İllər gəlib keçir, zaman ötür. Həyata yeni övladlar gəlir, nəsillər bir-birini əvəz edir. Bu insanların çoxunun ömrü bir-birinə bənzəsə də, onların arasında uşaqlıqdan qabiliyyəti, coşğun həvəsi, xalqına, torpağına məhəbbəti ilə seçilən, fədakarlıq nümunəsi göstərən, şərəfli ömür yaşayanlar vardır. Həmin insanlardan biri 1941-1945-ci illər Böyük Vətən müharibəsi cəbhələrində mərdliklə döyüşən, qəhrəmanlıq, şücaət göstərərək iki dəfə ağır yaralanan, ömrünün axırınadək bədənində qəlpə dasıyan, müharibədən sonrakı illərdə Vətənə, xalqa sədaqətlə xidmət edən, polkovnik rütbəsində ehtiyata buraxılan Nüsrət Zülfüqar oğlıu Bağırovdur.
Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə Moskvada keçirilən hərbi paradda Azərbaycan Ordusu 75 nəfər hərbi qulluqçusu ilə təmsil olundu.Azərbaycanın faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verməsi bir daha fəxrlə söyləndi. Bu əlamətdar günlərdə tarixi Qələbədə payı olanlardan biri Nüsrət Bağırovun 100 illiyi qeyd edilir. Bu məqsdlə fədakar insanın həyatına aid sənədlərə baxır, cəbhə və iş yoldaşlarının xatirələrini, onun haqqında qəzetlərdə dərc olunmuş yazıları oxuyur, məlumat kitabçalarını, topluları vərəqləyir, ömrünün unudulmaz illərinin epizodlarını yenidən yada salmaq istəyirəm.
..Nüsrət Bağırov 1920-ci il iyul ayının 1-də keçmiş Qaryagin (Füzuli rayonu) şəhərində anadan olub. 9 yaşında ikən atası Züfüqarı itirib. Başsız qalmış ailə böyük qardaşı Əhəd Bağırzadənin himayəsi ilə yaşayıb.O, Bakıda yaşadığından qardaşı ailəsini də bu şəhərə köçürüb. Nüsrət Bağırov Bakıdakı 2 saylı orta məktəbdə oxuyub. Bu məktəbi bitirərək 1939-cu ildə uğurla imtahan verib, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunub. Yaxşı oxuyub, universitetin ictimai işlərində fəal iştirak edib. Komsomol komitəsinin katibi olmaqla bərabər gözəl idmançı kimi tanınıb...
...İdmana lap uşaqlıqdan maraq göstərib, futbolla ciddi məşğul olmağa başlayıb.16 yaşında Bakının “Dinamo” futbol komandasının qapıçısı, sonralar Respublika “Dinamo” İdman Cəmiyyətinin rəhbəri olub...
Nüsrət Bağırovun 71 illik ömür yolu heç də asan, maneəsiz ötüb keçməyib. Bu ömür yolunda kəskin kəsişmələr, əzab-əziyyətlər, ağır, qanlı-qadalı döyüşlər, 1418 günlük odlu-alovlu müharibə salnaməsi də yaşanıb.
...Universitetin üçüncü kursunda oxuyarkən 1941-ci ilin may ayında hərbi komisarlıqdan çağırış vərəqəsi alan Nüsrət Bağırov Qərb Xüsusi Hərbi Dairəsinə göndərilib. Təzəcə əsgərlik həyatına başlamış Nüsrət 45 gündən sonra isə müharibənin başlanması, o faciəli xəbəri orada eşidib. Növbəti bir neçə ayı tank məktəbində oxuyan gənc əsgər həmin günlərdə bir-birinin ardınca rəhbərliyə göndərdiyi raportlarda xahiş edib ki, onu döyüşən orduya göndərsinlər... Axır ki, öz istəyinə nail olub...
Nüsrət Bağırovun döyüş yolu Smolenskdən çox da uzaq olmayan Dubno kəndi yaxınlığından başlanıb. Bura müharibənin ən qaynar nöqtəsi idi. Komsomol təşkilatı katibi Nüsrət Bağırovun daxil olduğu taborun tankçıları məhz ilk dəfə bu cəbhədə döyüşə qatılıb. Savaşın ən böhranlı məqamında gənc leytenant Bağırov bacarıqla manevr edərək tankları meşə massivinə doğru aparıb və düşmənin arxasına keçə bilib. Bu cəsarətli və qəfil həmlədən hitlerçilər vahiməyə düşərək özlərini itiriblər. Bir qədər sonra taborun iki tankı özünü Bağrovun köməyinə yetirəndə döyüşçülər samanlığın ətrafında onlarla faşist meyidinin səpələndiyini görüblər. Qruplaşmağa macal tapmayan faşistlər əvvəlki mövqelərinə çəkilməyə başlayıblar...
Məhz orada Nüsrət Zülfüqar oğlu ilk döyüş sınağından çıxıb, bir tankçı kimi öz döyüş bacarığını nümayiş etdirib. Kiçik siyasi rəhbər N. Bağırov 1942-ci ilin avqustunda Dubno, Savinski və Silenki yaşayış məntəqələri rayonundakı döyüşlərdə dəfələrlə iştirak edərək “T-34” tankı heyətində hitlerçilərin bir neçə tank vuran topunu və bir taqımadək piyadasını məhv edib. Təkcə Smolensk uğrunda gedən vuruşmalarda onun ekipajı düşmənlə qeyri-bərabər, təkbətək döyüşlərdə façistlərin 7 tankını, 11 tank əleyhinə topunu, yüzlərlə əsgər və zabitini məhv edib.
...Jizdra şəhərinin şimalında gedən döyüşlər zamanı bölük komandirinin siyasi iş üzrə müavini Bağırov bölük komandiri həlak olandan sonra komandirliyi öz üzərinə götürüb. Onun cəsarəti və təşəbbüskarlığı sayəsində döyüş tapşırığı yerinə yetirilib. Göstərdiyi rəşadətə və mərdliyə görə Nüsrət Bağırov “Qırmızı Ulduz” ordeni ilə təltif olunub.
...1941-ci ilin mayında 27-ci tank diviziyasının polk məktəbində kursant olarkən onun bacarığı, siyasi sayıqlığı rəhbərliyin nəzərindən qaçmır və burada iki ay oxuduqdan sonra Qorki şəhərindəki M.V. Frunze adına hərbi- siyasi məktəbə dəyişdirilib. Hərbi -siyasi məktəbdə yarım il oxuyur və Qərb cəbhəsində 186-cı tank taborunun komsomol bürosu katibi, 248-ci tank briqadasının komsomol işi üzrə siyasi şöbə rəisinin köməkçisi təyin olunub. 1943-cü ilin mayında isə Moskva şəhərindəki sovet ordusunun Bronetank və Mexanikləşdirlmiş Ordular Akademiyasına oxumağa göndərilib. Akademiyanı bitirdikdən sonra 270-ci tank alayının qərargah rəisinin köməkçisi kimi müxtəlif cəbhələrdə onlarla döyüşdə iştirak edib. Saysız-hesabsız ağır döyüşlərin iştirakçısı olub, dəfələrlə ölümlə üz-üzə qalıb, ağır yaralanıb, kantuziya alıb, öz tələbi və xahişi ilə yenə döyüş yoldaşlarının sırasına qayıdıb.
Tankçı zabit döyüşlərdə iki dəfə yaralanıb, yandırılmış tankın içindən güclə çıxıbdır... Lakin fədakar döyüşçü müharibənin son döyüşlərinədək cəbhdə olmaq istəyinə yetə bilməyib. 1943-cü ilin payızında ağır yaralanıb və müalicə olunduqdan sonra Bakıya qayıtmalı olub.
Nüsrət Bağırov fəal komsomolçu kimi həm qaynar, odlu müharibə səngərlərində, həm də sonrakı dinc dönəmdə etimadı şərəflə doğruldub. Göstərdiyi igidliyə, cəsurluğa, mərdliyə və çəkdiyi əziyyətlərə görə 17 orden və medalla, döş nişanı və Fəxri fərmanlarla təltif edilib.
1944-cü ildən 1945-ci ilin aprelinədək Zaqafqaziya Qoşunları Hərbi Dairəsinin müdavimi olub. 1945-ci ilin aprelindən sarsılmaz mənəviyyat, vətənə sədaqət, ideoloji cəhətdən dönməzlik, mətanət nümunəsi kimi Döyüşən Ordu və hərbi komissarlığın böyük rəğbətini qazanan Nüsrət Bağırov İranın Marağa şəhərindəki qarnizonun hərbi komendatı təyin edilib. Hərbi və siyasi hazırlığı, yüksək intizamlılığı , özünə və tabeliyindəkilərə qarşı tələbkarlığı, işinə ciddi və məsuliyyətlə yanaşması, tapşırılan işi namusla və vicdanla yerinə yetirməsi həmişə ona böyük nüfuz qazandırıb.
Hitler Almaniyası üzərində Sovet ordusunun həlledici qələbəsindən sonra bir müddət partiya işində çalışıb, sonra isə daxili işlər orqanlarına göndərilib. Burada o, polkovnik rütbəsinədək yüksəlib. 20 ilə yaxın müddətdə Azərbaycan DİN Avtomobil müfəttişliyinin rəisi, Bakı Şəhər Polis İdarəsinin rəis müavini, 1968- cu ildən ömrünün sonunadək (1991) “Dinamo” İdman Cəmiyyəti Respublika Şurası sədrinin birinci müavini olaraq yüksək enerji ilə, həmişə cavan ruhla çalışıb. Polkovnik Nüsrət Bağırovun “Dinamo”ya başçılıq etdiyi dövrdə cəmiyyətin maddi-texniki bazası möhkəmlənib, idmanın müxtəlif növləri üzrə ən yüksək nəticələr qazanılıb. Respublikada idmanın inkişafına göstərdiyi qayğıya görə ona “Azərbaycanın əməkdar bədən tərbiyəçisi və idman xadimi” fəxri adı verilib.
Nüsrət Bağırov Azərbaycanımızın, xalqımızın həyatının və idman sahəsinin şərəfini qoruyub. DİN sistemi üçün saysız-hesabsız kadrların, adlı-sanlı idmançıların yetişməsində əvəzsis xidmətlər göstərib. İşdən, fəaliyyət göstərməkdən yorulmayıb. Vətənə ləyaqətlə xidmətdən sonsuz güc, ilham, böyük zövq alıb. Son dərəcə işgüzar olan Nüsrət Bağırov düzgün, ciddi, obyektiv, haqqı nahaqqa verməyən bir şəxsiyyət, gəncləri böyük məhbbətlə sevən, onlara doğru yol gostərən rəhbər, güclü iradəsi olan insan kimi yaşayıb və yaddaşlarda qalıb.
Nüsrət Bağırov ürəyində sonsuz qayğı və mərhəmət daşıyan, bu şəfqəti ovladlarına sevgi ilə ötürən fədəkar ata olub. Uzun illərdən bəri bədənində gəzdirdiyi qəlpə son vaxtlar ona çox əziyyət verirdi, hələ bu azmış kimi, ayağının birini də kəsmişdilər. Həyat yoldaşı Suğra xanımı da çox tez itirmiş, dörd övladını özü boya-başa çatdırmışdı. Xoşbəxtlikdən övladlarının hamısı xaraktercə atalarına çəkmişdi... Onların bütün arzu və istəklərinin həyata keçməsi üçün çox əziyyətlərə qatlaşmışdı...
Nüsrət Bağırovun oğlanları və qızı Vətənə ləyaqətlə xidmət edirlər. Böyük oğlu Azər elmi əməkdaşdır, tarix elmləri namizədidir, Cahangir Dövlət Təhlükəsizliyi Xidmətinin təqaüddə olan polkovnikidir, qızı Durnisə Bakıdakı 2 saylı musiqi məktəbinin müəllimidir, kiçik oğlu Faiq Bağırov diplomatdır, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisidir.
Onun həyat , kişilik, mərdlik və Vətən eşqi məktəbindən dərs alan övladları bu gün Nüsrət Bağırovun, onun böyük nəslinin adına layiq vətəndaşlar, elə arxa, dayaq ola biləcək qüdrətli oğul və qız kimi yetişərək atalarının Vətənə şərəflə xidmət yolunu davam etdirirlər.
Nüsrət Bağırovun 100 yaşı tamam olur. Böyük Vətən müharibəsinin ilk günlərindən Böyük qələbəyədək onun iştirakçısı olan bu böyük insanın qohumları, yaxınları, dostları onun ibrətamiz yolu haqqında ürəkdolusu danışırlar... Maraqlı, hadisələrlə zəngin, müstəsna dərəcədə xoşbəxt bir ömrü, həyatı Vətənin şöhrətli oğlu çox ləyaqətlə yaşayıb. Mən isə Nüsrət müəllimin ömür kitabının səhifələrini vərəqləyib bitirirəm.
Afət Sadıqoğlu,
Əməkdar mədəniyyət işçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB