“Turizm sahəsində kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçməyin zamanı çatıb”-DEBAT (SƏS TV)
"Millennium" Turizm şirkətinin rəhbəri Ruslan Quliyev, Kiçik Otellərin və Restoranların İnkişafına Kömək İctimai Birliyinin sədri Samir Babazadənin SİA-ya müsahibəsi:
- 2011-ci ilin Turizm ili elan olunması turizmin inkişafına dövlətin göstərdiyi böyük diqqət kimi dəyərləndirmək olar?
Ruslan Quliyev - Bəli, bu il ölkə başçısı tərəfindən 2011-ci il turizm ili elan olunub. Əslində bu tarixi bir ildir. Mən qeyd edərdim ki, bu son 10 ildə aparılan işlərin məntiqi davamı kimi qiymətləndirilməlidir. Biz turizm sektorları üçün turizm ilinə əslində 2010-cu ildən start verilib. Belə ki, "Gəlin, yeni marşrutlar kəşf edək" adı altında bir sıra proqramlar, layihələr həyata keçirildi. Ən maraqlısı alternativ turizm növləri ilə bağlıdır. Bu il yubileylərlə yadda qalır. Belə ki, cari ildə Mədəniyyət və Turizm Nazirliyinin və Turizm İnstitutunun 5 illiyi, beynəlxalq sərgi keçirilməsinin 10 illiyini qeyd edirik. Ölkə başçısının turizm sərgisinə gəlməsi bu sektora olan dəstəkdən xəbər verir. Bu ciddi bir mesaj idi. Digər sevindirici hal ondan ibarətdir ki, ikinci daxili turizm sərgisi keçirildi ki, bu sərgi xaricidən gələn qonaqlar üçün imkan yaratdı ki, Azərbaycanın bölgələrində turizmin imkanları ilə yaxından tanış olsunlar. Ötən ildən bu sərginin fərqi ondan ibarət idi ki, cari ildə keçirilən sərginin coğrafiyası genişləndirilmişdi. Belə ki, bu dəfəki sərgidə 61 istiqamət üzrə 24 ölkə hansı ki, 10 ildən bundan qabaq 2 ölkə ilə başlamışdıq, hazırda isə 24 xarici ölkə 40 şirkətin iştirakı ilə bu həyata keçirildi. Turizm sərgisi bu sektorun inkişafının aynası kimi qiymətləndirilməlidir. Sərgilər vasitəsilə sektor nümayəndələri görüşür və gələcək əməkdaşlıq konturları cızılır. Mən güman edirəm ki, bu səpgidə sərgilərin təşkil olunması və yeni, müasir standartlara cavab verən bir məkanda keçirilməsi turizmin inkişafından xəbər verir. 2011-ci il tarixi bir ildir. Ümumilikdə bu il bu sektorun inkişafında mühüm rol oynayacaq. Təbii ki, bu yaxınlarda ölkə başçısı tərəfindən bu sektorla bağlı tədbirlər planının təsdiqlənməsi gözlənilir. Proqramda turizmlə bağlı bütün aspektlər öz əksini tapıb.
- Razılaşmaq olarmı, Azərbaycanda turizm potensialı olsa da kadr çatışmazlıqları mövcuddur. Bu boşluğu aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?
Samir Babazadə- Bu il turizmin inkişafı ilə bağlı müvafiq addımlar atılacaq, mühüm işlər görüləcək. Bu tədbirlər artıq həm dövlət, həm də özəl strukturlar, QHT-lər, asossiasiyalar tərəfindən həyata keçirilir. Bəli, Azərbaycanda sovet məkanı dağıldıqdan sonra 5 ildir ki, turizm institutu yaradılıb. Bundan öncə bu sahə üçün kadrların hazırlanması olmayıb. Amma bu gün şükürlər olsun ki, kadrların hazırlanması üçün institut fəaliyyət göstərir. Bu işə xüsusi diqqət yetirmək lazımdır. Çünki hər bir sahənin aparıcı qüvvəsi onun kadırıdır. Bu sahədə nə qədər peşəkar kadrlar olsa, bu sahə sürətlə inkişaf edər. Artıq bununla bağlı mühüm işlər görülür. Biz də öz növbəmizdə bu sahədə treninqlər həyata keçiririk. Restoran işçilərinin, masa xidmətçiləri, aşbazların hazırlanması ilə bağlı treninqlər həyata keçiririk. QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən video treninqlərlə bağlı layihəmizə görə hətta qrant almışıq.
- Başa çatan turizm sərgisi təsdiqlədi ki, bəzi xarici ölkələrlə müqayisədə Azərbaycanda turizm mərkəzlərində istirahət qiymətlər çox bahadır. Bu Azərbaycanın turizmin inkişafına ziyan gətirən faktlardan sayıla bilər?
Ruslan Quliyev - Bəzən özümüzə həddən artıq tənqidi yanaşırıq. Bu bir tərəfdən yaxşıdır. Ümumiyyətlə, Azərbaycan kəlməsi gündəmə gələndən bu günə qədər bu sahənin inkişafında 4-cü mərhələdəyik. Azərbaycanda bu sektorun inkişafına müqayisəli yanaşmaq lazımdır. Hazırda kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçməyin zamanı çatıb. Biz bəzən digər ölkələrin 30-40 ildə keçdiyi yolu 10 ildə Azərbaycanda tətbiq etmək istəyirik. Amma əfsuslar olsun ki, bu mümkün bir şey deyil. Hər şeyin kökündə keyfiyyət dayanır, onun da əsası kadr potensialından asılıdır. Əgər peşəkar kadr olarsa, bütün bunları əldə etmək mümkündür. Bu il 120 uşaq diplom almalıydı, lakin onlardan 40 nəfəri kəsilib. Burada əsas bilik meyarı ön plandadır. Ona görə ki, turizmin 90 faizini insan amili təşkil edir. O ki qaldı qiymətə vaxt var idi ki, hər bir bölgədə bir otel açılırdı və onun ətrafında rəqabət aparacağı digər ikinci bir müəssisə yox idi. Amma indi bu rəqabət artır, o zaman qiymət, keyfiyyət bir-birini təqib edir. Biz müqayisəni Türkiyə ilə götürürük. Lakin gəlin hələlik özümüzü Türkiyə ilə deyil, qonşu Gürcüstanla müqayisə edək. Biz inkişaf yolu ilə gedirik. Lakin bu yöndə olan problemlərlə mən də razıyam və onların qarşısının alınması üçün lazımı işlər görməyə hazırıq. Zaman gəldikcə, otellər arasında rəqabət daha da artacaq və belə olan halda qiymətlər daha da aşağı düşəcək. Qiymətləri biz tənzimləyə bilmərik. Qiymətlər bazar qanunvericiliyinə uyğun olaraq, inkişaf prosesində tənzimlənəcək.
Samir Babazadə - Mən də razıyam ki, bu gün xarici turist Azərbaycana gəlmək istədikdə hər hansı bir formada tur əldə etdikdə bizim qiymətlə baha gəlir. Biz bazar iqtisadiyyatında yaşayırıq və qiymətləri də bazar özü tənzimləyəcək. Lakin buna vaxt lazımdır. Rəqabət artdıqca qiymətlər öz yerini tutacaq. Bu yaxın gələcəkdədir. Bu uzaqda deyil, bir iki ilə Azərbaycan bölgədə turizm məkanına çevriləcək. Otel restoranlara gəldikdə burada bir qədər qiymətlər bahadır. Otellərdə təqdim olunan xidmətlərə yaşayış, yemək, otel, restoran xidmətləri, nəqliyyat, ekskursiya öz əksini tapır. Burada da qiymətlərdə bahalıq müşahidə olunur. Lakin biz bu proseslərə müdaxilə və təsir edə bilmirik.
- Ümumiyyətlə turizm sektorunda olan problemlərin həlli istiqamətində hansı təklif və fikirləriniz var?
Ruslan Quliyev- Ölkə başçısının cari ilin 6 aprel tarixində Turizmin İnkişafı ilə bağlı təsdiqlənən proqram bu sahənin inkişafında həlledici vasitə olacaq. Təbii ki, dövlət bu sektoru stimullaşdırmalıdır. Mən düşünürəm ki, bu proqramların həyata keçiriməsində sahibkarlar fondundan ayrılan maliyyə, turizm sahəsində oxumaq istəyənlərə edilən güzəştlər hesabına bu problemləri həll etmək olar.
Burada bütün özəl, dövlət, media, tələbələr birlikdə çalışmalıyıq. Mənim iki arzum var, biri Dağlıq Qarabağın geri alınmasıdırsa, digər isə Azərbaycanı turizm mərkəzinə çevirməkdir. Ölkəmizin bunun üçün hərtərəfli potensialı var. Sadəcə olaraq işləmək, irəli getmək lazımdır. Bizim bu gün nəinki geri getməyə, yerimizdə addımlamağa haqqımız yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB