Hərbi siyasət və ordu quruculuğu sahəsində verilən mesajların əsas dəyəri ondan ibarətdir ki, Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin bütün güc mənbələrini aydın təqdim etdi. Ordumuzun maddi texniki təchizatının, əsgərlərin xidmət, zabitlərin məişət şəraitinin fasiləsiz yaxşılaşdırılması, ən müasir döyüş sursatları ilə təminatı, əskərlərin döyüş və vətənpərvərlik ruhunun daim gücləndirilməsi, xalqın orduya birmənalı güvənməsi ordumuzun şəksiz güc mənbələri kimi xarakterizə edildi.
Prezident İlham Əliyev ordumuzun şəxsi heyətinin mənəvi güc və döyüş ruhunu daha da artırmaq yollarını konkret söylədi. Həqiqətən də Prezidentin dediyi kimi, əsgər və zabitlərimizin tariximiz haqqında dərin təsəvvürlərinin olması çox vacibdir. Prezident İlham Əliyev ordunun şəxsi heyətinə öyrətdi ki, hansı tarixi dəyərlər uğrunda döyüşdüyünü dərindən bilən əsgər və zabit məğlubedilməz olur. Ermənilərin əlində qalmış tarixi toponimlərimizi bilməklə bağlı Prezidentin dedikləri əsgər və zabitlərimizin öz üzərlərində səylə işləmək vərdişlərini xeyli artıra bilər. Heç şübhə yoxdur ki, Prezidentin hərbi quruculuqda vacib hesab etdiyi metodik tövsiyə və tapşırıqlar ordu rəhbərliyi tərəfindən dəqiq icra olunacaq. Ermənistandakı mövcud rejimin mahiyyəti və bununla bağlı bəzi beynəlxalq qurumların ikili yanaşmaları barədə əsgərlərimizin maarifləndirilməsi çox əhəmiyyətlidir. Prezidentin bu yöndə çıxışı əsgərlərimizdə mövcud olan rəyləri daha da möhkəmləndirdi ki, Ermənistan ordusu təkcə təcavüzkar yox, həm də oğru, rüşvətxor, talançı və cinayətkar bir dəstədir. Prezident İlham Əliyev "N" saylı hərbi hissədə çıxışı ilə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun gücünü də, Ermənistan siyasətinin gücsüzlüyünü və perspektivsizliyini də konkret göstərdi.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Azərbaycan Silahlı Qüvvələri son illərdə çox böyük inkişaf yolu keçib. Həyata keçirilən geniş miqyaslı islahatlar nəticəsində ordumuzun maddi-texniki təchizatı gücləndirilib, döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır və qarşısında duran istənilən vəzifəni icra etməyə qadirdir. Biz 2016-cı ilin şanlı aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı ordumuza böyük inam və rəğbət bəsləyir, haqlı olaraq qürur duyur. Milli maraqlarımızı qorumaq üçün daima güclü siyasi hakimiyyətə və iqtisadiyyata, güclü diplomatiyaya və güclü orduya ehtiyacımız var. Bunlar milli gücün əsas komponentləridir və müstəqilliyimizi təmin edən vasitələrdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında çıxış edərkən məhz bir daha bu məsələlərə kompleks yanaşaraq ölkəmizdə həyata keçirilən ordu quruculuğu, ordumuzun real vəziyyəti, işğalçı Ermənistanda baş verən proseslər və torpaqlarımızın erməni işğalından azad edilməsilə bağlı mühüm və aktual məsələlərə toxundu. Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündə və qüdrətindədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da onun arxasındayıq.
Məsimov Ağəli, Kürdəxanı bələdiyyəsinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB