Müasir dövrümüzdə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların bəhrəsini hər bir vətəndaş həyatımında hiss edir. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırıb. Son 17 il ərzində ölüm göstəricisi azalmış, doğum və bununla bərabər, təbii artım göstəricisi yüksəlmişdir. Bu göstəricilərə görə, Azərbaycan Avropa ölkələri sırasında öndə gedir.
Təbii ki, ölkəmizdə iqtisadi sahədə həyata keçirilən köklü islahatlar makroiqtisadi sabitliyi təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini daha da gücləndirmək üçün möhkəm zəmin yaradıb. Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir.
Son illər Azərbaycan Prezidenti İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət və imzaladığı sərəncamlar bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə aparılan siyasətin əsas prioritetləridir. Vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi və müayinəsi regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların əsasını təşkil edir. Ölkəmizin hər yerində əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə-müalicəni və əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılmışdır. Ölkəmizdə 600-dən çox xəstəxana, tibb obyektin əsaslı təmir olunaraq, yenidən bərpa edilməsi fikirlərimizi əsaslandırır.
Prezident İlham Əliyevin göstərişi ilə vətəndaşların kütləvi müayinədən keçmə kampaniyası aparılıb. Azərbaycanda çoxsaylı səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqlarla təchiz edilməsi həyata keçirilir. Sabirabad, Neftçala və digər rayonlarda mərkəzi xəstəxanalar istifadəyə verilib. Bütün bu və ya digər xəstəxanalarla yanaşı, Bakıda "Ürək Mərkəzi" istifadəyə verilib. Tibb müəssisəsi də ən son elmi-texniki yeniliklərə əsaslanan texnologiya və avadanlıqlarla təchiz edilib. Müasir standartlara cavab verən mərkəz, Cənab Prezidentin vurğuladığı kimi, dünya səviyyəsində ən yüksək qiymətə layiq olan bir mərkəzdir.
Son illər talassemiyanın müalicəsi və diaqnostikası istiqamətində də mühüm tədbirlər görülüb. Prezident İlham Əliyevin 10 fevral 2015-ci il tarixli Sərəncamı ilə talassemiyanın profilaktikasının gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, bütövlükdə, talassemiya xəstələrinə göstərilən tibbi köməyin təkmilləşdirilməsini nəzərdə tutan "Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq olunmuşdu. Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hələ 2005-ci il fevralın 8-də Azərbaycanda "Talassemiyasız həyat naminə" layihəsinin həyata keçirilməyə başlanmasını elan edib. Həmin proqram Azərbaycanda bu xəstəliklə mübarizədə dönüş anı oldu. Proqramın icrası çərçivəsində 2009-cu ilin mayında Bakıda Respublika Talassemiya Mərkəzi açıldı. Bu gün ölkəmizdə 3000-dən artıq talassemiya xəstəsi və 1 milyona yaxın bu xəstəliyin daşıyıcısı var. Onu da vurğulayaq ki, bu xəstəliyin qarşısının alınması məqsədi ilə Ailə Məcəlləsinə edilən dəyişikliklər və digər normativ aktlarla bağlı qəbul edilən Qanuna görə, 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçirlər. Bu da, öz növbəsində, talassemiya xəstəliyi ilə doğulan uşaqların sayının kəskin surətdə azalmasına imkan verir. Bütövlükdə, Talassemiya Mərkəzində indiyədək 55 sümük iliyinin köçürülməsi əməliyyatı həyata keçirilib.
Əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının rolu, əlbəttə ki, əhəmiyyətlidir. Belə ki, uşaqların icbari dispanserizasiyası Dövlət Proqramı çərçivəsində uşaqlar müayinələrə cəlb olunub. Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən, ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə, əsasən, əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olmasını nəzərə alaraq, "2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı" qəbul edilib. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. Bu gün Azərbaycanda elə bir rayon, elə bir bölgə yoxdur ki, orada yeni xəstəxanalar, diaqnostika mərkəzləri açılmasın, müasir avadanlıqla təchiz olunmasın və insanların istifadəsinə verilməsin. Bütün bunlar Cənab Prezidentin səhiyyəyə qayğısının göstəricisidir.
"Əgər son illər ərzində Mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik"
Yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasına qarşı dövlətimiz tərəfinizdən bir çox mühüm tədbirlər görülüb və görülməkdədir. Bu tədbirlərdən biri də yeni tipli modul xəstəxanalarının açılması, onların müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır. Xalqımızın sağlamlığının qorunması istiqamətində Cənab Prezident səylərini əsirgəmir. Artıq ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana istifadəyə verilib. İkisi Bakıda, biri Sumqayıt şəhərində, biri Abşeron rayonunda, digəri isə Gəncədədir. Azərbaycan Prezidenti İlham Əliyev cixişlarının birində vurguladıgı kimi, bu xəstəxanaların sayı 10-a çatacaq: "Bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır. Bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında qəbul edilmişdir...Bütövlükdə deyə bilərəm ki, əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir".
Bu gün bütün dünyanı cənginə alan koronavirus pandemiyasının sürətlə yayıldığı bir vaxtda Azərbaycanda Ğənab İlham Əliyevin uzaqgörən siyasəti, qabaqlayıcı tədbirləri bir daha göstərdi ki, Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi hər şeydən üstün tutulur. Dövlət başcısının Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkı tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, bir daha sübut etdi ki, Ğənab İlham Əliyev hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür. Dövlət başcısının doğru qərarları, uzaqgörən siyasəti nəticəsində Azərbaycan xalqı tezliklə bu xəstəlikdən ən az itki ilə qurtulacaq. Özünütəcrid dövründə dövlət başcısının verdiyi hər bir qərar, imzaladığı hər bir Sərəncam Azərbaycan vətəndaşlarının yanında olduğunu, onun qayğısına qaldığını bir daha sübut etdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB