Qaçqın və məcburi köçkünlərin dövlət qayğısı ilbəil artır

Qaçqın və məcburi köçkünlərin dövlət qayğısı ilbəil artır

Prezident İlham Əliyev Samux rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub. Göründüyü kimi, hansı məqamda, hansı şəraitdə, ən çətin anlarda vətəndaş amilinə, insan faktoruna qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı siyasətin mühüm prinsiplərindəndir. Məhz bu baxımdan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasətin həyata keçirilməsi ilk növbədə belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, bu siyasətin əsas məqsədi Azərbaycanda sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Söz yox ki, bu istiqamətdə də son 17 ildə mühüm və ardıcıl addımlar atılmaqdadır. O da əbəs deyil ki, Cənab İlham Əliyev hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq. Demək olar ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir .

Bildirilib ki, Samux rayonunda 459 ailədən ibarət 1603 nəfər məskunlaşıb. Onların da böyük hissəsi Kəlbəcər rayonundan olan məcburi köçkünlərdi. İnşasına bu ildən başlanan və hazırda tikintisi davam edən kompleksə rayon ərazisində daha ağır şəraitdə yaşayan məcburi köçkün ailələri köçürüləcək. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulub. Hazırda ərazidə infrastrukturun qurulması ilə bağlı intensiv iş gedir. Buraya elektrik verilişinin təmin olunması, su təchizatının qurulması, qaz xətlərinin çəkilməsi daxildir.

Qeyd edək ki, dörd hektar sahəni əhatə edən yaşayış kompleksinə 144 şagird yerlik tam orta məktəb, 50 uşaq yerlik körpələr evi-uşaq bağçası, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi daxildir. Ərazi tam abadlaşdırılacaq və yaşıllaşdırma işləri həyata keçiriləcək.

Xatırladaq ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən siyasət nəticəsində indiyədək 300 mindən çox insanın mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət büdcəsinin və Dövlət Neft Fondunun vəsaitləri hesabına indiyədək ölkədə 100-dən çox qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış massivləri salınıb.

Dünyada Azərbaycan qədər qaçqınlara diqqət yetirilmir

Bəli, bu reallıqdır. Bu reallığı bir anlığa beynəlxalq təşkilatların hesabatlarına diqqət yetirməklə aydın görmək olar. Rəsmi məlumata əsasən, hazırda dünyanın bütün münaqişə zonalarında 1 qaçqına 1 ildə sərf olunan ən yüksək vəsait Azərbaycandadır. Elə buna görədir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2012-ci ildə Azərbaycanı özünün İcraiyyə Komitəsinə üzv seçib. İndi beynəlxalq təşkilatlar tərəfindən dinamik sosial-iqtisadi inkişaf yolunda davamlı uğurların müəllifi olan Azərbaycanın qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində gördüyü irimiqyaslı işləri dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunə hesab edilir. Bu isə Ulu Öndər Heydər Əliyevin siyasi, sosial-iqtisadi strategiyasını uğula həyata keçirən Prezident İlham Əliyevin sözügedən istiqamətdə tədbirləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsinin, doğma ocaqlarından didərgin salınan soydaşlarımızın bütün problemlərinin Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilməsinin bariz ifadəsidir.

Verilən sərəncam və fərmanlar, real nəticələr...

Bütün bu uğurların təmin olunmasında heç şübhəsiz, bu təbəqədən olan soydaşlarımızın kompleks həllini nəzərdə tutan və Azərbaycan Prezidentinin sərəncamları ilə təsdiq olunmuş məlum Dövlət Proqramı və ona edilmiş əlavələr, həmçinin digər fərman və sərəncamlar, hökumət tərəfindən qəbul olunmuş müvafiq qərarlar xüsusi önəm daşıyır. Çünki əhalinin rifahının yüksəldilməsini, sosial vəziyyətinin yaxşılaşdırılmasını şərtləndirən amillərdən biri də məhz verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və bu sahənin müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

Xüsusilə də Prezident İlham Əliyev tərəfindən xalqımızın sosial təminatının gücləndirilməsi, həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində imzalanan bir çox Fərman və sərəncamlar əhalinin hədsiz sevincinə səbəb olmuşdur. Həmçinin, əhalinin aztəminatlı kateqoriyası hesab edilən qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin artırılması ilə bağlı imzalanan Prezidentin Sərəncamı da bu təbəqədən olan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması ilə yadda qaldı. Təbii ki, bütün bu addımlar cənab Prezident tərəfindən həyata keçirilən kompleks sosial islahatlar paketinin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Qaçqın və məcburi köçkünlərin, eləcə də əhalinin aztəminatlı təbəqəsinin sosial rifah halının yüksəldilməsi üçün dövlət tərəfindən kifayət qədər iş görülür. Onların sosial problemlərinin həlli isiqamətində qəbul olunan sənədlər, sosial paketlər bu qəbildən olan insanların sosial müdafiəsində mühüm rol oynayır. Azərbaycan dövlətinin iqtisadiyyatı gücləndikcə, gəlirləri artdıqca, dövlət bu istiqamətdə əldə edilən gəlirləri əsasən sosial sferaya yönəldir və vəsait hesabına qaçqın və məcburi köçkünlər üçün yeni tipli qəsəbələr salınır, məktəblər tikilir, onların müavinətləri artırılır. Sözsüz ki, qaçqın və məcburi köçkünlərlə yanaşı, sosial cəhətdən qayğıya ehtiyacı olan vətəndaşların da sosial rifah halının yüksəldilməsi üçün işlər görülür, onlara verilən pensiya və müavinətlər qaldırılır.

Prezident İlham Əliyev qaçqın və məcburi köçkünləri narahat edən problemlərin həlli istiqamətində görülən çox böyük işlərə, geniş layihələrə rəhbərlik edir. Dövlət başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqrammı»nın və sonradan həmin sənədə 2007-ci il 31 oktyabr, 2011-ci il 21 fevral tarixli sərəncamlarla təsdiqlənən əlavələrin icrası uğurla reallaşdırılıb.

Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə diqqət yetirir. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası artıq bütün dünyaya yayılıb.

Ən əsası isə, 2007-ci ildən etibarən Azərbaycanda çadır düşərgələrinin ləğvi prosesi başladı və bu proses çox uğurla başa çatdı. Qeyd etdiyimiz kimi, qaçqın və məcburi köçkünlər üçün həm paytaxtda, həm paytaxtyanı qəsəbələrdə, həm də rayon və kəndlərdə böyük qəsəbələr salınıb. Kürdəxanıda, Qaradağ rayonunda, Abşeronun Masazır, Mehdiabad, Sabunçunun Ramana qəsəbələrində müasir tipli binalar inşa olunub. İndiyə qədər azad edilən ərazilərimizdə qəsəbələr salınıb. Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb. Yüz əlli evlik Cocuq Mərcanlıda müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb.

Məcburi köçkünlərin sosial şəraiti ildən-ilə yaxşılaşır, üzləşdikləri problemlərin həllinə həssaslıqla yanaşılır. Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlar bir daha dövlətimizin onlara diqqətinin əyani ifadəsidir.

Prezident İlham Əliyev dəfələrlə "Bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir" deyib.

Artıq 17 ildir Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial siyasət bu sahədə inqilabi dəyişikliklərə səbəb olub. Atılan hər bir addım sübut edir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan öz vətəndaşlarının yüksək rifahının təminatçısıdır.

İndiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb

Göründüyü kimi, indiyədək 300 minə yaxın qaçqının və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Prezident İlham Əliyevin rəhbərliyi altında yaşanan sürətli inkişaf, məşğulluq, sosial problemlərin effektiv həlli qaçqın və məcburi köçkünlərin üzləşdikləri çətinliklərin böyük miqyasda aradan qalxmasına rəvac verib. Əlverişli sosial atmosferin yaradılması, bütün ölkə miqyasında tərəqqinin sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin məşğulluqla təmin edilməsi bu gün məcburi köçkünlərin də davamlı, sabit gəlirləri üçün əsas yaradıb. Onların qarşılaşdıqları mənzil probleminin həllinə də dövlət ən yüksək səviyyədə daim böyük diqqət və qayğı göstərib. Elə bunun nəticəsidir ki, təkcə keçən il 5 min 901 ailə və ya 27 minə yaxın məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan əlavə, müvəqqəti məskunlaşma yerlərində aparılmış təmir işləri nəticəsində 158 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Son 16 il ərzində qaçqın və məcbururi köçkünlər üçün ölkənin 30-dan çox şəhər və rayonunda Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 3,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik fərdi evlərdən, çoxmərtəbəli binalardan ibarət bu sahədə aparılan işlər nəticəsində artıq 300 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb, 103 yeni qəsəbə salınıb. Bunun da 3,3 milyon kvadrat metr yaşayış sahəsinə malik 97-si və yaxud 95 faizi son 15 ildə inşa edilib.

Heydər Əliyev Fondunun həyata keçirdiyi humanist xarakterli uğurlu layihələr

Məcburi köçkünlərin məişət problemlərinin həlli işində dövlətlə yanaşı, artıq özəl sektor da yaxından iştirak edir. "Qobu Park" köçkün şəhərciyinin açılışı bunun bariz nümunəsi oldu. Xatırladaq ki, burada mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. Ən əsası isə həmin layihə özəl sektor tərəfindən təmin edilib, tikilib və maliyyələşdirilib. Həmçinin, onu da qeyd etmək lazımdır ki, qaçqınların və məcburi köçkünlərin sağlamlıqlarının təmini, sosial durumlarının yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı da bir sıra mühüm işlər görülüb. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. 2017-2018-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 1481 mənzil, Qaradağ rayonu ərazisindəki «Qobu Park» yaşayış kompleksinin yanında 2-ci yaşayış kompleksində 1300, Dövlət Proqramının icrası üzrə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində 810, Pirallahı rayonunda 306, Şirvan şəhərində 685, Beyləqan rayonunda 146 ailəlik qəsəbə və yaşayış kompleksləridir.

Beləliklə, bütün bunlar da Azərbaycanın ilk növbədə mahiyyət etibarilə sosial dövlət olduğunu sübuta yetirir, eyni zamanda cənab Prezidentin ölkənin sosial qayğıya ehtiyacı olan vətəndaşlarına nə dərəcədə diqqət və qayğı ilə yanaşdığını göstərir. Çünki ölkə Prezidentinin siyasəitinin mərkəzində Azərbaycan vətəndaşı dayanır: «Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək…Azərbaycan dövləti və rəhbərlik bir daha göstərdi ki, hər zaman vətəndaşların yanındadır”.

Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Məhz buna görə də, qaçqın və məcburi köçkünlər əmindirlər ki, onlar Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində doğma yurdlarına qayıdacaqlar. O gün uzaqda deyil.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə