Prezidentimizin qlobal təşəbbüslərinin dəstəklənməsi Azərbaycana olan etimadın göstəricisidir

Birləşmiş Millətlər Təşkilatının 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyətin Azərbaycana böyük etimadının və hörmətinin daha bir əyani göstəricisidir. Baş Assambleyanın xüsusi sessiyası koronavirus pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə imkan yaradacaq.

Dünyada koronavirus pandemiyası başlayandan bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən COVID-19-a qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.

Bundan əvvəl isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib. Eyni zamanda, Azərbaycan COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizənin ayrılıqda deyil, birlikdə mümkün olduğunu vurğulayıb. Söhbət həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə birlikdən gedir.

Dövlət başçısı dəfələrlə ümumən cəmiyyətin sağlamlığının qorunması üçün hər kəsin məsuliyyətli davranmasının, tibbi maskadan istifadə etməsinin, sosial məsafənin qorunmasının, şəxsi gigiyenaya diqqət yetirilməsinin vacib olduğunu bildirib, pandemiya ilə mübarizədə yalnız birgə səylərin nəticə verəcəyini bəyan edib. Eyni zamanda, Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri, birincisidir. Hazırda pandemiya ilə mübarizədə başqa yol da yoxdur. Qeyd etdiyim kimi, Prezident İlham Əliyev bunu Türk Şurası və Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərində də bəyan edib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130-dək dövlət tərəfindən dəstəklənməsi çox mühüm hadisədir.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-nin Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni, iyunun 27-dək təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil olunmalıdır. Həmin müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

Mikayıl Məmmədov, Maştağa bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...