə küçənin gözəlləşməsi üçün əllərindən gələni əsirgəmədilər. Küçədə həyata keçirdiyimiz rəsm fəaliyyətlərində çalışırıq ki, Türk mədəniyyətinin izlərini daşıyan motiv və naxışlardan istifadə edək. Diqqət etdiyimiz başqa bir məqam da küçənin təbiiliyinin əsla pozulmamasıdır. Küçənin digər bir özəlliyi də başda Təbriz, Bakı olmaqla, eyni zamanda Qara dəniz, Aralıq dəniz sahillərindən və İç Anadolu olmaqla müxtəlif bölgələrindən olan gəlinlərin burda çox olmasıdır. Bu da o, deməkdir ki, burda artıq ayrı bir mətbəx mədəniyyəti, ayrı bir Novruz mədəniyyəti yaranıb, bu da küçəmizin zənginliklərindən biridir.

-Cəmiyyət, insanlar bu layihəni necə qarşıladı?

-Küçəmizi mədəniyyət və sənət küçəsinə çevirəndən sonra bunu küçəmizdə yaşayan hər kəs qəbul etdi və küçə sakinləri ilə qərara gəldik ki, küçənin divarlarını mavi rəngə, qapı və pəncərələri isə açıq mavi rəngə boyayaq, yəni küçəmizin simvol rəngi mavi və ağ rəngləri oldu. Yenə küçə sakinləri ilə qərar gəldik ki, hər kəs evinin bağça divarını sarmaşıq güləri ilə bəzəsin. Bu da çox böyük rəğbətlə qəbul olundu. Daha sonra hamı evində nə yetişdirir və ya hazırlayırsa, məsələn qaysı suyu, keçi südü, tomat, bəkməz, əriştə, lavaş, kənd yumurtası və toyuğu kimi məhsulları köhnə taxtalara vuraraq bağçalarının divarlarına asmağa başladılar. Hazırda təbii kənd məhsullarının satıldığı bir bazara çevrilməyə başladı bu küçə. Bu cür küçələrə əsasən Egey bölgəsində rast gəlmək mümkündür, amma Türkiyənin şərqində bu küçə bir ilk kimi yarandı. Həm İğdırın mərkəzindən, həm də kənardan gələn qonaq sayı hər gün artır, bu da məhəllə sakinlərini məmnun edir.

-Gələn qonaqların maraqlandıqları və sevdikləri nələr var məhəllənizdə?

- Küçəmizə gələn qonaqların ən çox maraqlandıqları Ata ocağında yerləşən İğdır başda olmaqla Naxçıvan, Güney Azərbaycan və Anadolunun tarixini, milli–mənəvi dəyərlərini özündə ehtiva edən kitabların olduğu kitabxanadır. Bundan başqa, qonaqlarımız Ata ocağında təqdim olunan tarixi qiyafələrimizi geyinib şəkil çəkdirməyi çox sevirlər. Ayrıca olaraq, məhəllə sakinləri tərəfindən yetişdirilən təbii kənd məhsulları da qonaqlarımızın maraq dairəsindədir.

- Oxucularımıza bir az da gələcəkdəki planlarınız haqqında danışardınız zəhmət olmasa…

- Həyata keçirdiyimiz könüllü layihələri çox vaxt müvafiq qurumlara təqdim edirik. Məsələn İğdırda Heydər Əliyev adına bir parkın və büstün olmasını layihəyə kimi o dövrdəki İğdır bələdiyyəsinə təqdim etdim, qəbul etdi. Hazırda İğdırda belə bir park var. Bu layihəni bələdiyyə sədrinə təqdim etdiyimiz zaman media bu layihəyə çox böyük maraq göstərmişdi. Bundan başqa, İğdırın üç ölkə ilə qonşu olduğunu nəzərə almaqla, İğdır-Naxçıvan-Təbriz adlı bir bazar qurulmasını təklif etdik və bu bazar hazırda da fəaliyyət göstərir. Həmçinin, Mələkli qəsəbəsində Mələkli sakinləri ilə birlikdə demək olar ki, ortadan qalxmaqda olan milli-mədəni zənginliyimizi - Novruz bayramını yenidən canlandırdıq və Mələklidə ənənə halına gətirdik. İnşaAllah, turizmin inkişafı ilə bağlı bir sıra layihələrimiz mövcuddur və əminəm ki, əlaqədar qurumlar bu layihələrə maraqlanacaqlar və o zaman İğdır turizmdə regionda brend-turizm halına gələcək.

- Sonda, Azərbaycandakı oxucularımıza söyləmək istədiyiniz nələr var?

- İndiyə kimi həyata keçirdiyimiz bütün layihələrdə Azərbaycan mədəniyyətini hər zaman ön planda tutmuşuq, mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlət” kəlamı hər zaman bizim yolumuza işıq tutub, gördüyümüz bütün işlərdə Türkiyəni və Azərbaycanı bir ananın iki oğlu kimi görmüşük və dili bir, keçmişi bir, mədəniyyəti bir, yolu bir bu əkiz ölkəni hər zaman eyni anda ayırmadan təbliğ etmişik, bundan sonra da bu cür davam edəcəyik. Dünyanın da qəbul etdiyi kimi “Azərbaycanın olmadığı yerdə Türkiyə var, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin heç vaxt dəyişilməyəcək, əbədi şüarımızdır.

Müsahibəni SİA üçün aldı,

Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Türkiyə Jurnalistlər Birliyinin Ankara şəhər şöbəsinin sədri, gazeteanka.com saytının baş redaktoru, yazıçı-jurnalist Oktay Hacımusalı

Bütün xəbərlər Facebook səhifəmizdə